Son xəbərlər

 

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi. Yığıncağı giriş sözü ilə açan AYB Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Xəzangül erməni fitnəkarlığından, iki əsir onların başımıza gətirdiyi ağrı-acılardan, fəlakətlərdən danışdı. O, qeyd etdi ki, 1992-ci il fevral ayının 25-dən 26-na geçən gecə sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni quldurları Xocalıda tarixdə görünməmiş qətliam, soyqırım, faciə törətdilər. Xocalı yerlə-yeksan edildi, əhalisi uşaqdan böyüyə güllədən, süngüdən keçirildi, qoca, uşaq, qız-gəlin əsir götürüldü, şəhər yer üzündən silindi. Xocalı heç bir faciə ilə müqayisə oluna bilməz.

Aləmzər Əlizadə öz çıxışında dünyada Xocalı adlı məhkəmənin yaradılmasını cinayətkarların ədalət qarşısında cavab vermələrini, Gəncəbasar şair və yazıçılarının Xocalıya həsr etdikləri əsərlərinin yaxın zamanda kitab şəklində işıq üzü görməsini təklif etdi.

Sonra şair və yazıçılardan Fərruxə Umarova, Sahib İbrahimli, Rəhim Qurbani, Bayram Göyçəli, Pəhlivan Əfəndi, Nadir Ovçu, Həsən Abbaslı, Zahir Şirani, İmamverdi Məmmədov, Səbuhi Rəfibəyli, Zülfiyyə Yaqubqızı, Eltun Türkel, Cahandar Aybər, və Oqtay Abdulla Xocalı soyqırımı ilə bağlı mülahizələrini, xatirələrini, təkliflərini, möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində haqq-ədalətin bərpa olunacağına soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacaqlarına əmin olduqlarını bildirdilər və Xocalı soyqırımına həsr etdikləri şeirlərini oxudular. Gəncə yazarları Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət”  kampaniyasının gördüyü işlərə yüksək qiymət verdilər.

Həmin tədbirdə Xocalı faciəsinə həsr edilmiş Şəfəq Sultan Əlixanlının tərcüməsində çap olunmuş türk yazarı Camal Aydının “Daşa Qazınmış Xəyanət” və İradə Əlilinin “Xocalı: Şəhidlər Danışır” kitablarının təqdimatı oldu.

AYB Gəncə Bölməsi

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə