Aprelin 4-də Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu ilə Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi  İdarə Heyətinin sədri Namiq Şahpələgov arasında görüş keçirlib. Görüşdə hər iki mərkəzin fəaliyyətinin əlaqələndirilməsi imkanları, bu imkanların layihələşdirlməsi, əməli işə keçməsi perspektivləri müzakirə edilib. Görüşün sonunda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi arasında Memorandum imzalanıb. Memorandum bir çox ortaq fəaliyyət istiqamətləri ilə yanaşı Rusiyada yaşayan azərbaycanlılara  rus mədəniyyətini  milli dildə tanıtmağı, çağdaş rus ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə, nəşr və təbliğ edilməsini, çağdaş Azərbaycan ədəbiyyatınıi rus dilinə tərcümə, nəşr və təbliğ etməyi, Rusiyada yaşayan azərbaycanlılar, Azərbaycanda yaşayan rusların arasında ardıcıl mədəni dialoqa nail olunmasına dəstək verilməsini, görüşlər və yaradıcılıq gecələri, dəyirmi masaların təşkil edilməsini də əhatə edir.

 

Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi  İdarə Heyətinin sədri Namiq Şahpələgov görüşdən və imzalanan sənəddən məmnun qaldığını, bu Memorandumun hər iki Mərkəzin fəlaiyyətinin ortaq və daha səmərəli nəticə verəcəyinə əminliyini ifadə edib: “ Heç şübhəsiz ki, bizim fəaliyyətimizi əlaqələndirməyimiz hər iki Mərkəzin gücünə gec qatacaq. Sonuc da isə bu xalqlarımızın mədəniyyətlərinin, ədəbiyyatlarının yaxınlaşmasına kiçik də olsa töhfə verəcəkdir. ”

Səlim Babullaoğlu bildirib ki, bu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin imzaladığı üçüncü beynəlxalq sənəddir: “Bundan əvvəl biz Serbiya Yazıçılar Birliyi ilə, Ukraynanın “Vsesvit” jurnalı ilə əməkdaşlıq sənədləri imzalamışdıq. Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi ilə imzaladığımız bu Memorandum bizim üçün xüsusilə qiymətlidir. Belə ki, indiyəqədər və uzun bir dönəm dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə çevrilməsi işi, ümumiyyətlə bizim dünya ədəbiyyatı ilə tanışlığımız daha çox Rusiya və rus dili vasitəsi ilə olub. Rus dili və Rusiya bizim üçün eyni zamanda öz milli ədəbiyyatımızı tanıtmaq üçün ən böyük imkanlardan və qapılardan olub. Rusiya bu gün də dünya ədəbi prosesinə ton verən bir istiqamətdir, yöndür, dövlətdir. Başqa tərəfdən Rusiyada milyondan artıq azərbaycanlı, həmvətənimiz yaşayır. Biz bütün bunları unutmamamlı, bu istiqamətdə işləməliyik. Namiq müəllimlə görüşdə biz bütün bunları bölüşdük, müzakirə etdik.Və nəticədə məlum Memorandumu imzaladıq. Lap yaxın zamanlarda əməkdaşlıq əlbəttə öz ilk və pozitiv nəticələrini verəcək”.

Aytən Heydərova

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə