Son zamanlar Azərbaycan  Yazıçılar  Birliyinin aparıcı  orqanı olan  “Azərbaycan” jurnalının  müxtəlif ədəbi janrların inkişafına və  problermlərinə həsr olunmuş “Dəyirmi masa” ərafında  gedən  müzakirələrə geniş meydan açması  təqdirəlayiqdir. Təbii ki, belə müzakirələr çağdaş ədəbiyyatımızda bir çox cavabsız suallara cavab tapmaqda  yardımçı olmaqla yanaşı, şübhəsiz, təsirsiz də ötüşməyəcək. Bundan əvvəl nəsrə və dramaturgiyaya həsr edilmiş müzakirələri də maraqla oxumuşdum. Hətta  “Ədəbiyyatı şouya döndərmək günahdır” (Azərbaycan Yazıçılarının X11 qurultayına açıq məktub) başlıqlı irihəcmli məqaləmdə də bu nüansa münasibətimi bildirmişdim: “Yüyənsiz at kimi hara gəldi çapmağın axırı dibsiz uçuruma yuvarlanmaqdır. Belə ideyasız, məzmunsuz “əsərlər”in “bumu”  gec də olsa, “Azərbaycan”  jurnalında “Dəyirmi masa” ətrafında müzakirələrə səbəb oldu. Deyəsən, doğrudan da “həyəcan təbili” çalmağın vaxtıdır.” (“Ədəbiyyat qəzeti”, 13 iyun 2014-cü il. N: 22.)  Həmin məqalədə  sovet dövründə yaranan nəsr, dramaturgiya və poeziya  nümunələrinin mahiyyətinə, ən başlıcası, müstəqillik dönəmində ədəbi mühitimizdə baş alıb gedən ifrat inkarçılığa, yersiz “təftişçiliyə”, “tərif dövrünü yaşayan tənqidimizə”, öz “ölüsünü qoyub özgənin ölüsünə ağlayanlar”ın, yəni orijinallq xatirinəmi, diqqəti cəlb etmək naminəmi  özgənin qarışqasını filə döndərib bütləşdirənlərin çürük, qondarma  əqidəsininin nədən və haradan qaynaqlandığına, pinti bir dillə yazılan, “roman” yarlığı yapışdırılan  bəzi “əsərlər”də    “eybəcər” humanizm”in oxucuya yenilik kimi sırınmasına və s. və i. kimi bir çox problemlərə toxunmağa çalışmışdım, həm də ürəkağrısıyla. (Meydan o qədər genişlənib ki, çapağanı olan da, axsaq yabı minən də bəhsəbəhslə cıdıra çıxıb. Yəqin ki, bu da ötəri bir dövrdür.Coşub-daşan çayların bulanıq suları da nə vaxtsa durulur.) Bəlkə də ona görə əvvəlki müzakirələr barədə nəsə deməyə ehtiyac duymamışdım. Lakin jurnalın 2015-ci il 5-si sayında “Çağdaş Azərbaycan poeziyası—problemlər, mülahizələr” mövzusunda aparılan müzkirələrə seyrçi qala bilmədim. (Ola bilsin ki, bu, bir şair kimi mənim təbiətimdən irəli gəlirdi.) Əvvəlcə qısa bir şərh yazmaq istədim, alınmadı, çünki mahiyyətə vardıqca,  “dəvətsiz  müsafir” sayağı, xəyalən  özümü iştirakçılardan biri kimi hiss elədim.  

    “Dəyirmi masa” həm də iki cəhətdən məndə maraq doğurdu: birincisi, qeyd etdiyim kimi, söhbətin poeziyadan getməsi, ikincisi isə müzkirədə iştirak edənlərin kimliyi. Bu, çox vacib məsələdir. Axı, bəzən hər hansı mövzudan anlayışı belə olmayanların  ağızdolusu danışmasının, bəlağətli nitq irad eləməsinin -- “nadanın aqilə dərs deməsinin” də şahidi olmuşuq. Bəri başdan deyim ki, məni yaxından tanıyan qələm adamları yaxşı bilirlər ki, kimliyindən və şəxsi münasibətimdən asılı olmayaraq, söhbət sənətdən düşəndə inandığım həqiqətdən məni heç kəs döndərə bilməyib-- nifrətim də səmimi olub, rəğbətim də.  Müzakirə işirakçılarından  dörd nəfəri  (İlham Qəhrəmandan savayı) şəxsən tanıyıram. Bəs onların mövzu ətrafında mühakimə yürütməyə  haqqı varmı? Var, çünki:  

    --Əjdər Ol nasir, dramaturq və şair kimi kifayət qədər tanınmış istedadlı qələm adamıdır. O, ədəbiyyat tariximizə--klassiklərimizə, sovet dövrü və çağdaş ədəbiyyatımıza yaxşı bələddir. Onun vaxtilə AzTV-də apardığı “Gülüstan” verilişinə həmişə maraqla baxmışam. Ədəbi irsimizə qəlbən bağlı olan Ə. Ol ciddi mühakimələri və səmimi əsərləriylə oxucularının  rəğbətini qazanıb. Məncə, o həm də səmimiliyinə görə yaradıcılığı ilə şəxdiyyəti vəhdət təşkil edən iki şairdən biridir. Poeziyasının obrazlı dili və ifadə tərzi maraq doğurur—hər şeirində yeni nəsə tapa bilərsən; çağdaş ədəbiyyatımızda  özünəməxsus yei var. Ə.Olun  yardıcılığını imkanım dairəsində izləmişəm və nəhayət, “İrəli getməyə təpəri olan şair” başlıqlı (“Kaspi” qəzeti) məqalə də yazmışam.

    --Vaqif Bəhmənlini gənslik illərindən tanıyıram. Onunla ilk dəfə 1978-ci ildə Azərbaycan LKGİ MK-nın və Yazıçılar İttifaqının təşəbbüsü ilə gənc şairlər üçün Şüvəlan yaradıcılıq evində  təşkil edilmiş  biraylıq seminarda tanış olmuşdum. Şeir gecələrində Vaqifin çıxışı alqışlarla  qarşılanardı. O, həmçinin danışığı, oturuşu-duruşu və təvazökarlığıyla da rəğbət qazanırdı. İndi də elədir. Böyük şairimiz Bəxtiyar Vahabzadənin ümidlərini doğruldan Vaqifin şeirlərindəki ürək çırpıntıları oxucuya da sirayət edir. Bütün şeirləri ilhamla yoğrulub, sözə həssasdır. O, məhsuldar şairdir, xoşbəxtlikdən, yaradıcılığında keyfiyyət də, kəmiyyət də öz yerindədir; əsl ədədbiyyat adamıdır;  mətbuatda işlədiyimiz vaxt gözəl redaktə qabiliyyətinin olduğunu da müşahidə etmişəm.

    -- Nasir, dramaturq, senarist, esseist  kimi tanıdığım İlqar Fəhmi  dünya ədəbiyyatından, xüsusilə Şərq ədəbiyyatından xəbərdar bir yazıçıdır. İndi belə yazıçılar, demək olar ki, yox dərəcəsindədir. Ilqarın adı kimi özü də güclü fəhmə malikdir. Ərəb-fars dillərinə bələd olması Xaqani, Nizami, Nəsimi, Füzuli, S.Ə. Şirvani və s. kimi bir çox nəhəng şairlərimizin əsərlərinin bədii-fəlsəfi mahiyyətini açmaqda az rol oynamır. Onun əruz vəzni və bu vəzndə yazılan klassik nümunələrin təhlilində ən incə nöqtələrə toxunması, həmin əsərlərin ədəbi və tarixi dəyərini  aydın bir dillə açıb göstərməsi təkcə elm adamlarına deyil, həm də çağdaş yazarlara bir mesajdır, yəni “baxın, görün, biz kimik, kökümüz hardan başlayır.”  AzTV-də apardığı “Məclisi-üns”ün  hər verilişi,  xüsusilə, klassik əsərlərdə  rəmzi məna daşıyan mövzuların hər biri maraqlı elmi araşdırmalara ipucu verə bilər.

    --Fərqanə Mehdiyeva artıq oturuşmuş, ədəbi aləmdə hamı tərəfindən qəbul olunmuş, kövrək qəlbli şairədir. Onun öz dünyası var və bu dünyada hamını mərhəmətli, şəfqətli görmək istəyir. Əsasən klassik heca vəznində yazan şairənin şeirləri ana laylası kimi həzin notlar üzərində köklənir.Yaradıcılığına bələdəm—şeirləri haqqında “Sonuncu dayanacaqdan qayıtdığım gün” başlıqlı (“525-ci qəzet” və “Bütöv Azərbaycan”) bir məqalə də dərc etdirmişəm. Onun həm də  başqalarının şeirləri barədə də səmimi və obyektiv fikir söyləmək  qabiliyyəti var. Bu keyfiyyət hər şairədə olmur.

    -- İlham Qəhrəmanı  şəxsən tanımasam da müzakirə zamanı fəallığı, məntiqli mühakimə yürütməsi onun əhatəli bilgiyə malik olmasından xəbər verir. Əminəm ki, belə dünyagörüşlü şair mənasız şeir yazmaz.

    -- Müzakirənin aparıcısı, istedadlı tənqidçi, həm də şair kimi tanınan Əsəd Cahangirin  ən gözəl cəhəti  mütaliəçi olması ilə yanaşı, həm də geniş miqyasda müasir ədəbi aləmdə gedən prosesləri izləməsidir. Onun eyni zamanda  klassiklərimizin və dünya ədədbiyyatının tanınmış mümayədələrinin yaradıcılığı  haqqında indiyədək formalaşmış müddəalara  ehkam kimi baxmaması, qədim, orta əsr və müasir elmi-ədəbi mənbələrə istinadən  fərqli mühakimə  yürütməsi, maraqlı fəlsəfi ümumiləşdirmələr aparmasıdır (xüsusilə “Məclisi-üns” verilişində). Elə jurnalın bu nömrəsində “Mahmud Kaşğarlının “Divani-luğat it türk” əsərindəki şeirlər hansı vəzndədir?” məqaləsi də kifayət qədər mürəkkəb mövzuya həsr olunmuşdur.  Ə. Cahangirin  yazı dilinin obrazlılığı da, məncə, onun şair təbiətindən qaynaqlanır.

    Ədəbiyyatşünası tarixçidən fərqləndirən də dilinin obrazlı çalarlarla zəngin olmasıdır. Belə  məqamlarda nədənsə şəxsiyyətinə və yaradıcılığına xüsusi rəğbət bəslədiyim görkəmli tənqidçimiz, mərhum dostum Yaşar  Qarayev yadıma düşür.  Onu dinləyəndə həmişə    ədəbiyyatımızın nəhəng simalarının—Nizami, Füzuli, Xətai, M.F. Axundzadə və Sabirin həyat və yaradıcılığı haqqında lirik ovqatla yazılmış monumental tədqiqatlatın müəllifi, görkəmli alim Mikayıl Rəfilini xatırlayardım. Axı, o da şair idi…

 

                            “Başladı nəslimin yarpaq tökümü”

                                          yazmışdı Nazim Hikmət

                                                professor Rəfili öləndə…”  (E. E.)

 

…Və nəhayət, “Dəyirmi masa” ətrafında söhbəti elə başlamalısan, onu elə istiqamətləndirməlisən ki,  bitgin sonluqla qurtarsın. Buna həm savad, həm də səriştə lazımdır. Ə. Cahangir çağdaş poeziyamızda mövcud mənzərənin mahiyyətini açmaq, xüsusilə 90-cı illərdən sonra bu sahədə nələrin qazanıldığını, itirildiyini və unudulduğunu dilə gətirmək, həmçinin poeziyaya necə bir gəncliyin gəldiyini aydınlaşdırmaq məqsədilə  iştirakçılara ünvanladığı sualları, cavab gözləmədən, haqlı olaraq, dərhal  da ümumiləşdirir: ”Nə var, nə yox, poeziya?” ( Bəri başdan deməliyəm ki, aparıcının sualları trafaret  xarakter daşımadığına və müzakirə boyunca konteksdən irəli gəldiyinə görə, söhbət də təbii alınıb. Mətnlə tanış oxucu, əminəm ki, mənimlə razılaşar.)

     Doğrudan da: “ Nə var, nə yox, poeziya?”

     Bundan əvvəl sadalanan suallara iştirakçıların verdikləri cavabların hər birində təzibedilməz həqiqət var. Bəli, həm qazanmışıq, həm də itirmişik. Bəs səbəb? Məsələ ondadır ki, “… müəyyən zaman kəsiyində mövcud olan, özünəməxsus iqtisadi dayaqlara söykənən  hər hansı ictimai-siyasi quruluşun  dağılması qəfil qopan tufan kimi  fəlakət gətirir. Bu zaman həmin quruluşun diqtə etdiyi ideologiya çərçivəsində  (yaxşı, ya da pis—fərqi yoxdur) formalaşan cəmiyyətdə istər-iastəməz xaotik vəziyyət yaranır—bütövlükdə cəmiyyətin  düzəni pozulur, ayrı-ayrı fərdlərin taleyi gözlənilmədən əsən “qəzəbli qasırğanın” vaxtsız-vədəsiz tökdüyü, daşa-divara çırpdığı xəzəllərə bənzəyir və bu qəfil “zəlzələ” cəmiyyətin mənəvi dünyasında dərin bir “boşluq” yaradır ki, onu doldurmaq  kimi ağır bir missiya yazıçıların öhdəsinə düşür. Lakin yazışı  dərhal bu vəzifənin öhdəsindən gələ bilərmi? Məncə, yox, çünki yazıçı da bir fərddir, o da bu xaosun cənginə düşür və oradan çıxmağın və başqalarını da xilas etməyin yollarını axtarmalı olur. Bəzən onun doğru bildiyi yol, əslində, yanlış səmtə aparır. Bu məsələdə yazıçının ƏQİDƏSİ VƏ İSTEDADI mühüm rol oynayır. Belə bir taleyi xalqımız da yaşadı. Təəssüf ki, sovet dönəmindən sonra arada əmələ gələn “boşluğun” gətirdiyi “sərbəstlik, bəzən “sərməstliyə” də rəvac verdi. Nəsrdə, dramaturgiyada olduğu kimi, poeziyada da “sərbəstlik”dən nə qədər qazandıqsa, “sərməstliyin” hesabına da bir o qədər itirdik”. ( Cüzi əlavələr edilmiş sitat adı çəkilən məqaləmdəndir.) 

   Müzakirəyə ilk qoşulan Ə. Ol sanki söhbətə ayaq verir: “…Azərbaycan müstəqillik qazanmaqla bərabər, həm də dünyanın sərhədlərini açdı. Müstəqillik bütün sahələrdə--təfəkkürdə, dünyagörüşdə, ictimai həyatda, məişətdə özünü göstərdi; bədii sözümüzdə də keyfiyyət dəyişikliyi baş verdi; sovet  vaxtı poeziya müəyyən sirlərin açılmasına xidmət edirdi; müəyyən problemləri həll etməyə çalışırdı; bu sirləri öyrənməyin çoxlu mənbələri də mövcuddur, sovet dönəmindəki kimi qapalı deyil. Artıq bu sirləri oxucuya mətbuat, telekanallar, internet saytları açır.”  

    Tamamilə doğrudur. Lakin yaşadığı dövrün acısını da, şirinini də dadan, təcrübəli “köhnələr” qəddini düzəldib, yeni nümunələr yaradana qədər xeyli vaxt keçdi. Əli yenicə qələm tutanlar isə nəsrdə olduğu kimi, poeziyada da öz minbeşyüzillik kökündən ayrılmadan, təmkinlə düz yol seçmək əvəzinə, qarşılarında açılan intəhasız genişliyin cazibədar üfüqlərində onlara “gəl,gəl” deyən ilğımı görüb, yallama mindikləri xam atlarını dördnala çapdılar. İlğımın bir aldanış olduğunu anlasalar da onu etiraf etmək istəmədilər, (Az bir qism doğru yol seçə bildi.) çarəni “ifrat inkarçılıqda” gördülər. Qəribədir, hərdən adama elə gəlir ki, belələri bu dünyada yaşamırlar. Həyatımızın da, dünyanın min cür qeylü-qalının da onlara heç bir dəxli yoxdur. Axı, yaradıcı insan öz dövrünün “barometri”dir. Yalnız “öz içinə” qapılıb ahu-zar etməklə, yaxud intim hislərini “aşkara çıxarmaq”la oxucuya hansı mənəvi saflığı aşılamaq olar?! Şair “məni” ümumiləşmək əvəzinə, ifrat dərəcədə xüsusiləşirsə, onun başqalarına nə təsiri ola bilər?! Məgər mövzu tükənib? Əgər tükənibsə, deməık, dünyanın axırıdır—yazmağa dəyməz.

    Hələ ki insan robot deyil və o min illər bundan əvvəlki kimi doğulur. Ətdən- sümükdən yoğrulan insan bədənini onun ilahu ruhu yaşadır—ağlayır, gülür, sevib-sevilir. Bu məqamda B. Vahabzadənin “Emadin—Volqa” şerini xatırlamaq yerin düşərdi. Şeirin məzmunu belə idi: Emadin köhnəlmiş modeldir, Volqa isə müqayisədə daha müasir və komfortlu maşın olduğu üçün dəbdədir. Məgər insanın mənəviyyatı, insan hissləri də köhnəlirmi?” Xeyr! İnsanın  ürəyi ülvi hisslərlə çırpınırsa, insan özünün və dünyanın qayğılarıyla yaşayırsa, demək, poeziyaya  daim ehtiyac duyacaq. Belə çıxır ki, Füzulidən əvvəlkilər və ondan sonrakılar əllərinə qələm almamalıydılar. Absurd yanaşma! Oxucuya nəsə demək istəyirsənsə,  ətrafda gördüyün hər şeyə, ən xırda detala da poetik məna verməklə şeir yazmaq mümkündür. Xalq şairi Fikrət Sadığın dediyi kimi:

 

                                        Bir damcı şehdən şeir olarmı?

                                                    Bir gilə göz yaşıdırsa,

                                                                      onda necə?

                                       Günəşin bir telindən şeir olarmı?

                                                      Bir yarpağı yaşadırsa,

                                                                      onda necə?

                                       Sahildəki qumdan şeir olarmı?

                                                     Ovulmuş qaya daşıdırsa,

                                                                       onda necə?

                                      Çeçələ barmaqdan şeir olarmı?

                                                  Beş barmağın qardaşıdırsa,

                                                                       onda necə?

                                                                                       (1964)

    Müzkirədə toxunulan Vətən mövzusu isə poeziyanın əzəli və əbədi tərənnüm obyekti olaraq qalacaq. Göz açıb gördüyümüz dağın, aranın gözəllikləri-- dağlar, dərələr, qayalar, daşlar, bulaqlar, düzənliklər, ot, su, yarpaq və daha nələr, nələr Vətəndirsə, onun bir parçası olan insana bu Vətəni sevmək hissini aşılamaq şairin ən müqədəs borcudur. Qəlbən şair olan Vətən sevgisinə təkrarsız bədii çalar tapacaq. Məgər zəmanə dəyişəndə Vətənə sevgi hissi də dəyişməlidir? Bu günün şairi böyük Abbas Səhhətin “Könlümün sevgili-məhbubi mənim, vətənimdir, vətənimdir, vətənim” fukrinə nihilistcəsinə, qərəzli yanaşırsa və onda “gərəksiz romantika və sentimentallıq” axtarırsa, bu, onun faciəsidir. Əvvəla, romantikasız şeir qanadı qırılmış quş kimidur, o əngin səmada qanad çala bilmədiyi kimi, şübhəsiz, ürəklərə də yol tapa bilməz. İkincisi, sentimentallıq (İfrat sentimentallıqdan söhbət getmir.) insan təbiətinə xas olan xüsusiyyətdir. Bu, dünən də belə idi, bu gün də belədir. A. Səhhətin həmin şeirində bu cür  əsassız nöqsan axtarmaq, sadəcə, sərsəmlikdir. Şübhəsiz, hər dövrün şairi Vətənə öz baxış bucağından yanaşır və təbii ki, iyirminci və iyirmibirinci yüzilliyin şairi şeirində “ könlümün sevgili-məhbubi mənim” (“qəzəl” janrından savayı) ifadəsini işlətməyəcək və o Vətənə məhəbbətini gözəl şairimiz Musa Yaqubun bircəbəndlik şeirində olduğu kimi daha sadə və poetik bir dillə izhar edəcək:

 

                                       Bəlkə də borcundan çıxmadım, Vətən,

                                       Ömür bahar deyil bir də qayıtsın.

                                       Öləndə qoynunda qoy ölüm ki, mən

                                       Çürüyüm, bir ovuc torpağın artsın!

 

Bu baxımdan Ə. Ol da, Ə.Cahangir də eyni mövqedədirlər. İ. Qəhrəman isə bəzilərinin əks mövqedə dayanmalarını bu günün insanının kosmopolit düşüncəyə  malik olmasıyla izah edir. Düzdür, bu günün insanı çox uzağı demirəm, hətta otuz il özündən əvvəki nəslinə bənzəmir. Bu gün o, daha “ağıllıdır”, dünyaya daha açıq gözlə baxır, reallıqla romantikanın kəskin fərqini anlayır, eyni zamanda onun üçün maddiyyat daha real mahiyyət kəsb edir. Təbii ki, onu heyrətləndirmək də çox çətindir. Elə ona görə də bu günün sənətkarının işi daha ağırdır. Lakin bir təkzibedilməz həqiqət var ki, hansı tərəfə çəkirsən çək, insan  insan olaraq qalır. Əgər o  bu gün  gözəl bir şeir dinləyəndə, yaxud filmin təsirli bir epizoduna  baxanda göz yaşı axıdırsa, demək, sənət daim yaşayacaq.

    Ə. Cahangirin müasir dövrün şairdən, poeziyadan tələbi barədə verdiyi suala V.Bəhmənlinin cavabı da bilavsitə yuxarıda qeyd edilən fikirlərlə səsləşir: “…Təcrübə göstərir ki, tələblə, yaxud şüurlu və ya qeyri-şüuri sifarişlə yaradılan nəzm parçaları hansısa qüvvələr tərəfindən geniş təbliğ olunsa da, ədəbi dəyərə çevrilmir, uzunömürlü olmur. Ürəyin, ağlın ən dərin qatlarından süzülüb gələn poeziya örnəkləri isə göydən nazil olan müjdələr kimidir. Bu baxımdan şeirə olan təlabat min il bundan əvvəlki kimidir. Bu, ilk növbədə, insan düşüncəsinin fərqli, daha doğrusu, obrazlı idadəsiylə bağlıdır. Sonrakıları belə sıralamaq olar: əbədi və bəşəri mövzu, insan hisslərinin və davranışlarının unudulmaz təsviri, təsirlilik, möhtəşəm harmoniya, özünəqədərki ifadə imkanını genişləndirən dil zənginliyi. Sənətkarın ruhi vəziyyəti, emosional ovqatı da daxil olmaqla əsl poeziyanı yaradan səbəblərin hamısı əsasdır…”

    Aparıcı müzakirəni  son illər mübahisə doğuran daha bir problemə yönəldir: “Məni maraqlandıran odur ki, niyə biz klassiklərimiz haqqında həqiqətlərimizi həmişə birtərəfli deyirik? Onları birmənalı şişirdir, idealizə edirik. Məhz bu idealizə postmodernizmdə klassika bütlərini qırmaq ehtirası doğurdu. Çünki büt olmasa, onları qırmaq arzusu da olmazdı.”

    Sual da, qısa açıqlama da  ona işarədir ki, “büt” və “ehkam” problemi  mahiyyətcə hələ də həllini tapmayıb. Bu məsələyə də “Qurultaya məktub”umda (“Ədəbiyyat qəzeti”) toxunmuşam. Lakin yenə də bəzi məqamlara öz subyektiv münasibətimi bildirmək istərdim. Kimisə “bütləşdirmək” və həmin “büt”lərin ən adi bir fikrini (əlbəttə, mövcud rejimin “döşünə yatan” fikri)  müxtəlif təbliğat vasitələriylə “ehkam” kimi cəmiyyətə qəbul etdirmək ideyası elə sovet dövründənqalma mirasdır. Siyasi fiqurları kənara qoyaq. Ədəbiyyat sahəsində də eyni senari tətbiq olunurdu. Hakimiyyət ədəbiyyatı öz ideologiyasının ən sərrast və uzaqvuran silahı sayırdı, ona görə də kütləyə təsir edə biləcək simaları əsasən yazıçıların, şairlərin arasından ( Şübhəsiz istedad amili nəzərə alınırdı.) seçir, gündəmə gətirir, başlarına “şöhrət tacı” qoyurdu ki, onun parıltısı digər yazarları, xüsusilə yeni addım atmağa başlayan gəncləri  bu yola çəksin, beləliklə, kütlənin gözünü qamaşdırsın. Çünki hakimiyyət öz siyasətini bədii əsərlərin vasitəsiylə kütləyə daha asan “yedizdirə” biləcəyinə inanırdı. Bu, çox ağıllı və düşünülmüş siyasət idi. (Uzun illər istər nəsr, istər dramaturgiya, istərsə də poeziyada şüarçılığa, yersiz pafosa, hətta səhnə danışığındakı yeknəsəq “kitab dili”nə də rəvac verilməsi də həmin siyasətin acı nəticəsi idi. Eyni zamanda üzdə “formaca milli, məzmunca sosialist” ədəbiyyatın  mühüm bir vəzifəsi də vardı—“sovet adamı” obrazı yaratmaq. Bu yeni “adam”ın milliyyəti yoxdur, o heç bir irqə və dinə mənsub deyil. Belə adamı idarə etməyə nə var ki?! Bir sözlə, manqurtlaşdırma siyasəti yürüdən sovet hakimiyyətinin (əslində imperiyanın)  faciəsi də bunda idi. Nəticəsi də məlumdur—o dağıldı.)  Ə. Olun dediyi kimi, “…poeziya əksərən siyasi hakimiyyətlə eyni hədəfə vururdu və bunun qarşılığında hakimiyyət də ona borclu qalmır, onun təbliği işində əlindən gələni əsirgəmirdi…”  Həmin siyasətin “çaldığı havaya” köklənmiş, “ştatsız senzor” rolunu oynayan tənqidçilərimiz də eyni simaların təbliğində bəhsə girirdilər. Ayağını bir azca “əyri” qoyanlar “ isə gedərgəlməzə” göndərilirdilər. Bu, həmçinin məşum 37-si il siyasətinin tərkib hissəsi idi. Nəticədə nə baş verdi? İstedadlı qələm adamlarından bir çoxu repressiya olundu, bir çoxları da  kölgədə qalıb, kimsənin yadına düşmədilər, sadəcə, Allahın onlara verdiyi missiyanı yerinə yetirib, ömürlərini sakit-səssiz başa vurdular. 70-ci illərdə də belə idi. Tənqidçilər  “çevir tatı, vur tatı” prisipi ilə yalnız beş-altı şairin yardıcılığını “analiz” etməklə məşğul idilər. Zahirən “qiyafəsini” dəyişən  həmin xoşagəlməz ən-ənə indi də bu və ya digər formada davam etməkdədir, qeyd etdiyim kimi, “hələ ki tənqidimiz tərif dövrünü yaşayır.” Ozamankı hakimiyyət isə  by gün artıq tarixə düşmüş yazıçılarmızı “bütləşdirdiyini”  zənn edirdi. Əslində, qazanan ədəbiyyatımız oldu. Bütün qadağalara rəğmən şöhrəti olanların da, olmayanların da yaratdıqları əsərlərin əksəriyyəti  tariximizin bədii əksidir və bu əsərlər milli hisslərimizin, milli -mənəvi dəyərlərimizin qorunub saxlanmasında, xüsusilə dilimizin zənginləşməsində, büllurlaşmasında misilsiz rol oyanayıb. Bügünkü müstəqilliyimizdə onların haqq-halal payı var.  Ona görə mən də “büt” sözünü əleyhinəyəm. Söhbət böyük şəxsiyyətlərdən gedir. Axı, bu tarixu biz yaşamışıq. Kim deyə bilər ki, həmin əsərləriin heç birində real həyat yoxdur?  O zaman da şəxsi mənafeyi naminə şit, bayağı, bədiilikdən uzaq nəzm parçalarından ibarət “mədhiyyə” yazanlar çox idi. Məgər indi belələri azdı? Böyük sənətkarlar isə tərifi də yüksək sənətkarlıqla yazırdılar.

    Belə bir fikir də formalaşıb ki, 30—50-ci illər arası yaranan əsəsrlərin əksəriyyəti sovet ideologiyasının “Domokı qılıncı”ndan yayınmaq məqsədilə qələmə alınıb. Etiraf edirəm ki, bu fikri bir yazımda (“ Ulduz” jurnalı) təsdiqləsəm də, bəzən tərəddüd etmiş, necə deyərlər, iki yol ayrıcında qalmlşam -- dərindən düşünəndə həmin poeziya nümunələrinin “könülsüz” yazılmasına inana bilməmişəm. M. Müşfiqin şeirləri, poemaları, xüsusilə --“Qaya” və“Azadlıq dastanı”, R.Rzanın “Lenin”  və S. Vurğunun “Zamanın bayraqdarı” poemaları, həmçinin S.Rüstəm və M. Rahim kimi bir sıra şairlərin, həmçinin 50- ci illərin əvvəlində ədəbiyyata gələnlərin şeirləri  həvəssiz yazıla bilərdimi? Qətiyyən yox! (60- 70- ci illərdə də bu mövzu unudulmurdu. X. Rzanın Leninə həsr olunmuş bir neçə şeiri işıq üzü gördü,  “Lenin tarix yazmadı, tarix yaratdı”,-- deyən  B. Vahabzadə “Leninlə söhbət” poemasını da yazdı, M. Arazın “Atamın kitabı” əsəri meydana çıxdı və s. Lakin elə həmin  illərdə bu mövzuya maraq  tədricən azalmağa başladı.) Bəs onları ilhamlandıran nə imiş?  Nə qədər baş sındırsam da, son nəticədə bir versiyanın üstündə dayanıram: onlar yaşadıqları quruluşa – “İNSAN” amilinin hər şeydən üstün tutulduğu yeni ictimai-siyasi formasiyaya (deformasiyaya uğradılmış, avtoritar rejimlə idarə edilən sosializmə deyil)--  əsl sosializmə  ürəkdən inanırdılar. ( S.Yesenin deyirdi ki, mən sosializmi öz kənçi təxəyyülümlə qəbul etmişəm.) Şəxsən mən indiyədək bir tikə çörək üçün insanın sinsidildiyi heç bir quruşu, o cümlədən insan dəyərinin kapitalla ölçüldüyü  kapitalizmi qəbul etməmişəm. Bəzilərinin kapitalizmi ibtidai icma quruluşundan və quldarlıqdan sonra təbii təkamül prosesinin nəticəsi kimi dəyərləndirməsi mənə qəribə təsir bağışlayır. Necə olur ki, kapitalizmin meydana gəlməsi təbii proses sayılır, sosializm “ göydəndüşmə” hesab edilir?. Məncə, kökündən səhv mühakimədir. Onlar  öz xalqının xoşbəxtliyini hər cür imperiyanın müdaxiləsindən kənar, ədalətlə idarə olunun sosializmdə  görənlər idi.

    Əyani bir sübut: həmişə rəğbət bəslədiyim. mübariz şairimiz Xəlil Rza Ulutük Ankaradan müalicədən (Şair ürəyindən müalicə olunurdu.) qayıdandan sonra bir dəfə “Xalq qəzeti” nin redaksiyasına gəlmişdi. Çox sadə və mehriban insan idi. Onun atüstü söhbəti indiki kimi yadımdadır. Rəhmətlik Xəlil müəllim danışırdı ki, bir gün xəstəxananın həyətində gəzişirdim. Ambulans gəldi. (Bu sözü də ilk dəfə ondan eşitmişəm.) Naləsi göyə dirək olan bir xəstə cavanı dəhlizdəki xərəyin üstünə qoyub getdilər. Onun səsinə dözə bilmədim. Yanımdan tələsik keçən bir həmşirəyə, yəni bizim dillə desək, tibb bacısına: “Həmşirə xanım,-dedim,- axı, o yazıqdır, nədən ona kimsə yardım etmir? Mənə çox laqeyd tərzdə cavab verdi: “Boş verin, bəy əfəndi, yaxınları gələr, bakarız, - dedi və heç nə olmamış kimi getdi. Dəhşətə gəldim. Bizdə belə şey olardımı? Əsla! Para üzərində bərqərar olan kapitlizm insanı bir-birindən belə soyudur.

     Mən fürsəti əldən vermədim:

--Xəlil müəllim, onda sovet hökumətini bu qədər niyə qılınclayırdınız? Axı, onun da siyasi quruluşu sosializm idi?!

-- Mən sovet-kommunist rejiminə, onun sərsəm ideologiyasın,  imperiya siyasətinə qarşı idim, sosializmə yox. Mən Vətənimin müstəqilliyinin təşnəsi idim. Şükür, onu da gördüm. Kapitalizm heç vaxt insana xoşbəxtlik gətirməyib.

Söhbəti uzatmadıq. Çılğın təbiətli şairimizin “ürəyindən” qorxduq. Görünür, tərəddüd etməkdə müəyyən mənada haqlıyam.      

    …Stalinin ölümündən sonra yazıçılarımız illər boyu ürəklərində gizli saxladıqları müstəqillik arzusunu büruzə verməyə başladılar. 50-ci illərin axırlarına yaxın poeziyamızda artıq sətiraltı mənalar özünü göstərirdi.  Şairlərimiz əksər hallarda xarici ölkələrdə baş verən haqsız müharibələri, qanlı hadisələri, irqi ayrı-seçkiliyi təsvir etməklə dilə gətirə bilmədiklərini bu yolla deyirdilər. Çoxlarını qəflət yuxusundan oyatmış “Gülüstan” poemasını  yazan B. Vahabzadə ən gözəl poemalarından birini—“Yollar və oğullar”ı, həmçinin  “Ana dilim”, “Köklər..budaqlar” kimi neşə-neçə şeirini yazdı. “X. Rza: “Azalığı istəmirəm qram-qram, qolumdakı zəncirləri gərək qram, qram, qram!”- dedi. R.Rza da yazdı ki,  “…Mərdəkanı sarı qum basır, inəyimiz sarı bala doğur!” Oxşar nümunələri çox sadalamaq olar. Ürəklərimizə azadlıq toxumu belə səpildi. O toxumlar göyərdi, ruhumuzu oyatdı, 90-cı ilin 20 Yanvarında tankların üstünə əliyalın getdik, qanımız bahasına bir millət kimi ən böyük xoşbəxtliyimizi—müstəqilliyimizi qazandıq. Təki əbədi olsun!

    Yuxarıda qeyd olunanlardan belə nəticə çıxmasın ki, sovet dövrü yazıçı və şairlərimizin heç kəm-kəsiri yox imiş. Var idi, lakin o zamankı tarixi şəraiti nəzərə almadan  ədəbiyyatımızın odövkü ümumi mənzərəsinə bu günün prizmasından baxsaq, əlbəttə, həmin nöqsanlar daha qabarıq görünəcək. Hər halda mənə belə gəlir. İndi ifrat inkarçılığı özünə həyat devizi seçənlərin, özünü modernist, yaxud postmodernist adlandıranların əksəriyyəti əgər o dövrdə, həmin ideologiyanın basqısı altında yaşasaydılar,inanıram ki, əllərində qırmızı bayraq, dillərində şüarlar ən qabaqda gedənlərdən olardılar. Onu da xatırlatmaq istərdim ki, 30-cu illərdən başlayaraq, 90-nın əvvəllərindək yazıçı-şairlərimizin  bir-birinin ardınca gələn hər yeni nəsli özündən əvvəlkini inkar etməyib, əksinə onların yaratdıqları ədəbi irsə hörmətlə yanaşıb, öyrənib, lakin təkrarlamayıb, daha da qabağa getməyə və öz yolunu seçməyə çalışıb. ( Müzakirə iştirakşılarından hər biri buna canlı süburdur.) Qiymət vermək tənqidçilərin işi idi—qərəzli, ya qərəzsiz. Ədəbiyyatımız qazanıb deyəndə həm də bunu nəzərdə tuturdum. Bəs nəyi itirdik? “Xalqlar dostluğu” pərdəsi arxasında imperiyanın apardığı çirkin siyasətin nəticəsində biz kökümüzdən uzaq düşdük. Qətran Təbrizidən, Xaqanidən, Nizamidən, Nəsimidən, Füzulidən …üzü bəri klassiklərimizin yaradıcılığından xəbərsiz olduq. “Dədə Qorqud”dan üzü bu yana aşıq ədəbiyyatına biganə qaldıq. Rus şairlərini—Derjavini, Puşkini, Lermontovu, Yesenini, Mayakovskini, Simonovu,Tvardovskini, Antakolskini, R. Kazakovanı…, hətta Voznesenskini, Yevtuşenkonu və s. və i. bir çoxlarını daha yaxşı tanıyırdıq, nəinki Məhəmməd Hadini. Artıq yaşlı və orta nəsil üçün geriyə qayıtmaq gecdir. Meydan gəncliyindir—onlar bundan nəticə çıxarmalıdırlar.  Vaxt gələcək, bu günün şıltaq, ərköyün gəncliyi də K. Marks demişkən,  öz keçmişindən acı gülüşlə ayrılacaq.

    HAŞİYƏ: Belə bir fikir də var ki, gənc qələmdaşlarımız “büt” deyəndə heç də “ölüləlr”i nəzərdə tutmurlar. Hədəf “dirilər”dir. Məhz “dirilər” in tutduğu yol onları qane etmir. Klassiklərimizin bəzilərinin tez-tez təbliğ olunması, bəzilərinin heç yada düşməməsi aysberqin görünən tərəfidir.  Məsələ bəzi “dirilərin” gündəmdən düşməməsi, az qala “büt”ə çevrilməsidir. Eyni zamanda seçim məsələsində “adamın adamı” prinsipinin mühüm rol oynamasıdır. Məsələn, Yazıçılar Birliyinin xəttiylə keçirilən təbirlərdə, iclaslarda  eyni adamların çıxış etməsi, yəni “söz demək haqqına sahibliyi”, müsabiqələrdə yer tutan “zəiflər”in,  xaricdə keçirilən, türklər demişkən,  ədəbiyyat törənlərinə (istedadın fərqinə varmadan, şəxsi dostluq  və yaxın tanışlıq naminə)  göndərilənlərin, haqqı oldu-olmadı müəyyən imtiyzlardan barınanların (kitab çapına qədər), və s. və i. demək olar ki, xırda istisnaları nəzərə almasaq, əksəriyyəti eyni şəxslərdir.  Belə rəsmiyyətçiliyi hədəfə almaq, sözü açıq-aşkar demək əvəzinə, yersiz radikal mövqedə dayanan bəzi müasir gənclər ( Təəssüf ki, aralarında gənslik yaşını keçənlər də var.) çarəni klassik ədəbiyyatla “modernizm” anlayışını üz-üzə qoymaqda görürlər. Əlbəttə, bu, yanlış yoldur. Digər tərəfdən, insafla danışsaq, hazırda  hər şey gəncliyin xeyirinədir—qoruq-qadağa, yox, senzura yox, kim nə istəyir onu da yazır, nəşriyyatlar çox--çap imkanı geniş. Dövlət də öz qayğısını əsirgəmir—illik təqaüdlər təyin edilib, Yazıçılar  Birliyində gənclərin işi üzrə katiblik fəaliyyət göstərir, “Ulduz” jurnalı da birbaşa gənclər üçün nəşr olunur və s. Əsassız iddialardan uzaq, öz yazı üslubu olan bir çox gənclərdən razılıqla danışan  F. Mehdiyeva da həmçinin etiraf edir ki, “..Məncə, indiki gənclərə verilən meydan bizim dövrün gənclərinə heç vaxt verilməyib. Gənclər katibi Rəşad Məcid onların nəinki yaradıcılığı, işləri, hətta mütaliələri, məişət problemləriylə də yaxından maraqlanır, layiq olanları Prezident təqaüdünə təqdim edir, redaktoru olduğu “525- ci qəzet”də gənclərə geniş yer verir. Gənclər gərək bunları qiymətləndirməyi bacarsınlar, sui-istifadə etməsinlər…”                           

    İndi dəbə düşən modernizm, yaxud onun ”kvadratı”-- postmodernizm cərəyanları əsrin əvvəllərində--20-ci illərdə də olub. Modernizm tərki-dünyalıq deyil, əksinə müasirliyin, yeni təfəkkürün, həyata yeni baxışın, quruluşun yaratdığı problemlərlə barışmazlığın  təcəssümü deməkdir. Əslində, bu prinsiplə yazılan əsərlər hər cür pafosdan, şüarçılıqdan, ritorikadan uzaq olmalı, həyatın görünən və görünməyən tərəflərini süni şəkildə bəzəmədən onu bədii obrazların fonunda təqdim etməli,  oxucunu heyrətləndirməklə yanaşı, ona milli və bəşəri ideyaları aşılamalıdır. Burada qeyri-adi nə var ki?! Sadaladıqlarım böyük ədəbiyyatın əsas missiyası deyilmi?  Bəs nə baş verir? Elə bil ki, artıq Azərbaycanın da, dünyanın da bütün problemləri həll olunub. Vaxt vardı ki, Cənub mövzusu poeziyamızın əsas hədəflərindən biri idi-- yazıq Arazı yamanlamaqdan usanmırdıq. Sərhədlər açılandan sonra bu mövzu tamamilə unuduldu. Sanki ürəklərimizi yandırıb- yaxan ikiəsrlik həsrətin üstünə su çiləndi. Sən demə, bu boyda hay-haray beş-altı ailənin, qohum-əqrabanın görüşüb-öpüşməsi üçünmüş. Göyçə yaddan çıxıb.  Qarabağ mövzusunda yazılan əksər şeirlər, poemalar sanki “köçdən qalmamaq üçün” həvəssiz yazılır,  Məgər bundan da böyük dərdimiz var? Əgər bu boyda dərd də şairi silkələmirsə, ondan hansı vətəndaş mövqeyi umacaqsan? Axı, zaman dayanmır, yaddaşlar korşalır. Qarabağda elə dəhşətli hadisələr baş verib ki, hər biri bir tarixdir. Meşəli, Kərkicahan kimi yüzlərlə kəndlərimiz, xocalı kimi şəhərlərimiz yerlə yeksan oldu, səkkiz ailə, yəni səkkiz nəsil  yer üzündən silindi. Bəs süjetli əsərlər-poemalar nə vaxt yazılacaq? Düzdür, yazan çoxdur. Bu gün ömründə əlinə qələm almayanlar—köçgünlüyün acısını dadan da, dadmayan da, yaxud ömründə kitab üzü açmayanlar təqaüdə çıxan kimi bekarçılıqdan şeir quraşdırır, kitab çap etdirir. Onların ədəbiyyata heç bir dəxli yoxdur.  Mənə bir oxucu kimi peşəkar qələmindən çıxan əsər lazımdır ki, qanlı tarixim gələcək nəsillər üçün görk olsun. Digər tərəfdən, dünya od içində boğulur, insan yırtıcıya dönüb bir-birini didib parçalayır. Şərq od tutub yanır, iblis kimi dondan-dona girən Qərb dünyanı qan çanağına döndərib və daha nələr, nələr…

 

                                    Bəşərin əlində ölüm silahı,

                                    didir bir-birini quduz it kimi.

                                    Dağıt, Yer üzünü,

                                                            dağıt, İlahi,

                                    günaha bulaşmış planet kimi!

 

    İndiki şeirimizin qəhrəmanı isə sanki dünyadan təcrid edilib, yalnız öz içi ilə əlləşir. İmkanım daxilində son illər oxuduğum şeirlərdən (şeir demək mümkünsə)  bir sətir də yadımda qalmır. Şükür ki, uzun illərin xəstəsi olsam da yaddaşımdan şikayətim yoxdur. Bəs necə olur ki, qırx il bundan əvvəl yazılanlardan nəsə xatırlaya bilirəm? Şeir insanı tərpətməli, ürəyini yerindən oynatmalıdır ki, yadda qalsın. Xoşagələn nə varsa, yenə də az- çox “köhnələr”in qələmindən çıxır. Təəssüf ki, bəzən onların da  “…uğurlarını keyfiyyət dəyişikliyindən daha çox kəmiyyət artımı ilə xarakterizə etmək olar.” (Ə.C.) Satira janrı isə artıq “ölüb”, yoxdur, çünki: “hər işimiz düzəlib, hətta saqqal darağımız da var. İnsanlar nəcibləşib, cinayət törədən yox, hamı nəfsinə qalib gəlib, qurd quzu ilə otlayır, haram tikə yeyən də qalmayıb…və s. Daha nə lazımdır?!”  Görün çatlasın, Sabirim! O dahi sağ olsaydı və bir anlıq üzümüzə baxsaydı, bizə ilk sözü nə olardı görəsən?! 

     Bəzən mənə elə gəlir ki, modern adlandırılan şeirlərin əksəriyyəti müəllifin deyil, hansı naşınınsa əcnəbi dildən səriştəsiz tərcümə etdiyi söz yığınıdır və bu sözlər elə bil ki, bir-birinə zorla “qaynaqlanıb”, himə bənddir ki, qopub pərən-pərən düşsün. Niyə? Çünki ilhamla deyil, yazmaq xatirinə yazılıb. Şeirdə fikirlə sözün vəhdətini yaradan, onu cilalayan və  müəyyən harmoniya üstündə kökləyən ilhamdır. İLHAMSIZ POEZİYA YOXDUR. Ilham şairin öz daxili səsidir. O səs yoxdursa, o şəxs də şair deyil. Hər şeirin də hökmən öz fəlsəfəsi olmalıdır. Bu fəlsəfənin “dərinliyi, yaxud dayazlığı” isə şairin hansı dünyagörüşə sahib olmasından asılıdır. Ə. Cahangir haqlı olaraq deyir ki, “…İndi kimin azacıq savadı varsa, şeir yazır. Bu plüralizm isə avtomatik olaraq, istedadlı ilə istedadsız arasındakı fərqi aradan qaldırır. Gənclərdən bəziləri belə düşünür ki, ilham bu gün keçmişə məxsus bir qalıq, anaxronizmdir.Yəni şairə “ilhamdan mayə-filan gərək” (M. Müşfiq.) deyil. Yanıla bilərəm, məncə bizdə ilham pərisinə müraciət edən sonuncu şair Məmməd Araz olub, o da muzanın varlığını şübhə altına alıb:

                                         Ey ilham pərisi, varsansa əgər,

                                         Bu axşam üstümə qanadını gər.”

 

Fikrimiz əsasən eynidir. Yuxarıda ilhamın şeirdəki rolunu bu iki misrada aydınlaşdıraq. Həmin misralar gündəlik həyatımızda işlətdiyimiz adi cümlələrdən fərqlənmir: ” Ey ilham pərisi, əgər varsansa, bu axşam qanadını üstümə gər.” Burada sözləri seçib bir-birinə doğmalaşdıran və harmoniya yaradıb poetik misralara çevirən ilhamdır. O da düzdür ki, həqiqətən, M.Araz ilham pərisinə müraciət edən sonuncu şairdir. (Vaxtilə həmin əsərdən təsirlənib yazdığım şeiri də ona həsr etmişəm.) Lakin o muzanı şübhə altına almır. Şair ilhama müraciətdən, sadəcə, bədii vasitə kimi istifadə edib. Xatırladım ki, şair poetik gözəlliyindən əlavə, dərin fəlsəfi mahiyyətilə adamı ovsunlayan bu şeirdən çox sonralar Allaha müraciətlə daha dərin fəlsəfi tutuma malik “Ya Rəbbim, bu dünya sən quran deyi!”başlıqlı şerini yazmışdı.  M.Arazın ilhamsız yazılan bir sətri də yoxdur. Ümumiyyətlə, müasir ədəbiyyatımızda iki “söz oynadan” şair olub: M. Müşfiq və M. Araz. Onların bütün yaradıcılığı sanki “göydən nazil olmuş” (V. Bəhmənli) misralardan ibarətdir.

    Poeziyada ilhamın rolunu inkar etməyən (özü  həm də şair olduğu üçün), lakin irihəcmli poeziya nümunələrinin ilhamla yazılmasına şübhə ilə yanaşan İ. Fəhminin bircümləlik sualı lakonik bir dialoqun alınmasına rəvac verib:

    --”Mən hələ də başa düşə bilmirəm ki, ilhamla 80 səhifəlik şeir necə yazıla bilər?”

    V. Bəhmənli: “300 səhifəlik roman necə yazılırsa, o da elə.

    --Roman belədir ki, ilham öncədən süjet xəttini gətirir və sonra da sən ağılla oturub onu yazırsan.

    Ə. Cahangir:

    --Kafka “Hökmü” bir gecəyə, Dostoyevski “Qumarbazı” 27 günə, Sabir Əhmədli “Yasamalda nişanə”ni bir həftəyə, Elçin “Mahmud və Məryəm”i 18 günə yazmışdı. Bunlar öz müəlliflərinin ən oxunaqlı, ən maraqlı əsərləridir. Hamısı da ilhamla yazılıb. Çünki belə qısa müddərdə bir roman və ya povesti ancaq ilhamla yazmaq olardı. Bu əsərlərinoxucuya qüvvətli emosional təsiri də məhz ilham amili ilə bağlı idi. Çünki ilhamla yazmaq ürəkdən yazmaq deməkdir və yalnız ürəkdən gələn söz ürəklərə təsir edə bilər.”

   Mən susuram, susmaqsa razılıq əlamətidir.

   İ.Qəhrəman da haqlı olaraq vurğulayır  ki, şeir həm də səmimi olmalıdır. O, şairin elmini, savadını ön plana çəkərək,  böyük Füzulidən sitat gətirir:” Elmsiz şeir əsassız divar olur və əsassız divar bietibar olur.” Doğrudur, lakin şair zərurət duyarsa, elmdən yararlana bilər, bir şərtlə ki, o elmi detallardan bir vasitə kimi istifadə etsin.

    İlhamın fikrinə ikili yanaşan Ə. Cahangir söhbəti  çağdaş poeziyanın narahatlıq doğuran daha bir “kəsir”inə yönəldir: “ Son dövr poeziysı iki cür pozulub: birincisi, səmimiyyət, azadlıq adı altında vuilqarizmlər baş alıb gedir, xüsusən də gənclər intim məsələrdən açı-saçıq yazmağı ən böyük yenilik və qəhrəmanlıq sayırlar, bunun ən bariz nümunəsi Sevinc Pərvanənin, müəyyən qədər də Günel Mövludun şeirləridir; ikincisi, obrazlılıqdan tamamilə imtina etmək, misranı cümləyə çevirmək...Birincisi, şeirin məzmun, ikincisi isə formaca pozulmsıdır...”

    Oxuciya heç bir aidiyyəti olmayan belə şeirlərin “lirik qəhrəmanı” gecələr rəngbərəng yuxular görüb, səhərisi gün onu yarıyuxulu ehtirasla canbirqəlb rəfiqəsinə danışan və öz danışığından şəhvani həzz alan yebeyin qadına bənzəyir. İkincisi, şeirin obrazlılığına, məzmun və formasına gəldikdə isə, onu da əlavə etmək istərdim ki, son dövr şairləri sərbəst şeir yazmağı çox asan bir iş sayırlar, unudurlar ki, “sərbəst”in öz qayda -qanunu var: intonsiyanın tələb etdiyi ölçü daxilində fikrin, şeiriyyətin harmoniyası, eləcə də qafiyələrin yerli-yerində işlənməsi, ən başlıcası, obrazlılıq vəhdət təşkil etməlidir. Fikirlə yanaşı, qafiyə də şeirin bəzəyi, öz boyuna biçilib tikilmiş əlvan “libas”ıdır, eyni zamanda müsiqidə olduğu kimi, şerin ahəngini bir pərdə üstündə “tənzimləyən” notlardır. Son vaxtlar  həmçinin şeirlərdə “qafiyə pintiliyinə” rast gələndə, düşünürəm ki, İlahi, görəsən, bu müəllifin qafiyə sisitemindən xəbəri varmı? Görəsən, o niyə  “Ədəbiyyat nəzəriyyəsi” kitabını vərəqləməyə ehtiyac duymayıb? Ən çox pozulan qafiyələr də feillərin “bəxtinə” düşür. Belələri hələ bilmirlər ki, əgər feillərin məsdər forması qafiylənərsə, onları işlətmək məqbuldur: “yazmaq—azmaq, əzmək—bezmək” və s. İkinci bir dərd isə dilin oturuşmuş qrammatikasının pozulması, yeri gəldi-gəlmədi sözün şifahi təlləffüz formasının (transkripsiya), eləcə də təsirlik hal isimlərinin təhrif  olunmuş şəkildə işlədilməsi kimi anormal yazı üslubunun özünə qanuni yer eləməsidir və s. Məsələn: “deyəcəyəm” əvəzinə “deyəcəm”, “özünü” əvəzinə “özün” ...O da  maraqlıdır ki, sovet dövrü ədəbiyyatının hətta son nəslinin şeirlərində belə  bir dənə də olsun dil və qafiyə xətası tapmaq mümkün deyil, çünki onlarda əvvəlkilərdən əxz etdikləri məsuliyyət hissi  var. “Formasından asılı olmayaraq, şeirdə qayə aydın olmalı, forma və obrazlı dil isə ona xidmət etməlidir. Obrazlı dil “quş dili” deyil. Dünyada təxminən 2500 danışıq dili mövcuddur. Hələ ki, elə bir dil yoxdur. Əfsanəyə görə, yalnız Süleyman peyğəmbər heyvanların, quşların dilini bilirmiş. Yoxsa peyğəmbərlik iddiasında olan da var? Yerin dərd-səri qurtarıb, kiminsə könlünə başqa planetlərin “qara sevdası” düşüb, daha ona “küçə dar gəlir”? Yəqin “Azərbaycan şairi!” titulu işə yaramır. Ay şairi, Mars şairi, Yupiter şairi yarlığı necə? Hər planetin də öz dili! Əcəb təntənəli səslənir!”—(E. E.)           

    Sərbəst şeirin problemləriylə əlaqədar 70-ci illərdə də belə söz-söhbətlər gedirdi. Hətta bu mövzu bədii ədəbiyyatda da öz əksini tapmışdı. İstedadlı yazıçımız, mərhum Salam Qədirzadənin bir hekayəsi (Təəssüf ki, adını xatırlamıram.)  yadıma düşdü. Özünü “ağıllı və təcrübəli” adam sayan ata oğluna nəsihət verir ki, ”... ey oğul, bil və agah ol! Əgər şeir yazmaq istəsən, sərbəst şeiri seç, sətirləri qırıb, altbaalt yaz. Buna həm yenilik deyəcəklər, həm də qonorarın çox olacaq. Yox, əgər roman yazmaq ustəsən, belə başla: “Səhərdir. Günəş şərqdən çıxır, maşınımız dəniz kimi dalğalanan zəminin arasıyla qərbə doğru hərəkət edir. Axırını da belə qurtararsan ki, günəş batır, maşınımız dəniz kimi dalğalanan zəminin arasıyla şərqə doğru hərəkət edir. Tənqidçilər dinc dayanmayacaqlar, soruşacaqlar ki, bu nə təhər sonluqdur? Deyərsən ki, gəldiyimiz yolla qayıdırıq. Bir sözlə, ”sərbəst”i yazmaq üçün müəyyən təcrübə lazımdır. Uzağa getməyə lüzum yoxdur. Ən yaxşı örnək elə N.Hikmət və R.Rzanın əsərləridir. 

    İ.Fəhmi çağdaş poeziyamızda yaranmış  qeyri-qənaətbəxş  vəziyyətin səbəbini elmi-texniki inkişafın, xüsusilə internet məkanının genişlənməsi, ölkənin müstəqilliyi, azadlığı və torpaq, Vətən  itgisi kimi problemlərin qısa müddətdə baş verməsi, çox sürətlə keçməsi ilə izah edir. Məntiqi olaraq, şeirimiz ona görə də bu mərhələləri hələ də aşa bilməyib. Axı, başqa xalqlar  həmin prosesləri  fərqli zamanda yaşayıblar. O, ağrılı bir məsəni də unutmur: “... İndi çoxu Nobel xəstəliyinə yoluxub. Yəni sən dünyada tanınmırsansa, demək müasir deyilsən, yazının kefiyyəti yoxdur. Hər şey yalnız xaricə çıxmaqla ölçülür.  Mənə elə gəlir ki, indi Vətən itgisi, yurd ağrısı Nobel istəyindən geridə qalır. Bi gəncliyimizdə daha çox öz şirlərimizi sevir və oxuyur, onların şeirlərini əzbər deyirdik. İndi iə gənclər hansısa avropalını özünə örnək kimi götürür, ona oxşamaq istəyirlər. Bir növ öz şeirimizi sevmək onlar üçün zövqsqzlük, gerizəkalılıq sayılır. Əgər bir gənc, tutalım, Əjdər müəllimin şeirini sevsə belə, bunu etiraf etməyə utanır, əvəzində Avropadan birinin adını çəkib onu sevdiyini, bildirir. Çünki belə olan halda o, daha müasir, daha ağıllı və savadlı, bir sözlə, daha samballı görünür. Hərçənd ki, həmin Avropa, ya Amerika şairinin iki dildən keçən tərcüməsini oxuyub...” 

    Əgər  “Dəyirmi masa”nın arxasında olsaydım, tərəddüsüz, söhbətə quşulardım və deyərdim ki, sözünə qüvvət, İlqar müəllim, gəlin etiraf edək ki,  biz bir az “küyə” gedənik, tez qızıb, tez də soyuyanıq. Vaxt var idi, üzümüzü rus yazıçılarına tuturduq, onları ən yaxşı örnək sayırdıq. Ozamankı ideologiyanın  “drijor çubuğu”nun cızdığı dairəni bit kənara qoyaq. Öz canımızda da az deyildi axı. Yuxarıda qeyd etdiyim kimi, “özgənin qarışqasını filə döndərmək” sanki genimizdədir. Yəqin ki, hamı xatırlayar ki, hətta yığıncaqlarda belə bizim vəzufəlilərimiz bilərəkdən “qadın” sözündəki “q” hərfini “k” kimi tələffüz etməyi özünə şərəf sayırdı--desinlər ki, kişi dərin adamdır, lap savad dəryasıdır. Düzdür, onda da dünyaya çıxmaq üçün rus dili yeganə vasitə idi. Lakin unudurduq ki, örnək saydığımız rus poeziyası XVİİİ əsrdə kilsə nəğmələri əsasında təşəkkül tapmağa başlamış, tədricən Avropa ədəbiyyatından Derjavin kimi şairlərin əsasən fransız dilindən etdiyi tərcümələrin təsiri altında formalaşmış, XİX əsrdə isə  Puşkin poeziysının timsalında intibah dövrünü yaşamışdı. Hərçənd ki, onun da damarlarında müsəlman qanı axırdı.

    Öz ədəbiyyatımız necə? (Nəsrimizə rus nəsrinin təsiri danılmazdır.) Xİİ əsrdə İntibah dövrünü yaşayan Azərbaycan poeziyasının  1500 illik tarixi var.  “Dədə Qorqud”un yaşı 1300 ildən artıqdır.  “Astiaq əfsanələri”nin tarixi bizim eradan çox-çox əvvəllərə gedib çıxır. Ruslar isə yeganə “İqor polku haqqında dastanı” güclə Xİİ əsrə “pərçimləyiblər”. Indi də yzarlarımız üzünü Avropaya tutub. Özümüzünküləri ikrahla “büt” adlandıranlar  Avropanın hansısa bir sravi yazıçısını “ büt”ə döndərib, pərvanə kimi başına dolanırlar. Nobel mükafatının necə, hansı prinsiplərlə verildiyini hamımız bilirik. Kimsə bu mükafatın laureatıdırsa, bu o demək dyildir ki, o əvəzolunmazdır. Sadəcə, hər yazıçının öz yeri var. Bu barədə adı çəkilən məqaləmdə geniş danışdığıma görə, təkrar etmək istəmirəm. Belə çıxır ki, Markeslə müqayisədə Balzak yazıçı deyilmiş, yaxud vaxtiylə Sovet İttifaqı miqyasında tərcümə olunmayan, kitabları buraxılmayan əcnəbi yazıçıların hamısı dahi imiş. Əsassız mühakimə!  Hörmətli qələmdaşlarımız, bir həqiqəti unutmayaq ki, ən yaxın keçmişimizdə --ötən yüzillikdə yetişən və tarixə düşən bir çox  yazıçı və şairlərimiz var. Artıq XXİ əsrdəyik, vaxtilə Avropada  Şərq poeziyasını öz sağlıqlarında ən kamil örnək sayan, ondan bəhrələnən Şekspir,  Bayron, Höte, Heyne... kimi istedadlar isə hələ ki yetişməyib. (Bəzən çox sevdiyim Bayronun ingilis olmasına,doğrusu,  inanmağım gəlmir. İngilisdə belə isti qan olmaz.)

     Ən acınacaqlısı da odur ki, çağdaş yazarlarımızın əksəriyyəti bu əcnəbi adlarını görüntü xatirinə əzbərləyiblər. Bir az dərinə getsən , məlum olar ki, onların heç bir əsərini oxumayıblar. Faciə bundadır. İkincisi, gənclərdə qəribə bir eqoizm var. (Mən istedadlı, təvazökar gənc yazarları  nəzərdə tutmuram.) Onlar, İlqar demişkən, nəinki  əvvəlkləri, heç öz yaxın dostlarının da yaradıcılığı ilə maraqlanmırlar. Bu qədər özündənmüştəbehlik, bu qədər özünəqapılmaq olarmı?  Belələrinin, Belinskinin təbirincə desək, bir adı var: “əzab çəkən eqoist.”  Sən demə, sərbəst şeirə maraq da, bu sahəyə “zorən-təbib” axın da “dünyaya çıxmaq” naminə imiş. Başqa ölkələri demiərm, qardaş Türkiyəyə, şeir törənlərinə gedənlərin əksəriyyəti (Zəlimxan Yaqundan başqa) poeziyamızı sərbəst şeirlə təmsil edirlər, çünki həmin məclisdə vəznli şeir oxuyan bir türk tapmazsan. Türkiyə artıq ifrat dərəcədə avopalaşır, yüziiliklərlə formalaşan adət-ənənəsini sürətlə itirməkdədir. Adicə bir misal: əgər oğulla gəlin ata-ana, yaxud qaynata-qaynanın gözü qabağında bir-birinə “aşqim” deyib öpüşüb yalaşırlarsa, ayaqlarınada ayaqqabı çarpayıya uzanırlarsa, öynəlrini viski ilə açırlarsa və bütün bunlar seriallarda açıq-aşkar öz əksini tapırsa, hansı milli varlıq, milli heysiyyatdan danışmaq olar? Sonu məlim deyilmi? (Bizimkilərin çəkdikləri,  “Xəzər” kanalında nümayiş etdirilən, az qala türk seriallarının “kopiyası” təsiri bağışlayan,  adındakı səhvin ( vergül və sual işarəsi) fərqinə varılmadan nümayiş etdirilən, personajları “saqqallı” və “saqqalsız”lara bölünən  “Həyat sən nə qəribəsən” serialı kimi) Türkiyədə qəsdənmi, bilmədənmi etik-əxlaqi normaların pozulması, bu yöndə aparılan aparılan  son dərəcə zərərli “mədəni siyasətin” nəticəsi olan anormallıq, əlbəttə,  poeziyaya da öz  təsirini göstərməliydi və göstərir.

    Nəzərə almaq lazımdır ki,  qloballaşan dünyda milli-mənəvi dəyərlərin qorunması da qat-qat çətinləşməkdədir. Bu gün Amerika və Avropa  Şərqi diz çökdürmək üçün təkcə bombadan istifadə etmir. Şərqi, o cümlədən Azərbaycanı mənəvi aşınmalara məruz qoymaq üçün dəridən-qabıqdan çıxır, müxtəlif çirkin yollara əl atır. Onlar yaxşı bilirlər ki, milləti silahla məhv etmək olmaz, onu  mənəviyyatından və milli heysiyyatından məhrum etməklə məhvinə nail olmaq mümkündür. Həmin ölkələrdə xüsusi Şərq institutları var ki, illər boyu gecə-gündüz yatmayıb, müxtəlif təxribat üsulları hazırlayır. Baxt vardı ki, Avropa “soyunub”, müsəlmana “gəl-gəl” deyirdi, indi Avropa “geyinir”. müsəlman isə “soyunmağa” başlayıb. Şərq ölkələri yalançı parıltılara üz tutub, o ilğıma doğru gedirsə, demək, avropalıların öz istəklərinə çatmasına çox qalmayıb. Əgər bu gün şeirimiz də “soyunmağa” başlayıb, dabanbasma  Avropaya tərəf  üz qoyursa, vay bizim halımıza. Adi həqiqətdir ki, mənəvi aşınmanın qarşısını yalnız güclü bədii təsirə malik bədii əsərlər ala bilər. Düşünməyə dəyərmi?        

    Klassik heca vəznində yazmaq asan deyil. (Əsl poeziya nümunəsini nəzərdə tuturam.). Axı, belə şeiri ingilis dilinə kim tərcümə edəcək? Hətta türklər özləri  bizim heca vəznində yazılan şeirlərimizin tərcüməsinə yaxın durmurlar. Bəs onda  ingisi, fransızı, italyanı... nə deyib qınayacaqsan? Vaxtilə heca vəznində yazıb-yaradan Əbdülhəq Hamid, Tofiq Fikrər, Məhmət Akif Ərsoy ... kimi klassiklərin quruca adı qalıb. Görünür, artıq biz özümüz də bu “edam kötüyü”nə doğru  könüllü gedirik. Vaxt varikən, düşünək-daşınaq: ağac kökündən qopanda məhv olur. Dünya ədəbiyyatından, ədəbi proseslərdən xəbərdar olaq, lakin kökümüzü unutmayaq, onda hər şey öz halal yerini tapacaq... Qərb texniki tərəqqidə ( Hərçənd müasir dövrdə bir mədəni xalq kimi elmi-texniki inkişafdan bir an da geri qalmamalıyıq.) nə qədər irəli getsə də, poeziyad bizə çatmaz, çünki poziya üçün isti ürək lazımdır. O da Qərbdə yoxdur. Qoy, o bizə tərəf gəlsin. Xalq əyilməməlidir və bu əyilməzliyi hər gələn nəsilə aşılamaq bir vətəndaş kimi şairin ümdə vəzifəsidir. Digər xalqlarla da münasibətlərimizdə səmimiyyətimizin həddini bilək, çünki bu hədd keçildimi, səmimiyyət yaltaqlığa çevrilir. Bu xislət bizə yaraşmır.

    Obyektiv tənqid ümumən ədəbiyyatın yolunda yaşıl işqlı mayakdır. Qaçaraqda da olsa müzakirə zamanı bu məsələyə də münasibət bildirilib. İ. Qəhrəman tənqidçilərin yaxşını pisdən seçə bilmədiklərini və  zəif şeirlərə məqalə yazmaqla hərənin bir  “konfet sexi” yaratdığını vurğulamaqla onlara çox ciddi irad tutur. Ə. Cahangir bir neçə tənqidçinin adını çəkir  və hansının belə “sexi” olduğunu dəqiqləşdirmək istəyir. “Bunu müəyyən etmək tənqidçilərin işidir”,- deyən İlham cavabdan yayınır. Onu əlavə etmək istərdim ki, adı çəkilənlərin sırasında İsa Həbibbəyli, Nizami Cəfərov və Nizaməddin Şəmsizadə ədəbiyyatşünaslıqda tənqidin ümumi konsepsiyasını araşdıran alimlərdir. Onlar nadir hallarda tanınmış bir yazıçı, yaxud şair haqqında ayrıca məqalə yazırlar. N. Şəmsizadəninisə  gənclərdən bəzilərinin kitablarına rəy yazdığını müşahidə etmişəm. Hər üçünün yazı dili səlisdir, təmizdir, örnək olasıdır. Onlardan Nizami Cəfərovun şifahi nitqi də, yazı dili də öz təmizliyi və şirinliyi ilə seçilir. O, danışanda mərhum akademikimiz Bəkir Nəbiyevi xatırlayıram. Yaşının bu çağında mütəmadi olaraq, ədəbi prosesi izləyən, geniş şərhlər verən, həmçinin cavan şairlər və yeni çıxan kitablar haqqında rəylər yazan yeganə alim-tənqidçi Vaqif Yusiflidir. Tehran Əlişanoğlundan çox şey gözləyirdim. Təəssüf ki, son vaxtlAR  bir neçə məqaləsini oxumuşam, lakin başa düşə bilməmişəm ki, o yazılar tənqid haqqındadır, yoxsa Ədəbiyyat  Institutunun  hesabatıdır. Yazilarında sanki orjinallıq xatirinə işlətdiyi bəzi sözləri hansı dildən götürdüyü məlum deyil—hər halda Azərbaycan dilinin leksik lüğətində belə sözlərə rast gəlməmişəm. Dili o qədər dolaşıqdır ki, öz yazdığını yalnız özü başa düşər. Elnarə Akimovanın da bir neçə yazısına diqqət yetirmişəm. Bu qızın hələ  Azərbaycan dilini mükəmməl öyrənməə ciddi ehtiyacı var. Məqalələri sanki dissertasiya mözularının mətbuat varinatıdır. Jurnalın bu sayındakı yazısı  –“Körpüdə ümid”romanı haqqında düşüncələr” məqaləsi də roman haqqında AYB-də aparılan müzakirələrdə səsləndirilmiş fikirlərdən çox da uzağa getməyib.

     Obyektiv və xeyirxah tənqiddən  düzgün nəticə çıxaran yazıçı, yaxud şairin uğur qazanacağı labüddür. 70-ci illərdə “Azərbaycan” jurnalında böyük yazıçımız, akademik Mirzə İbrahimov gənc şairlərin şeirlərini zərgər dəqiqliyi ilə təhlil etmişdi. Bu gün hamının tanıdığı istedadlı şair və gözəl  senaristimiz Ramiz Rövşənin “Mənim telefonum” adlı şeirinə də münasibət bildirmişdi. Şeirdəki iki misraya diqqət yetirin:

                                            Mənim telefonum qara bir pişik

                                            Atılb üstünə cırmaqlayacaq.

İlk baxışda fiziki mənada bu bənzətmə çox yerində idi, hətta bədii tapıntı təsiri bağışlayırdı? Bizim kimi gəclərin, o cümlədən mənim də xoşuma gəlirdi. O zaman qara terlefonlar vardı, səslənəndə elə titrəyirdi ki, elə bilirdin bu saat adamın üstünə atılacaq. Mirzə müəllim, (Yadımda qalanı deyirəm.) yazmışdı ki, bu istedadlı gəncin belə bənzətmələrdən uzaq olması məsləhətdir... və sonralar R. Rövşənin şeirləri daha gözəl bənzətmələrlə zənginləşdi, şeirləri dillər əzbəri oldu.                    

    Müzakirədə narahatlıq doğuran bir çox məqamlara toxunulub. Təbii alınan dialoqların mətnini çağdaş şeirimizi təmsil edənlərin diqqətlə oxumaları məsləhətdir—qazanarlar, itirməzlər. Mənsə, kimsəni yormaq istəməsəm də Ə.Cahangirin F. Mehdiyevaya verdiyi bir suala da biganə qala bilmədim: “Bəzən şeiri qadın poeziyası, kişi poeziyası deyə cinsəl təsnif edirlər.Yaradıcı xanım kimi, bu faktla, yəqin ki, rastlaşmısınız ?...

    Poezyamızın gələcəyinə nikbin baxan Fərqnə xanım belə faktla rastlaşdığını, lakin bununla heç cür razılaşmadığını, şeiri ana laylası kimi dəyərləndirdiyini, əsl poeziyadan söhbət gedirsə, qadınlı-kişili şairləri qanadsız mələk sandığını və s. söyləyir. Deyərdim ki, Fərqanə xanım, əziz  bacım, mən də razı və ən azı “,Əlcəzairli qız” poemasını yazan Mirvarid Dilbazini, həzin, kövrək  şeirlərin müəllifləri—Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billiri kimi xanım-xatın şairələrimizi xatırlayaq.Bu gün çağdaş poeziyamıza  “qatarlanıb gələn” xanımlardan soruşmusunuzmu ki, hansı diyardan gəlirsiniz? Onların ( çox az bir qismini, əsl istedadlıları çıxmaq şərtiylə) əksəriyyəti sənin kimi ana laylası eşidiblərmi, yaxud özləri beşik başında dayanıb bircə ağız layla çalıblarmı? Erotik şeirlər (“Şeir” deməyə dil də dönmür.) yazan  şairələrdən, asudə yaşamaq xətrinə  ərindən boşanıb ona acıq vermək üçün “şairə” kimi tanınmağı özünə şərəf sayanlardan, oxucuya  özünün görüb-götürdüyü “dahiyanə həyat fəlsəfəsindən” dərs deyən bəzi “oxu daşa dəyənlərdən”, hələ də “ağ atlı şahzadə” gözləyə-gözləyə ahu-zar edənlərdən  böyük ədəbiyytmı gözləyirsən? Məgər sovet döründə söz qanan, savadlı qadınlar az idimi? Niyə bu qədər şairə yox idi? Ailələrimizdə baş verən belə xoşagəlməz olaylar mənəviyyatımızda gedən sonu uçuruma dirənəcək aşınmalardan xəbər verir. Fərqanə xanım, deyəsən, poeziyamız MATRİARXAT DÖRÜNÜ yaşayır. Axırı xeyir olsun!

    Bütün iradlarıma baxmayaraq, poeziyamızın gələcəyinə mən də nikbin baxıram. “Dərya çalxanmasa, təlatümlənməsə durulmaz” deyiblər. Möhtəşəm bir tarixə malik Azərbaycan ədəbiyyatı heç vaxt naümid qalmayıb. Ötən yüzillikdə olduğu kimi, iyirmibirinci yüzilliyin də ən böyük şairini zaman  bugünkü gəncliyin sırasarından seçəcək. “Zamanın vurduğu möhürü”  pozmağa isə kimsənin cürəti çatmaz!...

                                                            
Etibar Etibarlı

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə