![]() |
![]() ![]() |
Mart ayının 18-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı, publisist Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” kitabının imza mərasimi keçirilib.
“Mütərcim” nəşriyyatında çap olunan kitab Azərbaycan Yazıçılar Birliyinin aybKitab layihəsinin nəşridir. Layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri Xəyal Rzadır.
Kitabda yazıçının “Axirətdən gələn zəng” pyesi və iki hekayəsi yer alıb.
Təqdimat mərasimini giriş sözü ilə açan “Azərbaycan” dərgisinin baş redaktor müavini Əsəd Cahangir qonaqları salamladıqdan sonra Hüseynbala Mirələmovun yaradıcılığı haqqında danışıb: “Dramaturq, publisist, ictimai xadim Hüseynbala Mirələmov milli-vətənpərvərlik mövzusunda yazan yazıçıdır. O, 60-cı illərdən bu günə qədər “milli yazıçı” obrazını qoruyub saxlayıb. Hüseynbala Mirələmovun əsərlərinin bir qismini – “Xəcalət” povesti, “Dağlarda atılan güllə” romanı, “Partizan hərəkatı” ,“Ləyaqət” əsərlərini – “Qarabağnamə”, yaradıcılığını küll halında isə “Azərbaycannamə” adlandırmaq olar”. Daha sonra tənqidçi təqdim olunan kitab haqqında fikirlərini səsləndirib: “Mənfi mənada qlobal dəyərlərin gətirdiyi aşınmaya qarşı insanların mübarizəsi kitabın əsas qayəsini təşkil edir”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında Hüseynbala Mirələmovu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, kitab haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: “Hüseynbala Mirələmov ədəbiyyata çox yaxın olan, onu sevən, marağı olan bir insandır. O, qələmini müxtəlif janrlarda – nəsrdə, dramaturgiyada, publisistikada sınayıb”.
“Hüseynbala Mirələmovun əsərlərini oxumaq asandır. Onun eyni üslubu, düşüncə tərzi var. O, bütün əsərlərini səmimiyyətlə yazır, həyatı, dünyanı modelləşdirmir, simvollaşdırmır, gördüyü kimi qələmə alır. Müəllifin əsərlərində insan nə qədər qüsurlu hərəkət etsə də, onu pisləmək istəmirsən. Mühit, dinamika, fon o qədər aydın, dəqiq təsvir olunur ki, insanı yox, həyatı günahlandırırsan. Bu yazıçının böyüklüyüdür” – Bu fikirləri tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, professor Nizami Cəfərov səsləndirib.
Təqdimat mərasimində çıxış edən “Azərbaycan” dərgisinin baş redaktoru İntiqam Qasımzadə Hüseynbala Mirələmovu “Azərbaycan” dərgisinin ən fəal üzvü kimi dəyərləndirib: “Heseynbala Mirələmov çox işgüzar, fəal çalışan yazıçıdır. O, öz yaradıcılığında həyat həqiqətlərinə sadiq qalır, heç nə uydurmur”.
Tədbirdə Elçin Hüseynbəyli, Vaqif Yusifli, Balayar Sadiq, Ənvər Əhməd, Himalay Qasımov, Əli Rza Xələfli, Oqtay Rza, İslam Qəribli və başqaları çıxış edərək Hüseynbala Mirələmovun yaradıcılığından bəhs ediblər, müəllif haqqında öz ürək sözlərini söyləyiblər, təqdim olunan kitab haqqında təəssüratlarını bölüşüblər, yazıçıya yaradıcılıq uğurları arzulayıblar.
Sonda çıxış edən Hüseynbala Mirələmov tədbirin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, aybKitab layihəsinə görə Xəyal Rzaya, iştirakçılara minnətdarlıq edib, kitabını imzalayaraq oxuculara təqdim edib.
AYB.az
Məlahət Qənbərova