
Mayın 15-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda istedadlı şair, tanınmış jurnalist Emil Tahiroğlunun “Bu mənim taleyim deyil, deyəsən...” adlı ilk şeirlər kitabının yaddaqalan təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza EmilTahiroğlunun sözünün işığına yığışanları salamladı, Emil Tahiroğlunun dövri mətbuatda sevilən imzalardan biri olduğunu bildirdi.
Tədbirin aparıcısı - tanınmış şairə Fərqanə Mehdiyeva Emil Tahiroğlunun özünəməxsus yaradıcılığından söz açdı, təvazökar şairin şeirlərinin birində “Yaxşı ki, mən şair olmadım, ana” – desə də, onun təpədən-dırnağacan şair olduğunu gözəl şeir nümunələri ilə təsdiqlədi.
Tanınmış şair Qəçəm Nəcəfzadə, uşaq yazıçısı Sevinc Nuruqızı, yazıçı-jurnalist Təranə Vahid, şair Mina Rəşid Emil Tahiroğlunun yaradıcılığından və şəxsiyyətindən söz açdılar, uzun illər “Oxu məni” qəzetində uğurlu serialları ilə minlərlə oxucu qazanan Emin Tahiroğlunu təbrik edib ona cansağlığı və yaradıcılıq uğurları arzuladılar.
Sözün, səmimiyyətin, şerin işığında Emil Tahiroğlunun oxucularının həyəcan dolu çıxışları, titrək sələ oxuduqları şeirlər, təbrik sözləri görüşün ən yaddaqalan məqamları kimi xatirələrə köçdü.
Şəxsiyyəti ilə sənəti bir-birini tamamlayan, həyatın sərt döngələrində səhhtəti ilə bağlı ciddi problemlərlə qarşılaşsa da, Allahın verdiyi dərdi belə sevməyi bacaran Emil Tahiroğlunun Anasının, qardaşı Elçinin, yeganə oğlu Muradın çıxışları hər kəsi kövrəltdi.
Tədbirin sonunda Emil Tahiroğlu kitabının təqdimatını keçirməyə şərait yaradan AYB-yə və tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. İştirakçıların xahişi ilə bir neçə şeirini oxuyan Emil Tahiroğlu “Bu mənim taleyim deyil, deyəsən...” kitabını imzalayaraq oxucularına hədiyyə etdi.
Mina RƏŞİD
AYB.az