Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Günel Eyvazlının “AYB kitab” layihəsi çərçivəsində çap olunan “Cadugər” kitabının təqdimatı keçirilib.

 Tədbiri AYB katibi Rəşad Məcid açaraq, öncə G.Eyvazlını bugünlərdə “Ədəbiyyat qəzeti”nin “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülməsi münasibətilə təbrik edib:

“Bundan əlavə, o, Azərbaycan Yaradıcılıq Fondunun təşkil etdiyi müsabiqənin qalibi olub. Günel bizim çox zəhmətkeş gənclərimizdəndir. Ardıcıl şəkildə mətbuatda esseləri, məqalələri ilə çıxış edir. O, yaradıcılıq fəaliyyəti ilə özünü təsdiq edən gənc yazarlarımız arasında xüsusilə seçilir”.

AYB katibi İlqar Fəhmi gənc yazarın ədəbiyyata gəlməsi və yaradıcılığı haqda məlumat verib: “2000-ci illərin əvvəllərində ədəbiyyata münasibətdə gənclər arasında bir soyuqluq var idi. Gənclər ədəbiyyata o qədər də meyil etmirdilər. Rəşad Məcid gənclər üzrə katib təyin olunandan sonra ədəbi gənclikdə bir canlanma yarandı. Həmin dövrdə xeyli sayda gənc yazar ədəbiyyata gəldi, onlarda bədii yaradıcılığa ciddi şəkildə maraq yarandı. Günel məhz həmin nəslin davamçılarından biridir”.

Tədbirdə yazıçılar Kənan Hacı, Əyyub Qiyas, jurnalist Ceyhun Musaoğlu, tənqidçilər Vaqif Yusifli, Cavanşir Yusifli, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza və başqaları da çıxış edərək gənc yazarın ədəbi fəaliyyəti ilə bağlı düşüncələrini bölüşüb, ona yaradıcılıq uğurları arzulayıblar.

Sonda G.Eyvazlı oxucular üçün kitablarını imzalayıb.

AYB,az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə