AYB.az saytı xəbər verir ki, aprel ayının 20-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xəyalə Sevilin “Saçlarıma ay qonub” kitabının imza günü keçirilib.

 

     “Təknur” nəşriyyatında çap olunan kitabın redaktoru Aləmzər Əlizadə, korrektoru Aysel Nesirzadədir. Kitaba ön sözü filologiya elmləri doktoru Vaqif Yusifli yazıb.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rza çıxışında Xəyalə Sevilin yaradıcılığı haqqında danışıb, onun timsalında bütün istedadlı gənclərə qayğı göstərildiyini söyləyib, müəllifin şeirini oxuyub.

    Tədbirin aparıcısı “Ulduz” jurnalının poeziya bölməsinin rəhbəri Fərqanə Mehdiyeva Xəyalə Sevil poeziyasının oxucular tərəfindən sevildiyini diqqətə çatdırıb: “Xəyalə Sevil tək-tük gənc şairlərdəndir ki, “Ulduz” jurnalı redaksiyası onu axtarıb, şeirlərinin  jurnala göndərməsini xahiş edir”.

    İmza günündə çıxış edən şair, nasir Seyran Səxavət Xəyalə Sevilin də üzvü olduğu Gənc Ədiblər Məktəbinin fəaliyyyətinin təqdirəlayiq olduğunu qeyd edib, müəllifin simasında “sözü” təbrik edib: “Sözü sevmək çox vacibdir. Çünki “sözü” sevməsək özümüzü sevmərik. Özümüzü sevməsək heç kəs bizi sevməz”.

     Nazim Əhmədli çıxışında Xəyalə Sevilin poeziyası haqqında fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb: “Xəyalə təbii şairdir. O, öz şeirlərində  təbiət hadisələrini, təsvirlərini canlı boyalarla təsvir edir, deyim tərzlərinə çox diqqətlə yanaşır”.

    Təqdimat mərasimində Məmməd Dəmirçioğlu, Aləmzar Sadıqqızı, Narıngül, Güləmail, Oqtay Rza və başqaları çıxış edərək Xəyalə Sevili  yeni kitabının nəşri münasibətilə təbrik ediblər, müəllifə yaradıcılıq uğurları arzulayıblar.

    Sonda çıxış edən Xəyalə Sevil imza gününün keçirilməsinə yaratdıqları şəraitə, gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara minnətdarlığını bildirib, kitablarını imzalayaraq oxuculara təqdim edib, yeni şeirlərindən bəzi nümunələri səsləndirib.  

 

AYB.az

Məlahət Qənbərova  

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə