![]() |
![]() ![]() |
Bakı, 14 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 14-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə Səbail Rayonu Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında xalq şairi Rəsul Rzanın anadan olmasının 105-ci ildönümünə həsr olunmuş “Mən kökümlə bu torpağa bağlıyam” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları kitabxananın foyesində nümayiş olunan sərgi ilə tanış olublar.
Mərasimdə kitabxananın direktoru Nüşabə Ələkbərova görkəmli şairin həyat və yaradıcılığından söhbət açıb. Sonra şairə həsr edilmiş videokadrlar nümayiş etdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, professor Səfurə Quliyeva Rəsul Rzanın 1927-ci ildə Tiflisdə nəşr olunan “Qığılcım” almanaxında yer almış “Bu gün” adlı ilk şeiri ilə ədəbiyyata gəldiyini və novator şair kimi tanındığını bildirib. S.Quliyeva ədibin irsinin fəlsəfi dəyəri, onun müasirlik ruhu ilə seçilən zəngin yaradıcılığı haqqında məlumat verib.
Tədbirdə Bakı Dövlət Universitetinin müəllimi, professor İfrat Əliyeva Rəsul Rzanı sovet epoxasının ən parlaq ulduzlarından biri adlandırıb, şairin yaradıcılığında həyatın və varlığın fəlsəfi anlamda əks etdirildiyini söyləyib. Bildirilib ki, fəlsəfi poeziya nümunələri ilə zəngin olan Rəsul Rza yaradıcılığı həyatın özü kimi qaynar və təbiidir. Onun əsərləri sənətsevərlərin qəlbində hər zaman yaşayacaq.
Şair Oqtay Rza, BŞMTİ-nin əməkdaşı Səbinə Məmmədova və başqaları şairin poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyillərinin çox güclü olduğunu deyiblər. Qüdrətli qələm ustasının “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” və digər şeir kitabları, “Qızılgül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarında, “Rənglər” silsiləsində bəşəri dəyərlərin tərənnüm edildiyi bildirilib.
Zəmanəsinin qüdrətli şairi olan Rəsul Rzanın Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Ensiklopediyasının baş redaktoru, Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri və digər məsul vəzifələrdə də xalqına layiqincə xidmət edib.
Görkəmli şair 1981-ci ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn edilib.
Tədbirdə BDU-nun müəllimi, şairin qızı Fidan Rzayeva, nəvəsi Günel Anarqızı şairlə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.