Iyun ayının 8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dilarə Ağamusanın (Nağıyeva-Muxtarova) “Nurlu əməllərin işığında” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov tədbir iştiakçılarını salamladıqdan sonra Dilarə Ağamusanın milyonçu Ağamusa və atası Fərəc Nağıyevlərin həyatlarının görünməyən, bilinməyən tərəflərinin tədqiqində böyük zəhmətinin olduğunu vurğulayıb. Sonra tədbirin aparıcılığı filologiya elmləri doktoru, professor Asif Rüstəmliyə həvalə edilib. Asif Rüstəmli Dilarə Ağamusanın Nağıyevlərin nəslinin davamçısı olduğunu, istər xeyriyyə işlərində, istərsə də bu görkəmli insanların gördüyü böyük  işlərin təbliğində mühüm layihələr həyata keçirdiyini bildirib. Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, şair, publisist Xəyal Rza görkəmli şəxsiyyətlərin unudulmaması üçün belə topluların vacibliyindən, əhəmiyyətindən söz açıb: “Bu kitab tarixdir. Gələcək nəsillər üçün olduqca əhəmiyyətli vəsaitdir. Dilarə Ağamusanı və kitabda zəhməti olan hər kəsi təbrik edirəm”.

Tədbirdə görkəmli ədəbiyyat, mədəniyət adamları, tanınmış  jurnalistlər iştirak ediblər. Çıxış edənlər Dilarə Ağamusanın gördüyü işləri yüksək qiymətləndirdiklərini vurğulayaraq, yeni kitabın işıq üzü görməsi münasibətilə müəllifi təbrik ediblər.

Sonda Dilarə Ağamusa tədbir iştirakçılarına və tədbirin təşkili üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Nurlu əməllərin işığında” kitabı Dilarə Ağamusanın beşinci kitabıdır. Kitab nəfis tərtibatla “Elm və təhsil” nəşriyyatında çap edilib. Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Teymur Əhmədov və filologiya emləri doktoru, professor Asif Rüstəmlidir.

 

AYB.az

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə