AYB.az saytı xəbər verir ki, mart ayının 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Savalan Talıblının “Kitab”ının imza mərasimi keçirilib.

 

    “Yazıçı” nəşriyyatında çap olunan “Kitab” adlı kitabın redaktoru Qılman İmandır. Savalan Talıblının “Kitab” adlandırdığı kitabında yer alan publisistik yazıları, görkəmli sənət adamları ilə radio müsahibələri, “Qayınana” hekayəsi yazarın peşə sənəti ilə bərabər, həm də onun müşahidələri, mütaliəsi əsasında mənəvi ehtiyacdan yaranmışdır.

    Tədbiri giriş sözü ilə  “Ulduz” jurnalının poeziya bölməsinin rəhbəri Fərqanə Mehdiyeva açaraq qonaqları salamladıqdan sonra Savalan Talıblının yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

    Şair, jurnalist Telli Pənahqızı çıxışında Savalan Talıblını yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, onu mövzunu əhatə eləmək bacarığına malik jurnalist kimi dəyərləndirib: “Müəllim üçün tələbəsinin kitab təqdimatı sevindirici haldır”.

    Tədbirdə şair Tahir Talıblı çıxış edərək Savalan Talıblıya – oğluna, onun timsalında gənc qələm sahiblərinə böyük sevgi, istedad, məsuliyyət hissi arzulayıb: “Mən Savalan Talıblının müsahibələrini şeir kimi oxudum. Onun yazıları müsahibə janrının ən yaxşı nümunələridir. Mən ona daha çox elm qazanmağı tövsiyə edirəm”.

    Təqdimat mərasimində Minaxanım Təkləli, Ramiz Əsgər, Yusif Mirzə, Elnur Baxış, Sevil Gültən, Mail Məmmədli, Kərəm Kürqıraxlı və başqaları çıxış edərək Savalan Talıblını ilk kitabının nəşr olunması münasibətilə təbrik ediblər, bu kitabın milli-mənəvi dəyərlərin qorunub təbliğ olunmasında oxucular üçün töhfə olacağını qeyd ediblər, müəllifə yaradıcılıq uğurları arzulayıblar.

    Mərasimin sonunda çıxış edən Savalan Talıblı imza gününün keçirilməsinə yaratdıqları şəraitə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkür edib, kitabını imzalayaraq oxucularına təqdim edib.

 

AYB.az

Məlahət Qənbərova        

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə