![]() |
![]() ![]() |
Təbrikin balacası, böyüyü olmur, yubilyarın balacası, böyüyü olur. Bəlkə də bu yazdıqlarımızla Anarın doğum gününə bir qədər gecikmişik. Bayram günlərinə təsadüf etdiyindən, qəzetimizin növbəti buraxılışı da gecikdi. Amma əsas məsələ bu deyil. Əsas odur ki, Azərbaycanda sadəcə hamının Anar kimi tanıdığı nəhəng bir yazıçı var. O yazıçının bir-birindən maraqlı roman, povest, hekayələri, yüzlərlə publisist məqalələri var. O yazıçının Azərbaycanın ictimai-siyasi həyatında çox böyük rolu olub və bu gün də var.
Məşhurlar heç də həmişə öz övladlarından yarımırlar. Amma rəhmətlik Rəsul Rza və Nigar Rəfibəylini bu mənada xoşbəxt valideyn hesab etmək olar. Ruhları şad olsun!
Anarın yaradıcılığı barədə saatlarla söhbət açmaq olar. Bu barədə onsuz da kıfayət qədər yazılıb. Hələ yazılacaq da. Çünki Anar gələcək nəsillərə kifayət qədər samballı əsərlər qoyub gedəcək. Və bura çatanda Tanrıdan millətimizin belə istedadlı bir oğluna ən azından 100 il ömür arzulayırıq!
Anar əslində Mirzə Cəlil bulağından su içən bir yazardır. Onun vaxtilə qələmə aldığı «Mola Nəsrəddin-66» kitabı hələ sovet dövründə çox böyük maraqla qarşılandı və qısa zamanda böyük tirajla satıldı. Sizlərdən hər biriniz həmin kitabda toplanan iri və kiçik həcmli əsərləri oxusanız, onların bu gün də öz aktuallığını saxladığının şahidi olacaqsınız.
Ümumiyyətlə, Anar kimsəyə bənzəməyən bir qələm sahibidir. Onun əsərlərindəki personajlar da öz spesifik-xüsusiyyətləri ilə fərqlənirlər. Təkrar edirik: bu əsərlərin hər birinin məziyyətləri ayrıca müzakirə mövzusudur və təsəllimiz görkəmli ədəbiyyatçıların həmin əsərlər barədə kifayət qədər söz açmalarıdır.
Nəhənglər həmişə zirvədə dayanarlar. Anar da ədəbiyyatımızın belə nəhənglərindəndir. Çox təəssüf ki, bəzən bənzərsiz və istedadlı yazıçımıza yersiz və ona yaraşmayan hücumların şahidi oluruq. Əlbəttə, hər kəs öz sözünü deməkdə azaddır və hərənin həyata öz baxış bucağı var. Sadəcə təəssüfləndirici cəhət odur ki, heç olmasa bircə dənə babat hekayə ortaya qoya bilməyənlər bir də görürsən Anarı hədəfə alıblar. Halbuki indi ədəbiyyat adamları sovet dövründəkindən yüz dəfə çox azaddırlar. Halbuki Anar kimi yazıçı hələ sovet dövründə öz sözünü deyən olub. Halbuki indi çap olunmaq problem deyil.
Anlaşılandır: belələri Anarı «tənqid etməklə» populyarlaşmaq, guya öz zövqlərinə görə çox yüksəkdə durduqlarını nümayiş etdirmək istəyirlər. Vallah, kənardan baxanda çox gülünc bir mənzərə göz önünə gəlir: sanki sərçə qartala hücum edir...
Bizə bu sətirləri yazdıran öz qəlbimizin diqtəsidir. Anarla da şəxsi tanışlığımız yoxdur. Bu, sıradan ona qarşı ümumxalq məhəbbətinin kiçik bir ifadəsidir. Ona görə də yüzlərlə Anarsevərlər adından əziz və istəkli yaziçımızı yubiley münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!
İnanırıq ki, Anar öz oxucularını hələ bundan sonra yeni əsərləri ilə çox sevindirəcək!
Natella Asena,
Mahir Nemətoğlu,
Mövlud Teymur,
Bəradər Səməndərli