“Mayaklar”, “Yazım-yazmayım” kimi oçerklər, felyetonlar toplularından sonra bir-birinin ardınca “Həmin adam”, “Zorən jurnalist”, “Mənim rəncbər atam” “Közərən sətrlər”, “Aqibət”, “Daş yağan gün” kimi bir sıra maraqlı nəsr kitablarını çap etdirən dəyərli ədibimiz Əli İldırımoğlu Beynəlxalq Mahmud Kaşqari adına Fondun medalına layiq görülüb. 

Mükafat ağsaqqal yazıçı-publisistimizə Şüvəlandakı bağ evində təqdim olunub. 
Bu mərasim münasibətilə fondun icraçı direktoru Elxan Zal Qaraxanlı deyib: 
“10 il öncə əsası böyük yazıçımız Anar tərəfindən qoyulmuş Beynəlxalq Mahmud Kaşqari adına Fond get-gedə fəaliyyət dairəsini genişləndirir. Türk dünyasında tədbirlər, görüşlər, konfranslar keçirir. İki ay öncə Bakıda, bu yaxınlarda isə Qazaxıstanda Fondun tədbirləri oldu. Türk mədəniyyəti qarşısında xidmətlərinə görə bir sıra görkəmli sənət adamları, alimlər təltif edildi. Biz fəxr edirik ki, Əməkdar jurnalist, “Şöhrət” ordenli yazıçı-publisistimiz Əli İldırımoğlu da bu gündən tərtib olunanların siyahısına qoşulur”.

Tədbirdə Beynəlxalq Fondun icraçı direktorunun müavini Ağacəfər Həsənli laureatın yaradıcılığının məziyyətlərindən danışıb, onu ustad ədib, yeni nəslə örnək qələm sahibi adlandırıb.
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə