Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin sədri, tanınmış yazıçı Asif Cəfərli dünyasını dəyişib. 
Asif Musa oğlu Cəfərov 1959-cu ildə Beyləqan şəhərində anadan olub. “Rəsul Rza” mükafatı laureatı, Prezident təqaüdçüsü və “Novator” qəzetinin təsisçisi və baş redaktorudur.
O, Gəncə Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Beyləqan rayon Komsomol komitəsində, 181 №-li TPM-də dərs hissə müdiri, Beyləqan rayonu İcra Hakimiyyətində baş məsləhətçi, Ağcabədi Pedaqoji Texnikumunun Beyləqan filialında müəllim və 1994-cü ildən Beyləqan rayon Allahyarlı kənd tam orta məktəbində tarix müəllimi işləyib. 
“İlin ən yaxşı pedoqoji mühazirəçisi” və “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsinin qalibi olmuşdur. Elmi məqalələri, nəsr əsərləri və şeirləri mütəmadi olaraq dövrü mətbuatda dərc olunub. Azərbaycan radio və televiziya kanallarında ədəbiyyatımızın keçmişi, bu günü və tarixi mövzularında silsilə çıxışlar edib.
“Beyləqan V-VII əsrdə”, “Beyləqan VII-XIII əsrdə” “Vətən haradan başlayır”, “Ömrün karvan yolu”, “Xürrəmiliyə gedən yol”, “Qəssab Müsafir”, “Ana həsrəti”, “İslamın böyük övliyası”, “Qarabağda xiristian abidələrinin öyrənilməsi”, “Erməni xisləti, erməni yolu”, “Dünyanı əbədi məhəbbət yaşadacaq”, “Dünya bizə görüş yeri”, “Salam Dünya”, “Sevgim Allaha qədər”, “Ruhum mənim qonağımdı”, “Bu da bir yaşamdı”, “Həqiqət sübh işığı”, “Dağlar oğlu”, “Mücirəddin”, “Beyləqan Səlnaməsi”, “Günahlara pəhriz tutaq”, “Mükafatdan yaranmış dövlət”, “Səma şairi” kitablarının müəllifidir.
Beyləqanın maddi və qeyri maddi mədəniyyəti ilə bağlı olan əsərləri Mədəniyyət və Turizm Nazirliyinin saytına yerləşdirilmişdir.
A.Cəfərli bir dramaturq kimi Azərbaycan Ədəbiyyatına töhfələr vermişdi. Onun “Xocalının naləsi, ananın fəryad səsi”, “Ay şəhid Qaradağlım, şəhid Qarabağlım”, “Ana həsrəti”, “Sən qalib gələcəksən”, “Apar məni yurduma”, “Dağlar oğlu”, “Şəhidlər torpağın daş kitabəsi” əsərləri Beyləqan, Füzuli, Lənkəran, Ağdam Dövlət Dram və Xalq Teatrlarında, “N” saylı hərbi hissələrdə səhnəyə qoyulmuşdu. “Apar məni yurduma” pyesi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin keçirdiyi Vətənpərvərlik mövzusunda müsabiqədə yer tutuaraq Azərbaycan Dövlət akademik Dram Teatrında oynanılmışdır.
O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Dövlət Sərhəd Qoşunlarının Fəxri Fərmanları, “Vətən naminə” və “Fədai” medalları ilə təltif edilmiş, AYB-nin Beynəlxalq Şairlər Günü münasibətilə keçən tədbirdə M.Müşfiq, Azərbaycan-Türkiyə Ədəbiyyatının inkişafında göstərdiyi fəaliyyətə görə İLESAM mükafatlarına layiq görülmüşdür.
Allah rəhmət eləsin!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə