![]() |
![]() ![]() |
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsi və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin Mərkəzi kitabxanasının Oxu zalının əməkdaşı Tərifə Abbasovanın təşkilatçılığı ilə ZOOM proqramı vasitəsilə “DAİM YAŞAR ƏDƏBİYYAT” adlı görüş keçirildi.
Görüşdə dünya şöhrətli detektiv yazıçı, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, Türkiyə Avrasiya Yazıçılar birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, tanınmış teatrşünas-tənqidçi Anar Bürcəliyev, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimli, şair Aləmzər Əlizadə, şair-publisist, AMEA M.Fizuli adına Əlyazmalar İnstitunun dissertantı, Bakı Dövlət Universitetinin müəllimi, Elmi-Tibbi kitabxanada şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili, Qax rayon MKS-nin direktoru Güllü Əhmədova, şair Bədirə Həsənqızı Niftəliyeva, şair Eltun Türkel, Qax rayon MKS-nin əməkdaşı Abakarova Sevinc, Gəncə şəhər MKS-nin direktoru, Əməkdar mədəniyyət işçisi Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova və digərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə Mərkəzi Kitabxananın Oxu zalının əməkdaşı Tərifə Abbassova açıb tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, yazıçılıq ictimai peşə hesab edilsədə, bu peşə sahibinin qələmə aldığı fikirlər cəmiyyətin təfəkkür tərzini formalaşdırır, onların həyat üslubuna təsir göstərilir.
Görüşdə xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayaraq onlara öz ürək sözlərini yetirmiş və Azərbaycanda PEN klubun yaranmasından danışmışdır. Çingiz Abdullayev çıxışının sonunda AYB Gəncə bölməsinə, Gəncə MKS-nın rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şair-dramaturq Xəzangül Hüseynova çıxışında bildirdi ki, bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) – ilk hərflərdən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.
PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzündən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə “Yazıçı Günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün qeyd olunur. Bayramı keçirtməktə məqsəd “Dördüncü hakimiyyət”in – demokrativ mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır. Xəzangül xanım çıxışının sonunda xalq yazıçısı Çingiz Abdullayevə tədbirə qatıldığına görə təşəkkür etdi.
Tədbirdə çıxış edənlər Gəncə ədəbi mühitinin inkişaf mərhələləri və formalaşması istiqamətində uğurlardan, eləcə də, yaradıcılığ uğurlarından söhbət açmış, şairlər şeir parçaları söyləmişlər.
Görüşün məqsədi yazaraları bir araya toplamaqla ədəbiyyatımızda yeni janr ənənələri və oxucu münasibəti eləcə də, kitabxanalara onlayn marağın artırılması, həmçinin, yazarlar gününün qeyd edilməsi ilə bağlı idi.
Sonda maraqlı görüş üçün Gəncə MKS-nin direktoru Elmira Əliyeva və direktor müavini Fəridə Qədimova, AYB-nin Gəncə bölməsinə və tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.
AYB GƏNCƏ BÖLMƏSİ
Gülay Tahirqızı