![]() |
![]() ![]() |
“Kanal 13” internet televiziyasında özünü Vüsalə Abdullayeva kimi təqdim edən xanım Azərbaycan Yazıçılar Birliyi, Birliyin rəhbərliyi haqqında həqiqətə uyğun olmayan ifadələr işlədib. Başdan ayağa şər-böhtan, təhqir dolu ifadələrdən ibarət olan bu müsahibəni internetdə canlı yayım açaraq təqdim edən kanal 13-ün faktı dəqiqləşdirməməsi, qarşı tərəfin mövqeyini öyrənməməsi, üstəlik ölkənin tanınmış, nüfüzlü şəxslərini gözdən salmağa imkan yaratması jurnalist peşə etikasına yaraşmır və böyük təəssüf hissi doğurur. Əslində 47 dəqiqəlik video çəkilişin hər bir dəqiqəsi “Kanal 13”ü məhkəməyə vermək üçün ciddi əsas yaradır. Bildiririk ki, özünü 2006-cı ildən 2016-cı ilə qədər Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin əməkdaşı kimi təqdim edən bu xanım 1934-cü ildən indiyənə qədər bir gün belə bu qurumda çalışmayıb. Nə ştatlı əməkdaş kimi, nə də ştatdan kənar əməkdaş olaraq. Dəqiqləşdirməmiz nəticəsində məlum olub ki, onu bir neçə dəfə Natəvan klubunda keçirilən tədbirlərdə görüblər. Hansı statusda, hansı məqsədlə bunu tədbiri təşkil edən və onu dəvət edənlər daha yaxşı bilər.
Bundan başqa xanımın qeyd etdiyi bütün “faktlar” onun beyin “məhsulundan” başqa bir şey deyil. Bir-bir sadalamağa gərək duymuruq, əvvəldən sona qədər bütün dedikləri uydurmadır.
Azərbaycan Yazıçılar Birliyinin
Mətbuat xidməti