Son xəbərlər

 

DƏRGİNİN “OXUCULARA KİTAB HƏDİYYƏSİ” OLARAQ BU DƏFƏ SONA VƏLİYEVANIN “DÜNYA TANRI BİÇİMDƏDİR” ŞEİRLƏR TOPLUSU SEÇİLİB

Bugünlərdə “Ulduz” jurnalının iyun sayı işıq üzü görüb. 

Jurnalın bu sayı da ənənəvi olaraq, ekspet rəyi ilə başlayır. Tanınmış şair və nasir Sona Vəliyeva “Yolçu yolda gərək...” yazısı ilə “Ulduz”un 50 illiyi və may sayı haqqında düşüncələrini bölüşüb.

Qeyd edək ki, “Ulduz”un oxuculara kitab hədiyyəsi” layihəsi xoş bir ənənə halını alıb. Bu layihə üzrə hər ay bir yazıçının kitabı jurnalı əldə edən oxuculara hədiyyə olunur.  Yazıçılarla jurnalın redaksiya heyətinin birgə təşəbbüsü ilə gerçəkləşdirilən layihədə bu dəfə Sona Vəliyevanın “Dünya Tanrı biçimdədir” kitabı oxuculara hədiyyə edilib. “Vektor” nəşriyyatında çap olunan kitabda müəllifin son illərdə yazdığı şeirləri toplanıb.

“Ulduz”un “Özüylə söhbət” rubrikasının qonağı yazıçı Alpay Azərdir. Onun “özüylə söhbəti”ni “Bubu və müharibə”, “Susanlar və danışanlar” hekayələri izləyir. Şair Elşən Əzim “Bir gün sonra” poeması ilə bu sayda çıxış edib. “Qısa fikirlər xəzinəsi” rubrikasında bu dəfə C.Məmmədovun təqdimatında A.Şopenhauer, N.Berdyayev, M.Haydegger, V.Nalimov, Y.Lotman, X.A.Livraqa, Y.Tuvim, A.N.Asya, K.Kastaneda, Q.Laub və U.Eko kimi mütəfəkkirlərin aforizmləri yer alıb.

Bu sayda BDU-nun Filologiya fakültəsində fəaliyyət göstərən “Söz” Yaradıcılıq Birliyinin üzvlərinin yaradıcılıq nümunələri ədəbiyyatşünas Məti Osmanoğlunun təqdimatı ilə çap olunub.

Vüsal Nuru jurnalda bu dəfə “Zamanın arxasında” yazısı ilə çıxış edib. “Tərcümə saatı” rubrikasında Xatirə Nurgülün tərcüməsində Mariya Svetayevanın “Dəfnə çələngi” əsəri, Leyla Əsədullayevanın tərcüməsində Edgar Allan Poe və Robert Burnsun şeirləri dərc olunub.

Təranə Vahid “İtki” xüsusi rubrikasında “Ayaq səsləri, səsi və səssizliyi” essesi ilə “Ulduz” jurnalının mərhum əməkdaşı Rəfiqə xanımı xatırlayıb.

Elmar Vüqarlı “Elməddin Nicatın gecikməsi” məqaləsində şairin yaradıcılığını təhlil edib.

“Şeir vaxtı” bölməsində Əntiqə Səməndər, Vasif Süleyman və Faiq Balabəylinin şeirləri çap olunub.

Elxan Yurdoğlunun mərhum şair İlqar Qulusoyla bağlı “Ölümlə əylənən şairim, ölümünlə əyləndirmədin bizi” adlı xatirələri dərc olunub.

Ruhəngiz Sultanova “Elm, fantastika və uşaq təxəyyülü” məqaləsi, Firuz Mustafa “Fantast yazıçının Marsda dəfni” yarımçıq povest haqda hekayəsi, Zaur Sahil “Əsgər məktubu” çıxış ediblər.

“Söz” jurnalının baş redaktoru Sevda Əlibəylinin mərhum şair Allahverdi Məmmədli haqqında yazdığı “Göz açıb görərsən” yazısı və şairin şeirləri də jurnalın bu sayında yer alıb.

“Debüt” rubrikasında Lamiyə İsazadə öz şeirləri, “Nəsr” bölməsində Təranə Fazilqızı “İlan ovsunu”, “Avtobusda hadisə”, “Bataqlıq”, Aləm Kəngərli “Velosiped” hekayələri ilə çıxış ediblər.

“Tribuna”da professor Aynur Sabitovanın “Amerika maarifçiliyi” məqaləsi, “Yeni imzalar” rubrikasında Nahidə Sabirlinin və Nuranə Abbaslının şair İslam Sadiq haqqında təqdimat yazıları yer alıb.

“Dərgidə kitab” rubrikasının qonağı gənc şair Xəzər Süleymanlı “Günahkar” başlığı altında şeirləri ilə çıxış edib.

ŞAHANƏ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə