Azərbaycanlı şairə Zərəngiz Dəmirçi Qayalının “Zəfər sədası” kitabı Türkiyədə işıq üzü görüb. Ankaradakı “İksad Yayın evi”ndə nəşr edilən kitabın əsas mövzusunu qələbə ruhlu poeziya nümunələri təşkil edir.

AZƏRTAC xəbər verir ki, kitabdakı şeirlərdə Vətənə, torpağa, xalqa sevgi, yurda bağlılıq mövzuları əsas yer tutur. Şairə hər zaman yaradıcılığında gəncləri Vətəni, torpağı sevməyə çağırıb. Onun “Qələbə köynəyi”, “Zəfər sədası”, “Hücum marşı”, “Qisas”, “Şuşa”, “Qarabağ”, “Vətən keşikçisi”, “Qələbə gətirdin” və digər şeirlərində könüllü qəhrəmanlıq, torpaq sevgisi, qələbəyə ümid, yüksək mənəvi-psixoloji keyfiyyətlər təbliğ olunur. Kitabda şairin son dövrlərdə yazdığı şeirlər, poemalar toplanıb.

Yeni nəşrdə müəllifin Xalq şairi Rəsul Rzaya həsr olunmuş “Hər ömür bir nəğmə”, unudulmaz şairə Nurəngiz Günə həsr edilmiş “Tənha qayıq”, Xalq şairi Vaqif Səmədoğluna ithaf olunmuş “Getdi”, Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş “Adının üstündə böyüyən igid” də daxil olmaqla 11 poeması, 160-dan çox şeiri, balladaları toplanıb. Kitabın redaktoru və “Ön söz”ün müəllifi akademik, Mili Məclisin deputatı Nizami Cəfərovdur.

Kitabda müəllif həmçinin türkün, türkçülüyün təbliğinə böyük yer verib. Qarabağ savaşında bizimlə birgə mücadilə edən, 44 günlük zəfər yürüşümüzdə bizimlə birgə addımlayan türk qardaşlarımıza sevgi tərənnüm olunub. Türk qardaşlığına həsr olunan “Adım böyük Turan oldu”, “Türkəm”, “Türknamə”, “Mən bir türk qızıyam” kimi şeirləri toplanıb. Həmçinin kitabda türkün zəfər sədasını əks etdirən “Zəfər sədası Çanaqqala-100”, “Kazım Qara Bəkir Paşa” kimi poemalar da yer alıb.

Müəllifin bacısı, Milli Ordunun könüllü döyüşçüsü, şəhid Vəfa Dəmirçioğlunun xatirəsinə həsr etdiyi 470 səhifəlik kitabın naşiri İbrahim Kaya, ideya müəllifi həmyerlimiz, sənətşünaslıq elmləri doktoru, Qaziantep Universitetinin professoru İlqar İmamverdiyevdir.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə