Jurnalın budəfəki eksperti tənqidçi Nərgiz Cabbarlıdır. “Ulduz”u “gənclik çağının dərgisi” hesab edən tənqidçi ötən saydan söz açmazdan əvvəl jurnalın ümumi mənzərəsinə nəzər yetirir: “...Ulduz”un son illərdə qazandığı yeni - estetik hava ilə bərabər(təkcə görüntü anlamında deyil!), bir xüsusiyyət də onu fərqləndirməkdədir: hər anlamda “şeir ladında” qala bilməsi... Bəlkə də, bu, baş redaktorun şairliyindəndir, ya da başqa bir səbəb var - bilmirəm. Amma ədəbi prosesi ifadə etməsi ilə bağlı deyil, çünki prosesdə son zamanlar nəsr ruhu güclənməkdədir...”

“Ekspert” rəyini Ramil Mərzilinin “Özüylə söhbəti” izləyir. Rövşən Danyerinin “Ayin”, Alpay Azərin “Janna və oğlu”, Şəfa Vəlinin “Şokolad ətirli sabun” hekayələri, Kənan Hacının “Cəmdək” povesti “Nəsr” bölməsində əksini tapıb.

“Şeir vaxtı” rubrikasında Elçin Mirzəbəyli, Günay Ümid, Afət Viləşsoy, Samirə Abbaszadə, Vəli Efe və Adilə Nəzərin şeirləri yer alıb. “Debüt”də Azər Nəsiblinin şeirləri verilib.

“Tənqid” bölümündə Vaqif Yusifli “Gənc şairlər, sözüm sizədir” məqaləsində Günel Eyvazlı, Afət Viləşsoy və Anar Həbiboğlunun poetik nümunələrindən söhbət açıb.

“Hücrə”nin budəfəki qonağı Qəşəm Nəcəfzadədir, o, gənc şair Ruzbeh Məmmədin şeirlərindən bəhs edir.

“Tərcümə saatı”nda Mahir Həmidovun çevirdiyi Misir yazıçısı İhsan Abdül Qüddusun “Dilənçilərin etirafı” hekayəsi təqdim edilib.

Fərid Hüseynin gənc yaşda həyatını itirmiş şair Fərhad Mete haqda gündəlik qeydlərindən ibarət “Ömür - doğum günü hədiyyəsi” başlıqlı yazı da jurnalın bu sayında verilib.

Müşfiq ŞÜKÜRLÜ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə