![]() |
![]() ![]() |
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı ilə görkəmli şair Bahadur Fərmanın 80 illik yubileyi ilə əlaqəli anım günü keçirildi.
Anım gününü AYB Gəncə bölməsinin sədri, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açaraq, şairin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.
O, Bahadur Fərmanın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən, şəxsiyyətindən ürək dolusu danışıb, şeirlərindən nümunələr səsləndirdi. Xəzangül qeyd etdi ki, Bahadur Fərman hansı mövzudan yazırsa yazsın öz poetik duyğularını yüksək səviyyədə ifadə etməyi bacarır. Durnalar haqqında şox şeirlər yazılıb, ancaq mərhum şairin “Durnalar köç edir” şeiri orjinallığı ilə seçilir:
...Durnalar köç edir, köç edir bu gün,
Lələyi düşəcək dərəyə, dağa.
Gedirlər baharda yaşamaq üçün,
Gedirlər yenidən qərib olmağa.
Şair Saleh Qurbanov B.Fərmanın seçmə şeirlərinin məziyyətlərindən danışdı, onların yüksək bədii keyfiyyətlərini vurğuladı. Şairin müharibə mövzusundakı əsərlərində təzəliyin, yeni fikirlərin ustalıqla qələmə alınmasını aşağıdakı misalla yekunlaşdırdı:
...Yüz qurban kəsərəm qayıtsın təki,
Balamın boynuna dolansın qolum.
Yolları gözümün içindən çəkin,
Görüm hansı yolla qayıdır oğlum.
Şair və yazıçılardan Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Rəfiqə Sadıqova, Zaur Quliyev, Sahib İbrahimli, Fazil Sənan, İnqilab İsaq, Ofelya Mədətqızı, Aləmzər Əlizadə, Oqtay Abdulla, Bayram Göyçəli, İlham Musa oğlu, Qivami Qazıyev, İmamverdi Məmmədov, Ramiz Təmkin, Əfəndi Hacıyev şair haqqında xatirələrini danışdı və ona həsr etdikləri şeirlərini söylədilər.
Bahadur Fərmanın ailə üzvləri və qohumları onun haqqında unudulmaz xatirələrini dilə gətirdilər.
Tədbirin sonunda Bahadur Fərmana həsr olunmuş guşəyə baxış keçirildi və xatirə şəkilləri çəkildi.
AYB Gəncə bölməsi