Mayın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda III Gənc Ədiblər Məktəbinin "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəslə görüşü keçirilib.


Tədbiri Birliyin katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq şairlə görüşün və gələcəkdə jurnalla əməkdaşlığın gənclər üçün yaradıcı təcrübə olacağını söyləyib:

"Bilirsiniz ki, Gənc Ədiblər Məktəbi artıq iki dəfə öz işini uğurla yerinə yetirib və istedadlı, bacarıqlı müdavimlərini ictimaiyyətə təqdim edib. Nəticədə onlar arasında gənc və qabiliyyətli yazarlar, şairlər var ki, indi də mətbuatda çap olunur, tanınırlar. Üçüncü mərhələdə də uğurları ilə bizi sevindirəcək gənc ədiblərin yetişməsini arzu edirik və bu görüşlərimizin də məqsədi budur. Bu, bizim artıq üçüncü görüşümüzdür. İlk görüşümüz ümumi söhbətlər, tanışlıqla keçdi. İkinci görüşdə Əsəd Cahangir yazılarınızı tənqid və təhlil etdi. Bu gün isə biz belə qərara gəldik ki, "Ulduz" jurnalının rəhbərliyi ilə görüş keçirək.

"Ulduz" jurnalı 50 ilə yaxındır ki, Azərbaycan ədəbiyyatında və xüsusilə gənclərin tanıdılmasında böyük rol oynayır. Sovet dövründə jurnalın tirajı doxsan minə yaxın idi və bu mənada bir gəncin bir şeirinin, yazısının çap olunması onun ölkə miqyasında tanınması demək idi. Jurnal bu gün də öz fəaliyyətini və gənclərlə əməkdaşlığını davam etdirir. Bunun üçün biz "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəslə görüşünüzün sizin üçün faydalı olacağını düşündük. İstərdik ki, Qulu həm həyat təcrübəsindən, həyata baxışı və poeziya düşüncəsindən danışsın, həm də "Ulduz" jurnalında sizin yazılarınızın çap olunma perspektivi müzakirə edilsin. Biz əvvəlki gənc ədiblərlə də belə bir təcrübə keçirmişik, jurnalın bir sayını gənclərə həvalə etmişik. Ümid edirik ki, bu müzakirələr effektiv olacaq və builki gənc ədiblərimiz də bu işin öhdəsindən uğurla gələcəklər".

Q.Ağsəs ilk öncə jurnalın yaranması, tarixi haqda gənclərə məlumat verib və deyib ki, "Ulduz" həmişəki kimi gənclərlə əməkdaşlığını uğurla davam etdirir. Ədəbiyyat oxucularının azlığını vurğulayan şair bunun jurnal üçün də keçərli olduğunu bildirib: "Mən istərdim ki, bizim jurnalı siyasətçilər, iqtisadçılar, həkimlər də oxusun, yəni oxucularımızın fəaliyyət sahələri fərqli olsun. Ancaq təəssüflər ki, bu gün ədəbiyyatın meydanı kifayət qədər daralıb. Ədəbiyyat az qala yalnız ədəbiyyatçılar üçündür. Məsələn, kitab təqdimatları keçirilir və təqdimatda eyni adamlar iştirak edir, kitabları eyni adamlar alır, biz də eynilə həmin adamların kitablarını alırıq. Sanki ətrafdan təcrid olunmuşuq. Bu baxımdan auditoriyanı, oxucu sferasını genişləndirmək lazımdır".

Q.Ağsəs gənclərlə ədəbiyyata dair düşüncələrini bölüşüb: "Çernışevski deyirdi ki, həyatla sənət arasında bir məsafə var. Sənət məhz həmin məsafəni müəyyənləşdirir. Mən ədəbiyyatla həyatın bərabər tutulmasını sevmirəm. Məncə, ədəbiyyat sənətdən ya irəlidə dayanmalıdır, ya da geridə. Ədəbiyyat isə bütün eksperimentləri gerçəkləşdirib. Yer üzündə hər şey köhnədir və necə deyərlər, hər şey deyilib. Söhbət fərqlilikdən gedirsə, bizi bir-birimizdən ayıran çox az şey var. Eyni qələmlə eyni kağızda yaxud da elə eyni klaviaturada yazırıqsa bu, artıq bir oxşarlıqdır. Deməli, bizi birləşdirən cəhətlər çoxdur. Yenilik yalnız istedad və zəhmətin hesabınadır. Ədəbiyyata artıq əlçatmaz kimi baxa bilmirik. Ancaq bu da gerçəkdir ki, xoşbəxt olmaq və yaşamaq üçün həmişə stimul tapmaq lazımdır. Yazıçının yaza bilməsi və xoşbəxt olması üçün isə könül rahatlığı vacibdir".

Q.Ağsəs deyib ki, yazıçılardan, şairlərdən müsbət rəy alan gənclər "yaxşı yazıram" düşüncəsinə qapılmamalıdır. Şair qeyd edib ki, bu, "göstərici" olmaya da bilər, bu səbəbdən gənc yazarlar özləri ilə hesablaşmağı bacarmalı, öz potensiallarını müəyyənləşdirməlidir. Şair həmçinin günümüzün gənclərinin ədəbiyyata, yazarlara münasibətindən söz açıb: "Mənim daxilimdə ədəbiyyat adamlarına rəğbət, sevgi, xüsusi bir münasibət var. Sizin yaşlarınızda yazıçılara, şairlərə duyduğum hisslərim indi də qalmaqdadır. Ancaq indiki gənclərə ədəbiyyat adamı sıradan biri kimi görünür. Bu həm də ona görədir ki, yazıçıların, şairlərin kifayət qədər problemi var. Misal üçün, gənclər onları avtobusda, metroda görəndə yazarlarımızla bağlı təsəvvürlərindəki mif dağılır. Hər halda, bugünkü dövrün dizaynı onu təsdiq etdi ki, əgər sən şöhrət qazanmaq, sevilmək və xalqın mifinə çevrilmək istəyirsənsə, onlardan bir azca kənarda olmalısan. Necə ki, dünya ulduzları, müğənnilər özlərini yalnız publikayla xalqa təqdim edirlər, yazıçı da gərək adamların arasında az görünsün. Yəni, daha çox əsərləri görünməlidir. Amma təəssüflər olsun ki, bu gün əsərdən çox özümüz görünürük".

Gənclərin yazıları, dünyagörüşləri ilə maraqlanan şair onların şeirlərini dinləyib və onlar barədə fikirlərini bölüşüb. Gənc ədiblər - Firudun Zabitoğlu, Sevil İşıq, Sərəstan Zakiroğlu, Cahandar Aybər, Emin Akif, İbrahim Rüstəmov, Mahmud Məmmədov, Ceyhunə Mehmanqızı, Gülnarə İsrafil, Qafar Şövqi, Ulucay Akif, Allahşükür Alaşarlı və başqaları öz şeirlərini səsləndirib, müzakirələrdə iştirak ediblər. Gənclər yazıçı-oxucu dilemması, ədəbiyyatın tematikası və başqa mövzularda şairlə açıq söhbətə qoşulub. Şair redaksiyanın gənclərin üzünə hər zaman açıq olduğunu, hər bir gəncin dərgidə çap oluna biləcəyini qeyd edib.

Tədbirdə "Ulduz" jurnalının əməkdaşları Fərqanə Mehdiyeva, Ədalət Həsən və tənqidçi Əsəd Cahangir də iştirak edib, gənclərə öz tövsiyə və məsləhətlərini veriblər. Sonda Q. Ağsəs GƏM üzvlərinin xahişi ilə  şeirlərini oxuyub və onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, "Ulduz" jurnalının iyun buraxılışını gənc ədiblərin hazırlaması nəzərdə tutulur.

Müşfiq ŞÜKÜRLÜ

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə