Noyabr ayının 13-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Oqtay Əliyevin (Ərgünəş) “Qum saatı” və “Hourglass” kitablarının təqdimatı keçirilib. Tədbirdə müəllifin qələm dostları, tanınmış şair və yazıçılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri şair Ənvər Əhməd tədbir iştirakçılarına təqdim olunan hər iki kitabla bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, Oqtay Əliyevin “Qum saatı kitabında ayrı-ayrı bölmələrdə hekayələr, esselər, yumoristik yazılarla yanaşı publisistik oçerk və məqalələr də yer alıb.  Öz ənənəsinə sadiq qalan yazıçı kitabdakı“Tikan əkən üzüm dərməz” bölməsində yeni kəlamlarını təqdim edib. Müəllifin “Hourglass” adlı kitabı isə Amerikanın “Charleston” nəşriyyatı tərəfindən çap edilıb.“Hourglass”  kitabında yazıçının əsasən seçmə yazıları nəşr olunub. Esselər, mənsur şeirlər, hekayələr və yumoristik əsərlərlə yanaşı kitabın baş mövzusu - Ali Baş Komandanın rəhbərliyi altında Dağlıq Qarabağda müvəffəqiyyətlə keçirilən əməliyyatdan bəhs olunur. Burada düşmənlər tərəfindən hazırlanmış nüvə başlıqlarının ləğv edilməsi və dəyərli məlumatların, orada işləyən mütəxəssislərdən bir neçəsinin ələ keçirilərək gətirilməsi ilə bağlı Azərbaycan kəşfiyyatçılarının qəhrəmanlığına həsr edilən kino-povest nəşr edilmişdir. Qarabağ uğrunda bu gün də aparılan mübarizədən, vətənpərvərlik mövzusundan bəhs edən hekayələr yazıçının yaradıcılığında mühüm yer tutur. Çıxış edən tədbir iştirakçıları hər iki kitaba görə müəllifi təbrik edib, kitablarla bağlı fikirlərini bölüşüblər. Çıxışçılar kitablarda yazıçının milli-mənəvi, əxlaqi dəyərlərimizə, xalqımızın tarixi və qan yaddaşına böyük diqqət yetirilən həcmcə kiçik, lakin geniş məna kəsb edən əsərlərində insanlara haqqı tanıdan, həyatda yaşamın düz yolunu göstərən dəyərlər aşılanan, layiqli vətəndaşlar kimi yetişməyin mahiyyətini göstərən fikirlərin öz əksini tapdığını, qəhrəman döyüşçülərin simasında vətənpərvərlik, dövlətə və dövlətçiliyə bağlı olan ideyaların ustalıqla verildiyini xüsusilə vurğulayıblar.

Sonda Oqtay Əliyev tədbir iştirakçılarına və tədbirin təşkili üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edəık ki, “Qum saatı” kitabının redaktoru və ön söz müəllifi şair- publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri Ənvər Əhməd, “Hourglass” kitabının redaktoru və ön söz müəllifi isə Xəzər Universitetinin prorektoru , professor Eldar Şahgəldiyevdir.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə