AYB.az saytı xəbər verir ki, aprel ayının 21-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Hacı Cabir Xəlifəzadənin 80 illik yubiley mərasimi keçirilib.

 

    Tədbiri giriş sözü ilə açan “Azərbaycan” jurnalı poeziya bölməsinin rəhbəri Qəşəm Nəcəfzadə yubilyarı təbrik etdikdən sonra onun yaradıcılığı haqqında danışıb: “Xalqımızın ləyaqətli oğlu Hacı Cabir Xəlifəzadə 50 ildən çoxdur ki, Azərbaycan  milli kulinariyasını, mətbəx mədəniyyətini tədqiq edir, onu beynəlxalq ictimaiyyətə tanıdır. O, bu sahəyə aid olan 10-a yaxın kitabın müəllifidir, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin sədridir”. Hacı Cabiri “Tibb Universiteti” adlandıran Qəşəm Nəcəfzadə onun poeziyası haqqında da iştirakçılara məlumat verib.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Hacı Cabiri 80 illik yubileyi münasibətilə təbrik edib, Yazıçılar Birliyinin təbrikini və hədiyyəsini təqdim edib: “Nacı Cabir ən qocaman üzvlərimizdən biridir. Bəzən insanları yaşına görə qınayırlar. Amma fəxr eləmək lazımdır ki, 80 yaşda da yazıb yaradıb, xalqa gərəkli olmaq olar. Nacı Cabir nadir şəxsdir ki, həm şeir yazır, həm də milli mətbəximizin sirlərini açır, onu dünyaya tanıdır”.

    Tədbirdə çıxış edən şair Oqtay Rza yubilyarın poeziyasından söz açıb,  müəllifin “Hər ağacdan bir yarpaq”, “Mənim nəğməkar ürəyim”, “Sözün qüdrətilə şeirin sehri”  şeir kitabları haqqında fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb, şeirlərindən bəzi nümunələri oxuyub.

    Azərbaycan Yazıçılar Birliyi “İrs” komissiyasının rəhbəri  Sona Xəyal çıxışında Hacı Cabirin publisistik fəaliyyətinə işıq salıb.

    Yubiley mərasimində   “Xalq” qəzetinin şöbə müdiri Qüdrət Piriyev, Hacı Mehman Fərzullayev, Telman Əliyev, professor Telman Əliyev, Çingiz Xəlifəzadə və başqaları çıxış edərək Azərbaycan Milli kulinariyasının ilk tədqiqatçısı, şair, publisist, xeyirxah insan, ləyaqətli vətəndaş Hacı Cabir Xəlifəzadəni anadan olmasının 80 illiyi münasibətilə təbrik ediblər, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıblar. Çıxış edənlər vurğulayıblar ki, Hacı Cabir Xəlifəzadənin milli mətbəx mədəniyyətimizin qorunub saxlanması, inkişaf və təbliğ edilməsində, damağ zövqünün formalaşmasında böyük rolu olub.

    Tədbirin sonunda çıxış edən Hacı Cabir Xəlifəzadə 80 illik yubileyinin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib.

 

 

AYB.az

Məlahət Qənbərova  

 

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə