Mayın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair Yusf Həsənbəyin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, şairin poeziyasını sevərlər və media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid Yusif Həsənbəyin həyat və yaradıcılığından danışıb, onu gözəl şair və Azərbaycan musiqisində özünəməxsus yer tutan bir çox mahnıların mətn müəllifi kimi xarakterizə edib. Katib çıxışında Y.Həsənbəyin sözlərinə bəstəkar Rauf Hacıyevin musiqisini yazdığı "Saçlarına gül düzüm" mahnısını xatırlayıb, mahnının maraqlı yaranma tarixçəsinə toxunub.

Y.Həsənbəyin öz yubiley tədbirində AYB-nin sədri, Xalq yazıçısı Anarı görməyi çox arzuladığını deyən R.Məcid çıxış üçün ilk sözü də Xalq yazıçısına verib.

Yubilyarla ilk tanışlığını, gənclik illərini xatırlayan Anar onun ən qədim dostlarından biri olduğunu vurğulayıb: "Yusif Həsənbəy ədəbiyyata məndən bir az əvvəl gəlib. Demək olar ki, elə biz eyni vaxtda ədəbi fəaliyyətə başlamışıq. Ona görə də bir-birimizin yaradıcılığına və keçdiyi yola daha yaxından bələdik. Bizi birlikdə tənqid ediblər. Yusifi atam Rəsul Rzanın da sevimli şairi idi. Atam onun şeirləri, yaradıcılığı ilə tanış idi. Yusifin ədəbi fəaliyyəti təkcə şeirlə yekunlaşmır. O həm də çox gözəl nəsr əsərlərinin müəllifidir. Onun nəsrində də poeziyaya xas bir poetiklik, rəvanlıq var".

AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca çıxışında yubilyarı gözəl insan, gözəl dost və zəhmətkeş şair kimi xarakterizə edib. Deyib ki, Yusif həm də gözəl mahnı mətnlərinin müəllifidir.

Şairi 85 yaşı münasibətilə təbrik edən Xalq şairi Sabir Rüstəmxanlı onun öz üslubu, dəsti-xətti olan şair olduğunu deyib: "Yusif müəllim mənə zəng edib 85 illik yubiley tədbirinə dəvət etdiyini deyəndə çox təəccübləndim. Mən onun bu qədər yaşı olduğunu heç düşünməzdim. İllərdir onu elə bu cür cavan görmüşəm, cavan tanımışam. Bu da onun saf, təmiz xarakterindən irəli gəlir. Onun ruhu həmişə cavandır. Yusif müəllim xeyirsevər insan, gözəl qəlbli şairdir. Onun şeirləri həmişə müasirlərinin poeziyasından seçilib. O, öz üslubu, sözü olan şairdir".

Professor Qəzənfər Paşayev Y.Həsənbəyin çoxşaxəli yaradıcılığından söz açıb, onun tərcüməçi kimi fəaliyyətindən danışıb: "Yusif müəllimin yaradıcılığı ilə 1966-cı ildən tanışam. O, Azərbaycan dilini təbliğ edən şairlərdən biridir. Bu dilə sevgi yaradan bir şairdir. Onu ilk dəfə tərcümə əsərlərindən tanımışam. Yusif müəllim ədəbiyyata təsadüfi gələn insanlardan deyil. Mənə onun yaradıcılığını sevdirən bir başqa cəhət də onun Azərbaycan mahnılarını toplayıb yüksək tirajla çap etdirməsidir. Bu, çox çətin və eyni zamanda lazımlı bir işdir".

Y.Həsənbəyi yubileyi münasibətilə təbrik edən Milli Məclisin deputatı, yazıçı Aqil Abbas ondan cəsarətli qələm adamı kimi bəhs edib: "Mən Məmməd Araz ailəsini tanıyandan sonra Yusif müəllimi daha yaxından tanımışam. Çünki o ailənin Yusif müəllimə xüsusi hörməti vardı. Yusif müəllimin sözlərinə yazılmış çox populyar mahnılar var. O, cəsarətli şəxsiyyət, istedadlı qələm adamıdır".

Daha sonra söz alan Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdare Fərəcov, Ramiz Məmmədzadə, Aqşin Babayev, Qurban Bayramov və başqaları Y.Həsənbəyi yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları diləyiblər.

Sonda yubilyar çıxış edərək ona göstərilən bu diqqətə görə başda AYB-nin sədri Anar olmaqla, birliyin rəhbərliyinə, tədbirin keçirilməsində əməyi olan hər kəsə, çıxışçılara və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

AYB.az

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə