![]() |
![]() ![]() |
Oktyabrın 12-də ə "Deaf Community MMC" və "Ümid var" xeyriyyə könüllüləri təşkilatı Bakı Kitab Mərkəzində jestlər vasitəsilə "Sevginin dili yoxdur" adlı poeziya gecəsini keçiriblər.
Tədbir Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsinin iştirakı ilə baş tutmuşdur.
Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı çıxışında qeyd etmişdir ki, ölkəmizdə fiziki məhdudiyyətli insanların asudə vaxtlarını keçirmək istiqamətində çox mühüm layihələr icra olunur.
Poeziya gecəsini layihənin rəhbəri, tanınmış şairə Nigar Həsənzadə aparmışdır.
Xalq şairləri Fikrət Qoca və Nəriman Həsənzadə, alim Xatirə Həsənzadə, Cənubi Azərbaycandan şair, professor Ağşın Ağkəmərli və başqaları çıxış etmişlər.
Tədbirdə eşitmə məhdudiyyətli gənclərin və komandanın könüllülərinin ifasında Azərbaycanın dövlət himni, xalq şairləri Nəriman Həsənzadə və Fikrət Qocanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri həm jest dilində həm də səsli şəkildə təqdim olundu.
Jest dilinə tərcümə Deaf Community MMC”-nin pedaqoq-təlimçisi, mütəxəssis Turan Məmmədli və surdo-tərcüməçi Yeganə Tağızadə tərəfindən icra olunmuşdur.
Həmçinin, tədbirdə "Deaf Community MMC”-nin rəhbəri Nuranə Abıyeva İmadəddin Nəsiminin “Ey bülbüli tələb eylə” qəzəlini jest dilində təqdim etdi.
"Deaf Community MMC" şirkətinin rəhbəri Nuranə Abıyeva və "Ümid var" xeyriyyə könüllüləri təşkilatının rəhbəri Nazilə Məhərrəmova tədbirin mahiyyətindən danışdılar.
Sonda təşkilatçılar Bakı Kitab Mərkəzinə, ağsaqqal şairlərə və bütün qonaqlara təşəkkürlərini bildirdilər.
Fikrət Qoca:
"Bakı Kitab Mərkəzindəki görüşdə Ayan Məmmədlinin ifasını dinləyərkən düşündüyüm şeirlər"
Tavandan sükut yağır;
Piano qarşısında
Yarı qapalı gözlər,
Gözlər qəlbinə baxır...
Ağ, zərif barmaqlardan
Sehirli səslər axır...
Barmaqlar özü çalır,
Özləri də rəqs edir.
Rəqs edən barmaqların
Şirin ayaq səsləri
Mənim qəlbimə yağır,
Qəlbimdən axıb gedir.
Allahım, bu nə duyğu?
Nə möcüzə, nə səsdir?
Ürəyim deyinir ki,
Sinəm nə dar qəfəsdir!
Qanad açmaq istərəm,
Uçmaq, uçmaq istərəm,
Yerdən, göydən, dünyadan
Özümdən də qaçıram!
Uçuram daha bəsdi!
Sığmıram bu həyata,
Uçuram kainata!
Birdən musiqi kəsdi,
Alqışlara boyandı.
Axı çalan Ayandı.
Mənim ağlım oyandı.
Əgər ruhum uçsaydı,
Həkim baxıb deyərdi:
– Onsuz da bəlli idi,
Özü bir az dəliydi,
Ürəyi zədəliydi,
Hardasa ölməliydi,
Gəldi burda dayandı.
13.10.2019