Ayb.az saytı xəbər verir ki, aprel ayının 15-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Ömər Xəyyam “Rübailər” kirtabının təqdimat mərasimi keçirilib.

 

    Ömər Xəyyam “Rübailər” kitabı Türkiyənin Bursa şəhərində “Dora Basım-Yayın Dağıtım” nəşriyyatında çap olunub. Ön söz, farsca mətnin transliterasiyası, filoloji tərcümə və elmi redaktə filologiya elmləri doktoru Nəsib Göyüşovundur.

    Kitabda Hüseyn Cavid, Mikayıl Müşfiq, Əkrəm Cəfər, Mir Mehdi Seyidzadə, Dönməz, Niyazinin poetik tərcümələri yer alıb. Poetik tərcümələrin tərtibçisi Enar Hacıyev, nəşriyyat redaktoru Könül Mirzəyevadır.

    Kitabda yer alan rəsmlər məşhur İran rəssamı Məhəmməd Təcvidinin Ömər Xəyyamın rübailərinə çəkdiyi miniatürlər seriyasındandır.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev iştirakçıları salamladıqdan sonra Ömər Xəyyam “Rübailər” kitabının çapına görə müəlliflərə təşəkkür edib: “Ömər Xəyyam kimi şairlər əbədi olaraq ədəbiyyatda, sivilizasiyada qalacaqlar”.

    Tədbirin aparıcısı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov Ömər Xəyyam “Rübailər” kitabının nəşrini tarixi, böyük bir  tədqiqat işi kimi dəyərləndirib: “Ömər Xəyyam XI-XII əsrdə yaşamış, dünyanın bütün əsrlərində Qərbə və Şərqə hökm etmiş bir insandır. Ömər Xəyyam bütün zamanlarda diqqət mərkəzində olub. XII, XIII, XIV əsr türkdilli ziyalılar farsca yaxşı bildikləri üçün onların yaradıcılıqlarında da Ömər Xəyyamın izləri var. Bu kitabın timsalında Ömər Xəyyama Azərbaycanda abidə qoyulub”.

    Kitabın tərtibçisi, filologiya elmləri doktoru Nəsib Göyüşov çıxış edərək kitabın araya-ərsəyə gəlməsi haqqında iştirakçıları məlumatlandırıb.

    Xalq şairi Zəlimxan Yaqub kitabın müəlliflərinə təşəkkür edib: “Ömər Xəyyam Azərbaycan xalqının sevimli şairidir. Xəyyam göyləri yerlərə endirən, yerləri göylərə qaldıran bir şair olub. Xəyyam da Mövlana kimi ən çox yayılan, tərcümə olunan bir şairdir. Onun yaradıcılığı başdan-başa elmdir, həyatdır, gözəllikdir”.

     Tədbirdə filologiya elmləri doktoru Mahirə Quliyeva, Şəlalə Ana, Çingiz Əlioğlu və başqaları çıxış edərək Ömər Xəyyam  “Rübailər” kitabının tərtibçisi, redaktoru  Nəsib Göyüşova,  kitabın təqdimatının keçirilməsinə yaratdıqları şəraitə görə Azərbaycan Yazıçıılar Birliyinin rəhbərliyinə təşəkkür ediblər, Ömər Xəyyam yaradıcılığının, poeziyasının öyrənilməsində təqdim olunan kitabın rolundan bəhs ediblər, müəllifə yaradıcılıq uğurları arzulayıblar.

    AYB.az

    Məlahət Qənbərova



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə