Son xəbərlər

 


Abşeron rayonunun Mehdiabad qəsəbəsində fəaliyyət göstərən 4 saylı məktəbdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə şagirdlərin görüşü keçirilib.

 Abşeron Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin birgə təşkil etdiyi görüşdə AYB katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, yazıçı Pərvin, rayon icra başçısının müavini Fuad Cəbrayılov, təhsil şöbəsinin müdiri Kamran Rzayev, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Yazıçını məktəbin girişində üzlərindən sevinc oxunan uşaqlar qarşılayıblar. Yeniyetmələrin alqış səsi, məktəbin öncüllərinin "Xoş gəldiniz, Anar müəllim" sədalarıyla yazıçını qarşılamaları fərəhli bir mənzərə yaradıb. Saz sədaları altında şagirdlərin, Dədə Qorqud təbirincə, Anara xeyir-duası da yaddaqalan olub.

Məktəbin direktoru Elnura Cavadzadənin açılış sözləriylə başlayan tədbir sona qədər Azərbaycanın Xalq yazıçısı Anarla məktəblilərin aktiv ünsiyyəti ilə keçib. Çoxlu suallar, maraqlı səhnəciklər hazırlamış şagirdlər öz bilik və bacarıqları ilə yazıçını valeh ediblər. Bundan əlavə, Anar haqqında ayrı-ayrı ədiblərin fikirləri səsləndirilib, şeirlər oxunub.

Görüş zamanı yazıçının həyat və yaradıcılığı ilə bağlı videoçarx təqdim olunub. Anarın şeirləri sazın müşayiəti ilə səsləndirilib, onun ssenarisi əsasında çəkilmiş film və tamaşalardan səhnəciklər göstərilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov bildirib ki, ədəbiyyatımızın görkəmli nümayəndəsinin, "İstiqlal" ordenli Xalq yazıçısı Anarın Abşeron məktəblilərinin görüşünə gəlməsi  çox sevindirici haldır. Onun həyat və fəaliyyətinin gənclərin, yeniyetmələrin tərbiyələnməsində, fərd kimi formalaşmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayan F.Cəbrayılov qeyd edib ki, böyük ziyalı olan yazıçı Anarla ünsiyyət, onun fikirlərini dinləmək hər bir insan üçün faydalı, xeyirli və arzulanandır: "Mən inanıram ki, onun şagirdlərlə bu görüşü uzun müddət yaddaşlardan silinməyəcək və bu yeniyetmələrin dünyagörüşünün formalaşmasına, inkişafına, gələcək addımlarının müəyyənləşməsinə təsirsiz ötüşməyəcək".

Tədbirin sonunda Xalq yazıçısı Anar görüş iştirakçılarına imzalı kitablarını təqdim edib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə