Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin "Keçmişə ehtiramla, gələcəyə inamla!" layihəsi çərçivəsində növbəti tədbiri keçirilib. Budəfəki tədbir tanınmış yazıçı-jurnalist Rafiq Hacıyevin 65 illik yubileyinə həsr olunub.

 

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri, jurnalistlər, sənət adamları və yubilyarın qələm dostları iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə layihə haqqında geniş məlumat verib. Daha sonra Rafiq Hacıyevin həyat və yaradıcılığından danışarkən onu Azərbaycan jurnalistikasında özünəməxsus dəsti-xətti, yazı duyumu olan qələm sahibi kimi dəyərləndirib.

Qeyd edib ki, Rafiq Hacıyev 1975-1980-ci illərdə indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Tələbə ikən "Kommunist" qəzetində çalışan R.Hacıyevin imzası da məhz burada tanınmağa başlayıb. Uzun illər qəzetdə müxbir, baş müxbir, məsul katib müavini və məsul katib vəzifələrində çalışıb. Eyni zamanda, "Səhər" qəzetinin də məsul katibi olub.

Rafiq Hacıyevin illərdən bəri Azərbaycan jurnalistika və publisistika sahəsində yorulmadan çalışdığını deyən M.Süleymanzadə onun portret yazılarını xüsusi vurğulayıb. Qeyd edib ki, yubilyar publistik və ədəbi-bədii yazılarına görə müxtəlif zamanlarda "Həsən bəy Zərdabi", "Cəfər Cabbarlı", "Rəsul Rza" Ədəbi mükafatlarına layiq görülüb.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxışında Rafiq Hacıyevin yaradıcılığı haqqında fikirlərini bölüşüb. R.Hacıyevi ən məhsuldar jurnalistlərdən biri kimi dəyərləndirən Ə.Amaşovun çıxışından sonra yubilyara "Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə" Mətbuat Şurasının diplomu təqdim olunub.

Millət vəkili Çingiz Qənizadə deyib ki, R.Hacıyev istedadı, peşəkarlığı ilə yanaşı, zəhmətkeşliyinə görə də seçilir. Onun vətənə, millətə, milli-mənəvi dəyərlərə, muğama, musiqimizə sevgisi, diqqəti hər zaman gənclərə örnək olmalıdır.

Millət vəkili, yazıçı Aqil Abbas çıxışında R.Hacıyevin muğama, musiqiyə sevgisindən danışaraq bildirib ki, onun yazılarında muğamın ecazkar səsi, Azərbaycan musiqisinin gözəlliyi eşidilir. Aqil Abbas çıxışında yubilyara "Əməkdar jurnalist" adının verilməsini təklif edib.

Rafiq Hacıyevi jurnalistikanın "təmiz nəfəsi" adlandıran professor Qulu Məhərrəmli çıxışında onun yaradıcılığını sistemli şəkildə oxuduğunu deyib: "Hərdən Rafiq Hacıyevin yazılarını toplayıb birdən oxuyuram. Onun publisist yazılarını bu cür sistemli şəkildə oxuyanda sanki bir roman, iri həcmli bədii əsər oxuyursan. Onun yazılarının özünəməxsus dili var. Bu cür bədii, obrazlı dil jurnalistikamızın uğurudur".

Daha sonra qonaqlardan Şəmsiyyə Kərimova, İlqar Həsənov, Oqtay Rza, Adil Cəmil, Maşallah Məftun, İlham Abbasov, Ramiq Muxtar, Şahin Abbasov, Əhməd Məmmədov, Tofiq Kərimov, Tahir Aydınoğlu və başqaları çıxış edərək Rafiq Hacıyevin yaradıcılığı, şəxsiyyəti haqqında xoş sözlərini çatdırıb, onu yubileyi münasibətilə təbrik ediblər.

Sonda söz alan yubilyar ona göstərilən bu diqqətə görə Azərbaycan Mətbuat Şurasına, şuranın Ahıl Jurnalistlər Məclisinə, tədbirdə iştirak və çıxış edənlərə təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə