![]() |
![]() ![]() |
1992-ci ildə BMT Baş Məclisinin qərarı ilə dekabr ayının üçünün "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edilmişdir. Əlilliyi olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası 2008-ci ildən BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyaya qoşulub. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi də ənənəvi olaraq hər il bu günü müxtəlif tədbirlərlə qeyd edir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Sədri Tahir Xudiyevin təşəbbüsü ilə bu il Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi, Xalq yazıçısı, hüquq elmləri doktoru, Azərbaycanın dünya şöhrətli detektiv yazıçısı, nasir, publisist Çingiz Abdullayevlə birgə “3 dekabr-Beynəlxalq Əlillər Günü” ilə əlaqədar tədbir təşkil edildi. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbiri giriş sözü ilə Çingiz Abdullayev açaraq 30 noyabr 2021-ci il tarixində helikopter qəzasında həlak olmuş 14 nəfər hərbçilərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Bundan sonra Azərbaycan Respublikasının Himni səsləndirildi, Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün fəaliyyət göstərən 3 saylı İnternatın şagirdləri xüsusi jestlərlə Himni ifa etdilər, öz ürək sözlərini bildirdilər.
Çingiz Abdullayev tədbir iştirakçılarını şanlı zəfərimiz münasibətilə təbrik etdi: “Müasir gənclərin formalaşmasında yazıçıların böyük əməyi var. Yazıçılar qələmə aldıqları əsərləri ilə xalqı, xüsusən də gəncləri vətənpərvərlik ruhunda tərbiyə edirlər. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz torpaqla bərabər xalqın namusunu, qeyrətini qaytarıblar. Torpaqlarımızın erməni tapdağı altında olan 30 il ərzində biz xeyli şəhid vermişik. Mən hər zaman çıxışlarımda qeyd etmişəm ki, yazıçı xalqının əbədiyyətdə vəkilidir. Hər bir yazıçının öhdəsinə düşən başlıca vəzifə öz mövqeyini qələmə aldığı əsərlərdə yazmaq, xalqa çatdırmaqdır”.
DOST Agentliyini təmsil edən Leyla İmanova Çingiz Abdullayevin əlilliyi olan insanlara göstərdiyi bu diqqət və qayğısına görə minnətdarlığını bildirdi.
Qarabağ qazısı, hərbi hissə komandiri Xudu Xudiyev, BƏC İB İdarə Heyəti üzvləri- Zərnişan Turan, 2-ci qrup əlil Xatirə Cabbarzadə və 1-ci qrup əlil Saleh Əzizli, eləcə də Gözdən Əlillər Kitabxanasının əməkdaşı, 1-ci qrup gözdən əlil Nazlı Əliyeva, Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 saylı İnternatın müəllimi Günel Kərimova əlilliyi olan insanların mövcud problemlərindən danışdılar və onların həll olunması üçün dövlət təşkilatlarının lazımi tədbir görmələri üçün təkliflərini bildirdilər.
Tədbirdə ƏN Penitensiar Xidmətinin əməkdaşı İlham Bədəlov, Birinci Qarabağ döyüşçüsü, şair Maşallah Məftun, yazıçı Seyran Səxavət, BƏC İB-in Qarabağ Regionu üzrə Nümayəndəliyinin rəhbəri, İdarə Heyəti üzvü Həsənağa Bayramov, BƏC İB-in Ağsaqqallar Şurasının üzvləri – Dilsuz İsmayılov və ADNSU-nun dossenti Cavid Əsgərov da çıxış etdilər.
1-ci qrup əlil, istedadlı gənc rəssam Ramil Əhmədovun nümayiş olunan yağlı boya ilə işlənmiş əsərləri hamını heyran etdi, Çingiz Abdullayev bu əsərlərin gözəlliyini xüsusi vurguladı.
Tədbirdə Ombudsman Aparatı, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Statistika Komitəsi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi və digər dövlət təşkilatları, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, eləcə də icmaiyyət və KİV nümayəndələri iştirak edirdilər.
Sonda BƏC İB-in sədri Tahir Xudiyev çıxış edərək təbdirin keçirilməsinə dəstək olduqları üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, Çingiz Abdullayevə təşəkkürünü bildirdi.
Məlahət Qənbərova