![]() |
![]() ![]() |
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair Ramiz Qusarçaylının "Vətən" kitabının təqdimatı keçirilib. Tədbiri açıq elan edən yazıçı-dramaturq Elçin Hüseynbəyli qonaqları salamlayıb, şairin yaradıcılığı ilə bağlı düşüncələrini bölüşərək sözü iştirakçılara verib.
AYB-nin sədr müavini Rəşad Məcid şairi bu kitab münasibətilə təbrik edib, ona yaradıcılığında yeni uğurlar arzulayaraq deyib: "Biz tarixi zəfərimizlə, qələbəmizlə bağlı dəyərli bir nümunə axtarırıqsa, bu, məhz "Vətən" poemasıdır. Bu kitabdakı nümunələr həm bizim qələbəmizi daha da qiymətli edir, həm də zəfər əzmimizin nə qədər yüksək səviyyədə olduğunu bir daha xatırladır. Pandemiyadan sonra bu qədər insanı bir yerdə, həm də bir kitab təqdimatında görə bilmək, şairin hansı səviyyədə ciddi yaradıcılıqla məşğul olduğunun sübutudur".
R.Qusarçaylı haqqında fikirlərini səsləndirən Nizami Cəfərov onun yaradıcılığı ilə bağlı vacib məqamları qeyd edib: "Bu kitabla bağlı çox yerdə yığışmağımıza baxmayaraq, adam hər dəfə də təkrar bu kitabın işığında toplaşmaq istəyir. Çünki Ramiz Qusarçaylıya bu əsərə görə minnətdarlığımız hüdudsuzdur və biz onu sözlərlə ifadə edə bilmirik. Təsadüfi deyil ki, Ramiz Qusarçaylı poeziyasındakı Vətən ruhu Səməd Vurğunu xatırladır. Şahin Fazil kitab üçün yazdığı ön sözündə şairin misralarından bir çox sitat verir. Bu da əsərin gözəlliyini isbat edən amillərdəndir. Ümumiyyətlə, bu əsəri istənilən tarixçinin qarşısına qoyub "yazanda belə yazmaq lazımdır" demək olar. Şairin kitabda yazdığı hər şey dərin akademik məlumatlardır. İntonasiya, ritm, mətləb və mahiyyət elədir ki, bu şeir nümunələrini orta məktəb dərsliklərinə də vermək olar. Düşünürəm ki, bizim növbəti Xalq şairimiz Ramiz Qusarçaylı olmalıdır".
Tənqidçi Əsəd Cahangir belə bir kitab yazdığı üçün şairə təşəkkürünü bildirib: "Mənim üçün bu gün qeyri-adi bir gündür. 20 ildən artıqdır ki, ədəbi fəaliyyətlə məşğulam və hər zaman məni düşündürüb ki, şairlər niyə eqoistdirlər - ancaq öz qayğılarından yazırlar və vətən haqqında yazmağı unudurlar. Hesab edirlər ki, əsl poeziya belə olmalıdır. Çox yaxşıdır ki, Ramiz Qusarçaylı bu məcradan kənara çıxdı, özü özünə sadiq qaldı və içindən nə gəldisə, onu da yazdı. İnanıram ki, inkişafda olan gənclər də onun açdığı cığırla gedəcəklər. Ramiz Qusarçaylı Azərbaycanın elə bir bölgəsindəndir ki, orada etnik rəngarənglik var və həmin torpaqlarda öz kimliyini qoruyub saxlamaq üçün mübarizə şərtdir. Rahat şəkildə deyə bilərəm ki, bu həcmdə, bu mükəmməlikdə təqdim olunan ədəbiyyat tarixin qarşısına keçdi".
Filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova şairin yaradıcılığı haqqında fikirlərini bölüşüb və təmsil etdiyi qurum adından ona fəxri fərman təqdim edib.
Kitabın ön söz müəllifi, şair Şahin Fazil Ramiz Qusarçaylıya həsr etdiyi şeirləri oxuyub, ona bu yolda uğurlar arzulayıb: "Heç bir şair Azərbaycan tarixini nəzmlə yazmayıb. Həqiqətən də dəyərli bir kitabdır və dəyərinə görə də biz burada toplaşmışıq. Çox sevinirəm ki, belə bir şair də, belə bir kitab da bizimdir, bizimlədir".
Tədbirin sonunda şair tədbir iştirakçılarına, yaradıcılığı barədə fikir söyləyənlərə minnətdarlığını bildirib: "Bir daha hər birinizə təşəkkür edirəm. Bu kitab artıq təkcə mənim yox, bütün Azərbaycanın kitabıdır. Bu gün vətən günüdür. Özümü rahat hiss edirəm ki, belə bir gündə mənim ünvanıma xoş sözlər deyilir".
525.az