Qədim Şərq ölkələrində nə zamansa belə bir inanc mövcud olub. Bu inanca görə hər bir insan öz həyatı boyu Tanrıdan üç şey diləyir: güc, səbir və müdriklik. Gücü insan Tanrıdan ona görə istəyir ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüvvəsi çatsın. Səbri ona görə istəyir ki, dəyişməyə gücü çatmayacaq şeylərə dözə bilsin. Müdrikliyi isə insan ona görə istəyir ki, birincilərlə ikinciləri dəyişik salmasın, onları bir-birindən ayıra  bilsin… Ancaq Ulu Tanrı bu üç əlaməti-güc, səbir və müdrikliyi hər insana nəsib etmir. Lakin mənə elə gəlir ki, xeyli zamandan bəri yaxından tanıdığım dostum, keçmiş məmur, tanınmış şair-publisist, yazıçı-dramaturq və istedadlı alim Nizami Muradoğluya Tanrı bu üç əlamətin üçünü də bəxş edib.

 

     Tanrı gücü Nizami Muradoğluna ona görə bəxş edib ki, iyirmi ilə yaxın  məmur işlədiyi Ordubad kimi böyük bir bölgənin dərdlərini, ağrı-acılarını ürəyində çəksin, bu rayonun bütün inzibati  məsuliyyətini, çətinliklərini öz çiyinlərində daşısın və eyni zamanda orada, özünün dəyişdirməyə gücü, qüvvəsi  çatanları dəyişdirə bilsin. Səbri  Tanrı Nizami müəllimə ona görə bəxş edib ki, o, vətənpərvər  bir vətəndaş kimi nəinki Ordubadda, eləcə də Vətəninin hər yerində-Qarabağda, Şirvanda, Mildə, Muğanda da dəyişmək istədiyi, ancaq dəyişməyə gücü çatmayan haqsızlıqlara, ədalətsizliklərə dözə bilsin.

      Nizami müəllimə Tanrı müdrikliyi ona görə rəva bilib ki, Azərbaycanın hər bir qarış torpağını elə öz Ordubadı, Əylisi kimi sevən əsl bir zyalı kimi hər zaman güc ilə səbri  böyük anlamda bir-birindən fərqləndirməyi bacarsın. Başqa sözlə, haqlı ilə haqsızı, zəiflə güclünü, pislə yaxşını həmişə bir-birindən ayırıb, seçə bilsin. Bu mənada Nizami müəllim müdrik bir ziyalıdır. O, Azərbaycan ziyalılarının bir çoxunun  malik olmadığı və ya itirdiyi milli-mənəvi, əxlaqi-bəşəri dəyərləri: təmiz vicdan, Vətən, xalq, millət üçün məsuliyyət hissi, həqiqətpərəstlik və haqq-ədalət hisslərini özündə qoruyub saxlaya bilən azsaylı ziyalılarımızdandır.  Məhz bunların nəticəsində  mənim tanıdığm N. Muradoğlu əsl ziyalı kimi şərəf və ləyaqət bütövlüyünü məmur işlədiyi ən mürəkkəb, ən ziddiyyətli zamanlarda belə qoruyub saxlaya bilib. Karyerist, daim “yuxarı”ların diqtəsi ilə oturub-duran, təşəbbüskarlıqdan və sərbəst mühakimə qabiliyyətindən məhrum bir çox  Azərbaycan “ziyalılar”ından və məmurlarından fərqli olaraq, Nizami müəllimin yaşadığı 60 ildə daxili və mənəvi  azadlığı, ədalətliliyi, haqqı nahaqqa verməməsi, bir ruh adamı, yaradıcı adam olması Azərbaycan reallığında nadir sayıla biləcək hadisələrdəndir.

     Mən Nizami Muradoğlunu beş il öncə-onun mənim rəhbəri olduğum şöbəyə elmi işçi kimi göndərilməsindən sonra  tanımışam.Onun gəlişi şöbəyə sanki yeni ruh, yeni əhvali-ruhiyyə və bir nikbinlik gətirmişdi. Nizami müəllimin istiqanlılığı, səmimiyyəti, ünsiyyətcil olması çox qısa bir müddətdə onu bütün şöbə əməkdaş-larının sevimlisinə çevirdi. O, hamı ilə tez ünsiyyət yaratmağı, onlarla səmimi, isti münasibət qurmağı çox gözəl bacarırdı. Buna görə də çox az bir müddətdə  mən və digər şöbə əməkdaşları onunla dostlaşdıq və münasibətlərimizdə hər zaman yüksək dərəcədə səmimiyyət və mehribanlıq hiss olundu. Bu, bir tərəfdən, Nizami Muradoğlunun özünün səmimi, istiqanlı olmasından irəli gəlirdisə, digər tərəfdən, fikrimcə, bu, onun alicənablığı, yüksək mədəniyyəti və nəhayət,  sadəliyi ilə bağlı idi. Zaman keçdikcə, mən Nizami müəllimlə mənən və ruhən daha da  yaxınlaşıb dostlaşdıq. Sonralar biz onunla müxtəlif səfərlərdə, tədbirlərdə, folklor ekspedi-siyalarında, bir çox xarici ölkələrdə, elmi konfranslarda yol yoldaşı olduq. Bu müddət ərzində mənim N. Muradoğlu haqqında təəssüratlarım daha da zənginləşdi və mən onun insani keyfiyyətlərinə, eləcə də onun keçdiyi şərəfli həyat yoluna yaxından bələd oldum...

    Məmmədov Nizami Murad oğlu 1955-ci il aprel ayının 2-də Naxçıvan MR-nın Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur. 1962-ci ilin sentyabr ayında Əylis kənd orta məktəbinin birinci sinfinə getmiş, 1972-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. N.Məmmədov 1972-ci ildə akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-ədəbiyyat fakültəsinin Azərbay-can dili və ədəbiyyatı ixtisası üzrə birinci kursuna qəbul olmuşdur. 1976-cı ildə  institutu bitirib, həmin ilin oktyabr ayından 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur. O, 1978-1986-cı illərdə Naxçıvan MR-də komsomol təşkilatlarında müxtəlif vəzifələrdə çalışmış, 1987-1994–cü illərdə təhsil sahəsində fəaliyyət göstərmişdir.

 

      N.Məmmədov 1994-cü ilin may ayından 1996-cı ilin noyabr ayınadək Ordubad Rayon İcra Hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək həmin rayonun icra başçısı vəzifəsində işləmişdir. 2010-cu ilin noyabr ayından bu günə kimi AMEA Folklor İnstitutunda elmi işçi kimi çalışır. Nizami Muradoğlu 2013-cü aprel ayının 17-də Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının iclasında ”Məmməd Araz yaradıcılığında folklor motivləri” movzusunda dissertasiya müdafiə edərək Fillogiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

    N. Muradoğlu tanınmış şair, yazıçı-dramaturq, publisist, folklorşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Vətən mediya», «Həsənbəy Zərdabi» və «Qızıl qələm» mükafatları laureatıdır. İndiyə qədər Nizami Muradoğlunun 8 bədii-publistik kitabı ,1 monoqrafiyası, 30-dan çox elmi məqaləsi nəşr olunmuşdur: Qayıda bilmirəm, Yazıçı, Bakı: 1989;  Dayan, əsən külək,Sabah, Bakı:2002; Vətən dərdi, Nurlar, Bakı: 2005; Sabaha açılan qapılar,Şirvannəşr Bakı: 2009; Bu dünyanın məzarları ağlamaz, Bakı: 2010; Yaşayan Cavidlər, Elm və təhsil, Bakı:2012; Sözün Məmməd Araz zirvəsi, Bakı: Elm və təhsil, 2013(Monoqrafiya), Baba ocağı, Bakı: Elm və təhsil, 2014, Seçilmiş əsərləri, Bakı: Elm və təhsil, 2015.

    Görkəmli ingilis  şairi Corc Bayronun   məşhur bir sözü var. O yazır ki, “İnsanlar sonradan şair olmur, onlar elə anadan şair doğulurlar.” Mən Nizami Muradoğlunun, demək olar ki, bütün əsərlərini, o  cümlədən bütün şeirlərini oxumuşam. Və onları oxuduqdan sonra gəldiyim qənaət belə olub ki, N.Məmmədov Bayronun   təbirincə desək, sonradan şair olanlardan yox, elə anadan şair doğulanlardandır. Çünki o,  hər adilikdə bir qeyri-adilik görən  və onu mənalandıran yaradıcı bir söz adamıdır. Ötən əsrin yetmişinci illərində  ədəbiyyatımıza şair kimi gələn Nizami Muradoğlunun  poeziya aləmində deməyə öz  sözü, özünəməxsus deyim tərzi və bəhs etdiyi hər bir mövzuya spesifik  yanaşma mövqeyi vardır.

    Nizami Muradoğlunun  “Kəhrizin suyu”  və “Duman”  adlı ilk şeirləri 1971-ci ildə tanınmış ədəbiyyatşünas və tənqidçi, filologiya elmləri doktoru Məsud Əlioğlunun “Uğurlu yolu” ilə o dövrün ən populyar mətbu orqanlarından biri olan “Azərbaycan gəncləri” qəzetində çap olunmuşdur. On altı yaşı hələ yeni tamam olan bir gənc haqqında  Məsud Əlioğlu kimi nüfuzlu bir ədəbiyyatşünas-tənqidçi-nin söz deməsi, ona uğurlu yol arzulaması özlüyündə sıradan bir hadisə deyildi. Deməli, bu nüfuzlu ədəbiyyat adamı hələ xeyli gənc olan Nizami Muradoğlunun şeirlərində hansısa bir qeyri-adiliyi, istedad və qabiliyyəti duyub sezə bilmişdi...

      O vaxtdan etibarən N.Məmmədov respublika mətbuatında – müxtəlif qəzet, jurnal və almanaxlarda vaxtaşırı çıxış etməyə başladı. Müəllifin  ilk şeirlər kitabı –             “Qayıda bilmirəm” 1989-cu ildə  işıq üzü gördü. Nizami Muradoğlunun şeirlərinin bəzilərinə isə mahnılar bəstələnib və onlar  tanınmış müğənnilər tərəfindən ifa olunub. Nizami Muradoğlu sonrakı kitabları olan “Dayan, əsən külək”, “Sabaha açılan qapılar”, ”Bu dünyanın məzarları ağlamaz” və  ”Baba ocağı”  ədəbi mühitdə  əks-səda yaratdı. Bunun nəticəsi olaraq akademik V.Əliyev, profes-sorlar K. Əliyev, B.Şəfizadə, V.Yusifli, N.Saraclı, A.Yadigar, K. Allahyarov, A. Xəlil, S. Rzasoy, T. Orucov, Ş. Albalıyev, İ. Həkimov, Q. Səfərli və başqa söz adamlarının Nizami Muradoğlunun yaradıcılığına həsr etdikləri resenziya, rəy və məqalələri müxtəlif mətbuat orqanlarında çap olundu. Bu yazılarda  Nizami Muradoğlunun yaradıcılığı müxtəlif aspektlərdən təhlilə cəlb edildi, onun şeirlərinə xalq ruhunun, Qarabağ, Vətən həsrətinin  hakim olduğu, şeirlərinin özünəməxsusluğu, heç kəsi təkrarlamadığı, bu şeirlərə o taylı-bu taylı Azərbaycanın ağrı-acılarının hopduğu, döğma yurda bağlılıq hisslərinin dönməzliyi vurğulandı.

     Ədəbi aləmdə  hаnsı mövqеdə dаyаnmаsındаn, hansı yazı üslubuna, hansı ədəbi növə, hansı janra üstünlük verməsindən  аsılı оlmаyаrаq hər bir bədii düşüncə sаhibinin, şair və ya yazıçının  Vətənə, əbədi və əzəli hiss olan Məhəbbətə,  təbiət və cəmiyyət hadsələrinə özünəməхsus yаnаşmа tərzi və daha çox üstünlük verdiyi, sеvdiyi mövzulаrı оlur. Bu mеyаrlа N.Məmmədovun  yaradıcılığına yаnаşılаrsа, onun  ən çох sеvdiyi mövzulardan biri Vətən  mövzusudur. Bu mövzulu şeirlərdə Nizami Muradoğlu illərlə ürəyində yaşatdğı, sinəsində qövr etdiyi hissləri şeirə çevirib. Onun Vətən mövzusundа yаzılmış şеrlərinin ümumi mənzərəsinə diqqət yetirsək,  burаdа bütöv Аzərbаycаnın bənzərsiz  gözəlliklərindən, yurdumuzun igid, qəhrəmаn övlаdlаrındаn, tаriхimizin şərəfli səhifələrindən və s. mövzulardan pоеtik bir dillə bəhs оlunur. Bu şeirlərdə  o taylı-bu taylı  Bütöv Azərbaycanını sevən, vətənpərvər bir şair qəlbinin kövrək pıçıltıları, eyni zamanda  Ana Vətənin   ikiyə bölünməsindən irəli gələn  nisgilli yaşantıları hiss edilir. Onun “Vətən” şeirindəki bu misralara diqqət yetirək:

Haqqa yol gedirəm, yolum uzaqdı,

Qarşımda Arazdı, arxamda dağdı.

İkiyə bölünən ana torpaqdı,

Bizmi günahkarıq, ya sənmi, Vətən?

 

Haqqa yol gedirəm, yolum gen düşür,

Təbrizdən, Kərkükdən, Göyçədən düşür.

Gedə bilmədiyim Vətəndən düşür,

Gedə bilmədiyim Vətənmi,-Vətən?

    Nizami Muradoğlunun bu tipli  şeirlərini  həyacansız oxumaq olmur. Onun  Vətən mövzulu şeirlərində  Vətənə, el-obaya, onun hələ də yagı düşmən tapdağı altında qalan torpaqlarına  qırılmaz tellərlə bağlılığı təsirli bədii təsvir və ifadə vasitələri ilə tərənnüm edilir. Nizami Muradoğlunun bu qəbil şeirlərində eyni zamanda tаriхimizin mübarizələrlə dolu olan şanlı səhifələri və s. geniş şəkildə təsvir olunur.  

      Orijinal düşüncə sаhibi olan Nizami Muradoğlunun yaradıcılığında, eyni zamanda əbədi və əzəli hiss olan məhəbbətə,  təbiət və cəmiyyət hadsələrinə də özünəməхsus yаnаşmа tərzi hiss olunur. O, şeirlərində öz lirik qəhrəmanının daxili aləmini şirin bir dillə “şərh” etmək qabiliyyətinə malikdir. N. Muradoğlunun məhəbbət mövzusunda qələmə aldığı şeirlərin həcmindən asılı olmayaraq, demək olar ki, hamısında təsvir və tərənnüm edilən bədii material, süjet real həyatdan götürülmüşdür:

 

Əllərin soyuqdur, soyuq qar kimi,

O vaxtın istisi, odu qalmayıb.

Öpüb oxşasan da ağ saçlarımı,

Bir ürkək baxışın dadı qalmayıb.

 

Və ya:

 

Yenə bahar gəldi ellərimizə,

Çiçəklər içində çiçək, gözəlim.

Bir çiçək dəstəsi göndərdim sizə,

Üstündə bir duyğu-ürək, gözəlim.

 

Heyranam Tanrının qurduğu işə,

Dodaqlar lalədir, gözlər bənövşə.

Nola qismətimiz bir yerə düşə,

Eşqin badəsini içək, gözəlim.

   Nizami Muradoğlu şeirlərində zəhmət adamlarının fədakarlığına, xalqımızın milli-mənəvi dəyərlərinə həmişə sadiq qalır. O, yaradıcılığında müasir həyatla səsləşən mövzulara da çox müraciət edir. Mövzu və janr etibarılə zəngin və rəngarəng olan Nizami Muradoğlu yaradıcılığında daha iki aspekt də diqqəti cəlb edir. Birinci cəhət xalqımızın sadə, zəhmətkeş təbəqəsinin, eləcə də ulularımızın müsbət mənəvi keyfiyyətlərinin tərənnümüdürsə,ikinci aspekt  insani duyğulardan uzaq olan yaltaqlığın, paxıllığın, var-dövlətə, pula hərisliyin, cəmiyyəti içindən yeyib-tökən rüşvətxorluğun və digər mənfi halların özünəməxsus bir şəkildə tənqididir:

Şil görüm, nəfsinə qul olanları,

Məramı, məqsədi pul olanları,

Alçaltdı ətəkdə dolananları,

Çox şükür, yetirir çörək, bəsimdi.

     N. Muradoğlu yaratdığı əsərlərində eyni zamanda klassik mədəniyyətimizə, dünya ədəbiyyatının ən yaxşı ənənələrinə söykənir. Sadə və həyati mövzuları mənalandırmaq, ona fərdi yaradıcılıq prizmasından yanaşmaqla, lirik vüsət aşılamaq və  müasirlik Nizami Muradoğlu yaradıcılığının mühüm cəhətləridir. Onun yaradıcılığında  bəşəri mövzular, xalqımızın son onilliklərdə həm mədəni, həm siyasi, həm də ictimai sahədə əldə etdiyi möhtəşəm yeniliklər, insanın mənəvi-psixoloji aləmi, Azərbaycan dilinə, mədəniyyətinə, mentalitetinə, əxlaq kodeksinə, onun milli-mənəvi dəyərlərinə hörmət əsas mövzulardandır. İstər lirik, istər epik, istərsə də dramatik əsərlərində Nizami Muradoğlu Azərbaycan dilinin sadiq keşikçisinə bənzəyir. O, yaradıcılığında dil məsələlərini, Azərbaycançılıq prinsiplərini daima diqqət mərkəzində saxlayan, yazdığı əsərlərdə dilimizin saflığı uğrunda mübarizə aparan azsaylı qələm sahiblərimizdəndir. Nizami Muradoğlunun əsərlərinin dili sadə, canlı və təbiidir. Bu baxımdan onun “Qıyma”, “Gedərəm”, ”Dünyanın”,”Ola bilməz”,”Dünya belə dünyadı”, “Azadlıq eşqinə”, “Ana torpaq”, “Turan dünyası” və s. şeirləri maraqla qarşılanır.O, bəzən yeri gələndə poetik ovqatını qafiyə və vəznlə ölçmür, öz fikirlərini sərbəst şeirlər vasitəsi ilə də ifadə edir. Bu cəhətdən  Nizami Muradoğlunun bütün növlərdə və janrlarda yaratdığı əsərlərdə ümumiləşdirmələr, bədii təsvir və ifadə vasitələri  güclü təsir bağşlayır, tez yadda qalır.

       Nizami Muradoğlu xalq ədəbiyyatına, klassik ədəbiyyata, milli soy-kökümü-zə, milli mədəniyyətimizə, klassiklərimizə hörmətlə yanaşan bir sənətkardır. Bu cəhətdən onun böyük ədib Hüseyn Cavid ailəsinə, onun nakam taleli oğlu Ə.Cavidə həsr etdiyi  “Bu dünyanın məzarları ağlamaz” poeması və “Hüseyn Cavid” mənzum dramı xüsusi maraq doğurur.

    “Bu dünyanın məzarları ağlamaz” poeması bütün Türk dünyasının böyük yazarı Hüseyn Cavidin nakam taleli oğlu, qısa ömründə, şair, bəstəkar və rəssam kimi tanınan Ərtoğrul Cavidin unudulmaz xatirəsinə həsr edilmişdir. Janrına görə lirik poema olan bu əsərdə Nizami Muradoğlu Ərtoğrul Cavidin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitablardan; o dövrün qəzet və jurnallarından, eləcə də ayrı-ayrı şəxslərin xatirələrindən oxuyub-bildiklərini öz şair təxəyyülünün  və düşüncəsinin süzgəcindən keçirərək orijinal bir formada oxuculara çatdıra bilmişdir.

     Ərtoğrul Cavidin həyat xronologiyasına əsaslanan – yəni onun anadan olmasından, qısa sürən həyat yoluna, yaradıcılığına və nəhayət, gözlərini əbədi yummasına qədər olan dövrü bədii lövhələrlə əks etdirən bu lirik poema 39 hissədən ibarətdir. Poemanın hissələri müxtəlif ovqatlı hadisələrə: Cavidlər ailəsində ilk övladın dünyaya gəlməsinə («İlk övlad»), Ərtoğrolun uşaqlıq illərinə («Cocuq»), rus ordusunun Azərbaycana gəlişinə («İşğal»), Cavidlər ailəsinin iki övladına («İki qönçə gül») represiya dövrünə («30-cu illər»), Hüseyn Cavidin Sibirə sürgününə və vəfatına («Sürgün», «Son nəfəs») Ərtoğrol Cavidin həyatının son  günlərinə («Armud ağacı», «Əcəl», «Ağrı», «Yas») və s. həsr olunduğundan, burada müəllifin deyim tərzi, təhkiyəsi də müxtəlifdir.

      Yaradıcılığı boyu H.Cavid şəxsiyyətinə olan dərin sevgi onu bu mövzuda başqa bir əsər- “Hüseyn Cavid” mənzum dramını yazmağa sövq edir. Müəllif Hüseyn Cavid və  onun ailəsi, repressiya qur­ban­ları, 30-cu illərin dəhşətləri haqqında oxuyub-öy­rən­diklərini, eşidib-bildiklərini təxəyyülünün süzgə­cin­dən keçirərək, «Hüseyn Cavid» mənzum dramında şai­rin bədii obrazını bütün incə çalarları ilə gös­tər­məyə çalışmışdır. N.Muradoğlu ilk dəfə olaraq Hüseyn Cavi­din Azərbaycanın müstəqilliyi uğrunda apardığı müba­ri­zənin maraqlı fraqmentlərini bədii şəkildə işıqlan­dır­mış, şairin azad duyğularını poetik dillə ifadə etmişdir. Əsərdə repressiyaya uğramış digər şairlərin-Əhməd Cavad, Mikayıl Müşfiq və onların xanım­ları olan Şükriyyə və Dilbər də bədii obrazı yaradılmışdır. Mənzum dramda o dövrün ictimai-siyasi mənzərəsi, 37-ci ilin ədəbi mühitinin qorxulu və qanlı olayları təsirli, real bədii boyalarla təsvir edilmişdir.

      Əsərdə H.Cavid əvəzsiz bir sənətkar, müdrik bir insan, bütün əzab-əziyyətlərə rəğmən yazıb-yaratmaqdan yorulmayan  mətin bir türk oğlu kimi təsvir edilir. Bu obraz oxucunun yaddaşında elə beləcə olduğu kimi - mərd, cəfakeş,  müdrik bir insan kimi qalır və əbədiyaşarlığın, ölməzliyin simvoluna çevrilir.

     Nizami Muradoğlu ədəbi aləmdə maraqla qarşılanan sonuncu əsəri “Baba ocağı” romanıdır. «Baba ocağı» janrına görə tarixi romandır. Əsərdə cərəyan edən hadisələr XX əsrin əvvəllərində, əsasən, Bakıda və Ordubadın Əylis kəndində  real həyatda baş vermiş əhvalatların fonunda təsvir edilir. Belə bir ziddiyyətlərlə dolu olan tarixi dövrü-erməni-müsəlman münaqişəsinin əsl mahiyyətini, onun törətdiyi ağır, qanlı-qadalı fəsadlarını  bədii əsərə gətirmək hər şeydən əvvəl, Nizami Muradoğlundan əsl vətəndaş yanğısı, sonsuz Vətən sevgisi tələb edirdi. Bu kitabın redaktoru mən olduğumdan romanı çox diqqətlə oxumuşam. Yeri gəlmişkən, romanın demək olar ki, bütün fəsillərinin də ilk oxucusu mən olmuşam.  Nizami  müəllim  “Baba ocağı” romanını yazanda onun  hansı hisslər keçirdiyinin canlı şahidiyəm. Bəzən səhər işə gələndə, bəzənsə iş zamanı öz kompüterinin qarşısında oturub romanı yazanda  onun solğun, bənizi qaçmış simasını görəndə hiss edirdim ki, o, romanda təsvir etdiyi qanlı-qadalı hadisələri bütün varlığı ilə duyur və onları yaşayır. Duyurdum ki, Nizami müəllim də bəhs etdiyi insanlarla-Rövşən, Selcan, Hacı Nəcəf, Hacı Qurbanəli, Bığ Abbas, Kəblə Əhməd, Aslan baba, Uzun Nəcəf, Dağ İbrahim, Bəyməmməd, Qafar kişi, Molla Nurməmməd, Məşədi Kazım, Alxan kişi, Mustafa kişi, Ması, Mirzə Tahir Əfəndi, Musa, Səlim, Qəssab Yaqub, Çayçı Pirverdi, Aşıq Məsum Tağı, Mirzə Rahab və b. ilə sanki müəyyən məqamlarda  xəyalən görüşüb danışır, onlarla birlikdə deyib-gülür, döyüşlərdə iştirak edir və ən nəhayət, onların ağrı-acılarını, əzablarını  da sanki onlarla  birlikdə çəkirdi...

        Nizami Muradoğlu  “Baba ocağı” romanında özünü həmişə “əzabkeş”, “yazıq”,”cəfakeş” kimi qələmə verən, əslində isə “vəhşilik”, ”nadanlıq” və “qəddarlıq” simvoluna çevrilmiş bir xalqın nümayəndələrinin-ermənilərin: Arakel, Qurd Ağamir, Hərtün, Sərkis, Mıkırtç, Keşiş Mikayıl, Telman, Sonya, Tamara, Haykanuş, Hayrik, Ayka və başqalarının da dolğun, eyni zamanda, qəddar, zalım,qaniçən və miskin obrazlarını da parlaq boyalarla, özlərinə məxsus erməni xisləti ilə, tipikləşdirərək yarada bilmişdir. 

       Romanı oxuduqca müəllifin təsvir etdiyi real insanlara, hadisələrə, məkanlara, yaşayış məskənlərinə yaxından bələdliyi açıq-aydın adamı heyrətləndirir. N.Muradoğlu romanda XX əsrin əvvəllərində, əsasən, Əylis kəndi və ətraf ərazilərdə baş verən qanlı qırğınları – ermənilərin təcavüzkar əməllərini və onların bu zorakılığının ağır nəticələrini reallığı ilə, detalları ilə canlandırmağa nail olmuşdur. Filologiya elmləri doktoru, S.Rzasoyun sözləri ilə desək, “çoxlu şeirlərin, poema və mənzun dramların müəllifi olan N.Muradoğlunun bu əsəri o birilərinə bənzəməz. “Baba ocağı” ürək ağrısı ilə yazıldı. Həm də bu ağrı təkcə yaddaş ağrısı deyildi. “Daş yuxular”ın gətirdiyi xəcalətin ağrısı idi... Sağ ol ki, vətən oğlu, “Baba ocağı”nı yaratdın və bizləri bu xəcalətdən qurtardın.” 

       Bu il-2015-ci il aprel ayının 2-də tanınmış şair-publisist, yazıçı-dramaturq və folklorşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Muradoğlunun  60 yaşı tamam oldu. Nizami müəllim ülvi, insani keyfiyyətləri özündə cəmləşdirən, “gəlimli-gedimli” qoca dünyanın hər bir guşəsində heç bir vaxt dəyişməyən, eləcə olduğu kimi də görünən və göründüyü kimi də olan xeyirxah bir insandır. Məhz bu insani keyfiyyətləri onu yaşından, vəzifəsindən və peşəsindən asılı olmayaraq bütün çağdaşlarının, müasirlərinin əziz dostuna, sirdaşına çevirmişdir.

     Nizami müəllim haqqında layiq olduğu çox sözlər yazmaq, onun şəxsiyyəti haqqında çox danışmaq olar. Ancaq elə buradaca bu yazıya son verib gözəl insan və əvəzsiz dost  olan Nizami müəllimə  Ulu Tanrıdan cansağlığı, yeni yaradıcı-lıq uğurları  və uzun ömür – ən azı yüz illik bir ömür payı arzulayırıq. Və  inanırıq  ki,  özünəməxsus usluba malik olan Nizami Muradoğlu  bundan sonra da tükənməz bir enerji ilə yazıb-yaradacaq, ədəbiyyatımızı dəyərli ədəbi nümunələrlə daha da zənginləşdirəcəkdir. 60 yaşın mübarək, əziz dostum və qardaşım! Allah nəsib etsin ki,100 yaşını bütün varlığınla sevdiyin döğma Əylis kəndində keçirək!

Tahir Orucov

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutunun                                                                                        

aparıcı elmi işçisi

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə