![]() |
![]() ![]() |
İyun ayının 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc şair Arzu Hüseynin “Sonu əlvida” şeirlər kitabının imza günü keçirilib.
aybKitab layihəsinin XIII kitabı olan “Sonu əlvida”nın təqdimat mərasimində tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıb. Arzu Hüseynin istedadlı gənclərdən biri olduğunu qeyd edən Rəşad Məcid onun şeirlərini çox bəyəndiyini vurğulayıb. Sonra tədbirin aparıcılığı aybKitab layihəsinin rəhbəri, şair Xəyal Rzaya həvalə edilib. Xəyal Rza aybKİtab layihəsi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdikdən sonra Arzu Hüseynin yaradıcılığından danışıb: “Arzu Hüseyn Rəşad Məcidin qeyd etdiyi kimi istedadlı gənclərimizdəndir, Gənc Ədiblər Məktəbinin yetirməsidir. Bu kitab Arzu Hüseynin ilk kitabıdır. Ona yaradıcılıq uğurları arzulayıram və ürəkdən təbrik edirəm”. Sonra Xəyal Rza Arzu Hüseynin “Sonu əlvida” şeirini səsləndirib. Tərbirdə çıxış edən Baba Vəziroğlu, Şeyx Əbdül, Əli Aslanoğlu, Oqtay Rza, Əsəd Cahangir, Xeyrulla Ağayev, Elşad Ərşadoğlu, Vəfa Mürsəlqızı, Kəmaləddin Qədim, Əli Əlibəyli çıxış edərək Arzu Hüseynin yaradıcılığını yüksək qiymətləndirdiklərini, Arzunun istedadlı şair olduğunu qeyd ediblər. Sonda Arzu Hüseyn aybKitab layihəsinin rəhbərinə, ona dəstək olan insanlara, tədbirdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirib.
Qeyd edək ki, kitab “Mütərcim” nəşriyyatında çap edilib. Kitabın üz qabığındakı rəsm əsəri gənc rəssam Samsam Hüseynzadəyə məxsusdur, kitabın redaktoru isə tanınmış yazıçı Sayman Aruzdur.
AYB.az