Bədii Tərcümə Mərkəzinin daha bir  işi işıq üzü gördü

 Xalq şairi Vaqif Səmədoğlunun fransız və Azərbaycan dillərində   “Bir gün təbəssüm olmuşdum” (Un Jour, J’ai Ete Le Sourire)   bilinqva şeirlər kitabı işıq üzü görüb.  Şeirləri fransız dilinə tərcüməçisi və ön sözün müəllifi  Aliyə Məstəliyeva-Səmədova, redaktoru isə professor An Mari Polodur. Kitabın tərtibçisi şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilovadır. Kitabda An Mari Polonun şairə ünvanladığı kiçik, amma gözəl məktubu da yer alıb. An Mari Polo yazır: “Aliyə Məstəliyeva-Səmədovanın tərcüməsində, Sizin bir neçə şeirinizi özüm üçün kəşf etdim. Dilin sehri ilə oyanmış gözəl ovqat və xoş hisslər üçün səmimi qəlbdən sizə təşəkkür edirəm. Elə həmin an, mən onları yaxın dostlarıma oxudum və hamı şeirlərə heyran oldu. ” 

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində nəşrə hazırlanan, “Mütərcim “ nəşriyyatında çap gözəl dizayn və yüksək poliqrafiya ilə çap edilən kitabın səhifələrmə və dizaynı Emil Camalova aiddir. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bizə açıqlamasında bunları deyib: “ Vaqif Səmədoğlu bizim müasir poeziyamızda az-az miqyaslı şairlərdən biri idi. Onun irsinin təbliği, tərcüməsi vacibdir. Ümid edirik ki, ən azı Fransa ədəbiyyat mütəxəssislərinə çatdıra biləcəyik kitabı.  Tərcümələr, adaptasiya, redaktura peşəkarlıqla edilib. Biz Aliyə xanımın işini yüksək qiymətləndiririk. Belə nəşrlərin olması vacibdir...”

 

AYB.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə