AYB.az saytı xəbər verir ki, aprel ayının 8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gənc Ədiblər Məktəbi dinləyicilərinin “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, şairə Fərqanə Mehdiyeva ilə görüşü keçirilib.

 

    Fərqanə Mehdiyeva 1981-ci ildən dövrü mətbuatda dərc olunur. “Çəkdiklərim mənə bəsdir”, “Deyirlər şirindi dünya”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” və başqa kitabların müəllifidir.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qonaqları salamladıqdan sonra Fərqanə Mehdiyevanı gənclərə təqdim edib: “Fərqanə xanım vaxtilə Gənclər Şurasının üzvü olub. O, gənc ədibləri çox sevir, gənclər də onu”.

    Görüşdə iştirak edən tənqidçi Əsəd Cahangir  “Poeziyamızın anası” deyə müraciət etdiyi Fərqanə Mehdiyevanın yaradıcılığı, şəxsiyyəti haqqında ürək sözlərini gənc ədiblərlə bölüşüb: “Fərqanə xanım adi həyat lövhələrini poeziyaya gətirir. Onun hər şeirində yeni bir mövzu açılır. Onun dili xəlqidir, sadədir, təbiidir, realdır, milli köklərə bağlıdır. Fərqanə xanımın bütün şeirləri milli bədii düşüncəmizin təndirindən bişib çıxıb”.

    Tədbirdə Gənc Ədiblər Məktəbinin katibi Emin Piri və digər üzvlər çıxış edərək  Fərqanə Mehdiyeva ilə görüşdən məmnun olduqlarını söyləyiblər, şairə bəzi sualları ünvanlayıblar.

    Görüşdə çıxış edən Fərqanə Mehdiyeva hal-hazırda ədəbiyyat yollarında ilk addımlarını atan gənclərə göstərilən qayğıdan bəhs edib, onlara yaradılan şəraitdən bəhrələnməyi tövsiyə edib, ədəbi proses haqqında öz fikir və düşüncələrini gənclərlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.

    Sonda Fərqanə Mehdiyeva görüşün keçirilməsinə yardım etdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, Gənc Ədiblər Məktəbinin dinləyicilərinə, qələm dostlarına təşəkkürünü bildirib.

 

AYB.az

Məlahət Qənbərova

 

   

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə