![]() |
![]() ![]() |
AYB.az saytı xəbər verir ki, fevral ayının 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Əli Cəfəroğlunun “Dənizçinin səyahəti” və “Aforizm çələngi” kitablarının imza günü keçirilib.
“Dənizçinin səyahəti” kitabında yazıçının son dövrlərdə yazdığı povest və hekayələri toplanmışdır. Povestdə Avropa və Asiyanın müxtəlif ölkələri haqqında maraqlı məlumatlar verilmiş, hekayələrdə isə doğma yurdumuza məhəbbət, vətənpərvərlik, keçmişimizə və milli-mənəvi dəyərlərimizə sevgi hissləri öz əksini tapmışdır.
“Aforizm çələngi” kitabında yazıçının müxtəlif illərdə qələmə aldığı aforizmləri toplanmışdır. Aforizmlərdə doğma yurda məhəbbət, vətənpərvərlik, tarixi keçmişə və milli-mənəvi dəyərlərə sevgi hissləri öz əksini tapmışdır.
Tədbiri giriş sözü ilə açan “Ulduz” jurnalının redaktor müavini, yazıçı Təranə Vahidqızı qonaqları salamladıqdan sonra Əli Cəfəroğlunun yaradıcılığı haqqında danışıb: “Əli Cəfəroğlu qələmini ədəbiyyatın müxtəlif sahələrində sınayıb. “Aforizm çələngi” kitabında toplanan aforizmlər onun ruhundan, qələmindən süzülüb”.
Təqdimat mərasimində İntiqam Qasımzadə, Qulu Ağsəs, Güləmail, Cığatel, Həyat Şəmi, Əkbər Qoşalı, Əhməd Mustafayev, Dayandur Sevgin və başqaları çıxış edərək təqdim olunan kitablar haqqında öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər, yazıçıya yaradıcılıq uğurları arzulayıbıar.
Tədbirin sonunda çıxış edən Əli Cəfəroğlu imza gününün keçirilməsində xidməti olanlara, iştirakçılara təşəkkürünü bildirib, kitablarını imzalayaraq oxuculara təqdim edib.
AYB.az
Məlahət Qənbərova