Beynəlxalq Muğam Mərkəzində Xeyrəddin Qocanın anadan olmasının 65, yaradıcılığının 45 illiyi münasibətilə yubiley gecəsi keçirilib.

AzərTAc xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin təşkilati dəstəyi ilə reallaşan ədəb-bədi gecədə ədibin çağdaş həqiqətlərə işıq salan bədii və publisistik yaradıcılığından geniş söz açılıb.

Mərasimdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov yubilyarın mənalı ömür yoluna nəzər salıb, onun milli maraqlarımızla səsləşən, vətəndaşlıq duyğularından qaynaqlanan ədəbi-bədii yaradıcılığından söz açıb. Bildirib ki, Xeyrəddin Qoca xalqa xidmətdə keçən şərəfli bir ömür yaşayaraq cəmiyyətdə layiqli nüfuz qazanıb.

Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, xalq şairləri Nəriman Həsənzadə və Zəlimxan Yaqub çıxış edərək Xeyrəddin Qocanın satirik-dramaturji yaradıcılığından, onun hədsiz səmimiliyindən, baməzəliklərindən söz açıblar.

Yubilyarın qəzetçilik və publisistik, ictimai-siyasi və diplomatik fəaliyyətindən danışan natiqlər Xeyrəddin Qocanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Xalq artisti Möhlət Müslümovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının müşayiəti ilə xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər Cabir Abdullayev, Təyyar Bayramov, Babək Niftəliyev, xanəndələr Elnarə Abdullayeva, Ehtiram Hüseynov, Güllü Muradova, İlkin Əhmədov və başqalarının ifasında səslənən muğam və xalq mahnıları gecəyə bədii əlvanlı qatıb.

Sonda Xeyrəddin Qoca mərasimin təşkilində zəhməti olanlara minnətdarlığını bildirib, bundan sonra da ədəbiyyatımıza yeni töhfələr bəxş edəcəyini söyləyib.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə