Oktyabrın 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Aqil Kəngərlinin "Günəşə boylanan ümidlər" və "Mixaylonun silahdaşı” kitablarının təqdimatı keçirilib. Tədbirin aparıcısı tədbir iştirakçılarını salamıladıqdan sonra Aqil Kəngərlinin yaradıcılığı və təqdimatı keçirilən hər iki kitabla bağlı geniş məlumat verib. Sonra söz Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri şair Səlim Babullaoğluna verilib. Səlim Babullaoğlu Aqil Kəngərli ilə tələbə yoldaşı olduğunu və onun istedadının elə o vaxtlardan müşahidə edildiyini vurğulayıb: “Aqil Kəngərli həm jurnalist, həm şair kimi tanınan, bilinən dəyərli imzalardandır. Mən əvvəllər də Aqilin kitabının redaktoru olmuşam, yəni onun poeziyasıyla çoxdandan tanışam. Müəllifi yeni uğurları münasibətilə təbrik edirəm”. Daha sonra söz Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinn rəhbəri şair Xəyal Rzaya verilib. Xəyal Rza Aqil Kəngərlini peşəkar bir pedaqoq kimi tanıdığını və bununla yanaşı Aqilin istedadlı bir şair olduğunu vurğulayıb: “Biz bilirik ki, bölgələrdə yazıb-yaratmaq, çap olunmaq və imzanı bütün ölkədə tanıtmaq çətin bir işdir, ancaq Aqil Kəngərli Göyçaydan bütün Azərbaycana boylanmağı bacarıb. Çətinliklərə baxmayaraq ədəbi tədbirlərə qatılmaqla Aqil Kəngərli imzasını qardaş Türkiyədə də tanıtmağa çalışır”.       

Tədbirdə iştirak edən tanınmış qələm adamları Aqil Kəngərlinin yaradıcılığı və təqdim olunan hər iki kitabı ilə bağlı fikirlərini bölüşüblər, müəllifə uğurlar arzulayıblar. Sonda Aqil Kəngərli tədbirin təşkili üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və tədbirdə iştirak edən qələm dostlarına minnətdarlığını bildirib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə