![]() |
![]() ![]() |
“Qobustan” sənət toplusunun növbəti 2-ci sayı dərc olunub. Sənət toplusu bu dəfə də bir-birindən maraqlı və rəngarəng yazılarla görüşünüzə gəlib.
“Qobustan”nın bu sayı ilk səhifələrində dramaturqların və sənətşünasların iştirakı ilə “Qobustan”jurnalının redaksiyasında keçirilmiş “Yeni dram niyə gecikir...” adlı dəyirmi masanın müzakirəsini sizlərə təqdim edir, rejissor, aktyor Ağalar İdrisoğlunun yaradıcılığına Hacı Tofiq Seyidzadənin tutduğu işıqla nəzər salır, oxucuları şair Yusif Nəğməkarla Firudin Qurbansoyun arasındakı maraqlı dialoq-müsahibəyə dəvət edir.
“Yurd yeri” bölməsində jurnal hər kəsi qədim Dərbəndə səyahətə səsləyir. Bu bölmədə səyahətçiləri A. Bestujev Marlinskinin “Dərbənd civarından məktub...” adlı Qafqaz qeydləri, Dərbənd Azərbaycan teatrı ilə tanışlıq, Dərbənd aşıq mühitinə qısa səyahət, unudulmaz bəstəkar Hacı Xanməmmədova həsr olunmuş “Tara vurğun dərbəndli” adlı yazı, habelə orta çağ Dərbənd şairlərinin şeirləri gözləyir.
Sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın “Muğamşünaslığımız. Risalələrin tədqiqi və bir para qeyri problemlər barədə...” yazısı, Vaqif Yusiflinin xanəndə Elnarə Abdullayevaya həsr olunmuş “Bir səsin sehri” essesi, Gülşən Kəngərlinin rəssam Bəhruz Kəngərli fırçasının sehrindən söz açdığı “Səcərənin rəssam oğlu” məqaləsi çox maraqlıdır.
Fizzə Quliyeva isə “Bəhruzun davamşıları” adlı yazısında teatr rəssamı Məmməd Qasımov sənətinə güzgü tutur. Bu nömrədə sənətşünas Ziyadxan Əliyev sizləri 6 -cı sinif şagirdi Elnurun sənət inciləri ilə tanış edəcək.
Topluda El-Obamızın qiymətli saxlanclarından olan qədim “Xanxan “oyunları, “Cirid- Qəpək” oyunları təqdim edilir, Almaz Yurdsevərin qeydləri ilə “Borçalı xalçaları” nın ilmələri çözələnir.
Bilal Alarlı yenə folklora üz tutur, qədim “Kürdülər və Qıynalar” la oxucuları tanış edir.
”Qobustan” öz oxucularını “Gəncə karvansarayı” na aparmağı da yaddan çıxartmır.
Esmira Nəzərlinin “O birincilərdən idi...” yüziley yazısısı isə görkəmli opera müğənnisi Ağababa Bünyadzadəyə həsr olunub.
“Qobustan” toplusunun bu sayda ədəbiyyatsevərlər üçün də layiqli töhvəsi var. Topluda Mübariz Cəfərlinin “Axar su” pritçası və Nobel mükafatçısı olan Çin yazarı Mo Yan ın “Çaxırıstan” romanından bir parçanı təqdim olunur.
“Qobustan” sənət toplusunu AYB – nin yaxınlığında yerləşən “Bayatı” kitab mağazasından və şəhərin başqa kitab mağazalarından əldə edə bilərsiniz.
Narıngül
AYB.az