Martın 15-də, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda mərhum şairimiz Ələkbər Salahzadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı açaraq şairin həyat və yaradıcılıq yolundan söz açıb: “Günlər keçsə də Ələkbər Salahzadənin yaradıcılığı daha çox oxucunun, tədqiqatçının diqqətini çəkir.  Ə.Salahzadənin hələ ilk yazıları uneversitetdə oxuduğu vaxtlarda divar qəzetində dərc olunub. Onun ilk yazıları ənənəvi ədəbiyyatdan seçilirdi. Bu səbəbdən təbii ki, ona hücumlar da olurdu. Məhz belə çətin vaxtlarında şairə Rəsul Rza arxa olmuş, onun başı üstündəki qara buludları dağıtmışdı. Daha sonra Anar da ona dəstək oldu və şairin mətbutda dərc olunmasına, yazılarının çapına şərait yaratdı. Ə.Salahzadə həmişə vicadanı ayıq olan şairlərdən idi”.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında şairlə bağlı xatirələrini bölüşüb: “O zamanlar belə bir fikir var idi ki, Rəsul Rza ətrafında öz ədəbi məktəbini toplayır. Ancaq sonradan onun dəstək olduğu müəlliflərin, o cümlədən, İsa İsmayılzadə və Ələkbər Salahzadənin də istedad sahibi oldquları üzə çıxdı. Ə.Salahzadə saf və təmiz bir insan idi. Ədəbiyyatdan başqa heç bir marağı olmayan, şöhrətpərəstlik arxasınca düşməyən, özünü sözə, şeirə bağlamış qiymətli, dəyərli şairlərdən biri idi”.

Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca çıxışı zamanı Ələkbər Salahzadənin xatirəsinin onun üçün daima əziz olacağını bildirib: “O, olduqca istedadlı şair idi. Buna görə də hər kəsin qəlbində öz yerini, dəyərini qoruyub saxlayıb. Ələkbər Salahzadə poeziyamız yaşadaığı qədər yaşayacaq”. 

Görkəmli şair Ramiz Rövşən Ə.Salahzadənin poeziyamızın öz fərdi üslubunu yaratmış önəmli nümayəndələrindən biri olduğunu vurğulayıb: “60-70-ci illərdə ədəbiyyat və poeziyamız öz intibah dövrünü yaşayırdı. Həmin dövrdə bu ədəbi silsiləyə qoşulmaq olduqca çətin bir iş idi. Ə. Salahzadə o parlaq imzalar içində sayılıb- seçilən şairlərdəndir. İsa İsmayılzadə ilə Ələkbər Salahzadə poeziyaya birgə gəliblər. Ancaq bir-birilərindən tamam fərqlənirdilər. Ə.Salahzadənin hissləri şeirdə daha alt qatları ilə ifadə olunurdu. İ.İsmayılzadənin hissiyatı isə nisbətən üzdə idi. Ə.Salahzadənin şeirlərində böyük ustalıq, sənət işi var idi. Onun şeirlərinin alt qatında riyazi təfəkkür güclü idi. O, söz kombinasiyasının əvəzsiz ustasıdır. Ə.Salahzadə Avropa şeir tərcüməsini tam götürmüş, ancaq hissiyatı bütünlükdə bizə aid şairdir. Onun kimi söz memarları Azərbaycan poeziyasında olduqca azdır. Özünü ifadə etməyin ən ustad yollarını tapanlardan biri də Ə.Salahzadədir”.

Digər çıxışçılar “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, ssenarist Rafiq Səməndər, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, şairlər Balayar Sadiq, Tofiq Nurəli, Oqtay Rza, Abbas Abdulla və digərəri Ə.Salahzadənin həyat və yaradıcılığından bəhs edib, şairlə bağlı xatirələrini bölüşüblər.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə