Noyabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir və Güləmail Muradın «Aprel döyüşləri» kitabının təqdimat mərasimi keçirilib. Öncə tədbir iştirakçıları Dövlət himnini oxuyub. Sonra Güləmail Muradın sözlərinə Hüseyn Sözlünün bəstələdiyi «Azərbaycan bayrağı» marşı səsləndirilib. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca tədbir iştirakçılarını bu şərəfli gün münasibətilə təbrik edib. Müəllifin Dövlət Bayrağının 100 illiyinə hədiyyə etdiyi «Aprel döyüşləri» kitabının məziyyətlərindən söz açıb və Qarabağ mövzusunun qələm sahibləri üçün ən vacib mövzulardan biri olduğunu vurğulayıb. Tədbirin aparıcısı tənqidçi Əsəd Cahangir şəhid Milli Qəhrəmanlarımız Murad Mirzəyevin atası Telman Mirzəyevi və Samid İmanovun atası Gülağa İmanovu salamlayıb, sözü şair Güləmail Murada verib. Güləmail Murad Aprel döyüşlərindən bu yana Milli Qəhrəmanlarımız və onların silahdaşlarının döyüş yollarını işıqlandıran üç kitab nəşr etdirdiyini, oxucuların marağını nəzərə alaraq, üç əsəri bu gün trilogiya şəklində təqdim etdiyini bildirib. Çıxış edənlərdən Qulu Ağsəs, Sayman Aruz, Ofelya Babayeva, Arifə Arif, Elnur Uğur, Fəridə Ləman, Fərqanə Mehdiyeva və başqaları  Güləmail Muradı təbrik edərək Aprel döyüşlərinin əhəmiyyətindən, xalqımızın öz igid övladlarını heç vaxt unutmayacağından, ordumuzun qələbə əzmindən danışıblar. Daha sonra 169 saylı məktəbin şagirdləri Güləmail Muradın şeirləri əsasında hazırladıqları kompozisiyanı təqdim ediblər. Sonda şəhid ataları – Telman Mirzəyev və Gülağa İmanov tədbirin təşkilatçılarına, kitabı ərsəyə gətirənlərə təşəkkürlərini bildiriblər.

 

AYB.az


 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə