May ayının 12-də Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli şair, tanınmış tərcüməçi, ədəbiyyatşünas  Abbas Abdullanın 75 illik yubileyi ilə bağlı tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca açıb.  A.Abdulladan, əsərlərindən danışan F.Qoca, yubilyarın əsərlərinin məziyyətlərindən söz açıb.

Tədbirin aparıcısı çıxışında Dayandur Sevgin Abbas Abdulladan, onun yaradıcılığından bəhs edib.

Tənqidçi, tərcüməçi İntiqam Qasımzadə Abbas Abdullanın şeirini səsləndirib və şairi yubiley münasibəti ilə təbrik edib.

Tədbirdə Oqtay Rza, İntiqam Mehdizadə, Vaqif Əlixanlı, Nizami Tağısoy, Elbəyi Cəlaloğlu, Salman Murğuzlu, Qəzənfər Məsimoğlu, Fərqanə Mehdiyeva və başqa qələm adamları iştirak edib.

Qeyd edək ki, Abbas Abdulla şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatıdır.

Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Orta təhsili Bolus Kəpənəkçisi, Arıxlı və Faxralı kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958-1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981-1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir.

"Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olmuşdur.

Ədəbi fəaliyyətə "Öyün, vətənim!" adlı ilk şeiri 1957-ci ildə "Şərqin şəfəqi" (Tiflis) qəzetində çap ediləndən sonra başlamışdır. O, poetik yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirir. İ.Draç, İ.P.Kotlyarevski, M.Rılski, T.Şevçenko, L.Ukrainka, L.Şapoval və digər sənətkarların əsərlərini Ukrayna dilindən tərcümə etmişdir.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə