![]() |
![]() ![]() |
Xatirə Rəhimbəyli yeni kitabını təqdim etdi
Dünən Yazıçılar Birliyinin Natəvan klubunda istedadlı şairə Xatirə Rəhimbəylinin “Bir sözüm var ürəyimdə” adlı şeirlər kitabının təqdimatı keçirildi. Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq əvvəlcə iştirakçıları salamladı. Sonra o, Xatirə xanımın şeirlərinin fitri istedadla qələmə alındığından, buna görə də onun şairlər arasında öz dəsti-xətti ilə seçilməsindən danışdı. Sonra söz tədbirin aparıcısı şairə Fərqanə Mehdiyevaya verildi. Xatirə xanımın şeirlərinə mahnı bəstələmiş tanınmış bəstəkar Tahir Əkbər bu şeirlərin içindəki musiqidən, sözlərin dərinliyindən danışaraq onun həm də bir insan kimi təvazökarlığından söz açdı. Kəmaləddin Qədim çıxışında Xatirə xanımın şeirlərinin gözəl ruhundan danışdı və müəllifin şeirlərindən oxudu. Şair Faiq Balabəyli Xatırə xanımın şeirlərinin oxucu qəlbinə təsirindən danışdı. Onun şeirlərini necə həyəcanla oxuduğunu söylədi. Şair İlham Qəhrəman isə Xatirə xanımı sözün həqiqi mənasında vətənpərvər şair adlandırdı. Kitabin ön söz müəllifi döyüşçü-жurnalist Əlisəfa Mehdiyev söylədi ki, bu kitab hamının kitabıdı. Ondan ki, Xatirə xanım bizim də qəlbimizdən keçənləri böyük məharətlə şeirlərində əks etdirib. Şair Oqtay Rza, filologiya üzrə fəlsəfə doktoru Elçin Muradxanlı, Balayar Sadiq, Qəşəm Nəcəfzadə, Nazilə Gültac, Sevil Gültən, Dayandur Sevgin və başqaları çıxış edərək onun şeirlərindən ürək dolusu danışdılar.
Tədbirdə Xatirə xanımın anası Həqiqa xanım, ömür-gün yoldaşı Surxay Əhmədov, tələbə yoldaşları, çalışdığı məktəbin müəllim kollektivi, direktor Şaiqə Hüseynova və onu sevən oxucuları iştirak etdilər.
Qeyd edək ki, Xatirə xanim bu tədbiri anasına həsr etmişdi. Sonda Xatirə xanım çıxış edərək YB-nin rəhbərliyinə, kitabın ərsəyə gəlməsində xüsusi dəstəyi olan şair, professor Elçin İsgəndərzadəyə və gələn qonaqlara minnətdarlığını bildirib, şeirlərini oxudu.
Mina RƏŞİD
AYB.az