Son xəbərlər

 

Dünən Gənc Tamaşaçılar Teatrında yazıçı Pərvinin "Səhnə" kitabının təqdimat mərasimi keçirilib. Kitabda Pərvinin həm jurnalist, həm teatrşünas, həm də dramaturq kimi fəaliyyətini əks etdirən yazılar, əsərlər toplanıb.

 

Təqdimat mərasimində teatr xadimləri, yazıçılar, oxucular və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Pərvinin yaradıcılığı və "Səhnə" kitabı haqqında geniş məlumat verib. 

Kitabda yer alan yazıların böyük hissəsinin "525-ci qəzet"də çap olunduğunu xatırladan R.Məcid deyib ki, bu kitabı həm də Mədəniyyət və Turizm Nazirliyi ilə qəzetin ortaq nailiyyəti hesab etmək olar. Müəllifi yeni kitabı münasibətilə təbrik edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Pərvin xanımın yaradıcılığı yalnız ədəbiyyata, teatra deyil, bütün Azərbaycan mədəniyyətinə və incəsənətinə əvəzsiz xidmətdir.

AYB-nin sədri, Xalq yazıçısı Anar, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov, Xalq şairi Sabir Rüstəmxanlı, dramaturq Əli Əmirli, Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi, Xalq artisti Ramiz Həsənoğlu, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli, professor Himalay Qasımov çıxış edərək yazıçının yeni kitabı və yaradıcılığı haqqında öz fikirlərini bölüşüb, ona yeni uğurlar arzulayıblar.

Sonda müəllif hər kəsə təşəkkürünü bildirib, kitablarını qonaqlar üçün imzalayıb.

Şahanə MÜŞFİQ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə