Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

 

Ədəbiyyat İnstitutunun və AMEA-da yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları” Komissiyasının birgə keçirdiyi tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu soyqırımını təkcə Azərbaycan xalqına deyil, bütünlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib. Azərbaycan xalqının ümummilli lideri Heydər ƏliyevinXocalı soyqırımına ilk dəfə tarixi-siyasi qiymət verdiyini xatırladan akademik İsa Həbibbəyli bu gün də dövlət rəhbərliyi səviyyəsində soyqırımı qurbanlarının xatirəsinin daima əziz tutulduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki səylərini qeyd edən İsa Həbibbəyli Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın 100-dən çox ölkəsində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Akademik bir çox ölkələrdə “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söyləyib.

AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” Komissiyasının fəaliyyətindən danışan akademik İsa Həbibbəyli soyqırımı tədqiqatları ilə bağlı görülən işlər haqqında da ətraflı məlumat verib. O, göstərilən istiqamətlər üzrə kitab və xəritələrin nəşri, tarixi mövzuda zəngin faktlarla əhatə olunan elmi məqalələrin xarici dillərə tərcümə olunaraq təbliğ edilməsinin ermənilərin uydurma “faktlar”a uyğun yaydıqları informasiyalara tutarlı cavab olduğunu vurğulayıb.

Sonra institutun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyevin “Həyatda və ədəbiyyatda Xocalı harayı” mövzusunda məruzəsi dinlənilib. Məruzədə 23 il əvvəl baş vermiş və kifayət qədər ciddi faktların mövcud olduğu Xocalı soyqırımının tanıdılmasının hüquqi aspeklərindən bəhs olunub.

Tədbir çərçivəsində Nurəngiz Günün “Xocalı simfoniyası” əsəri əsasında çəkilmiş sənədli film də nümayiş etdirilib.

 AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə