Ayb.az. saytı xəbər verir ki, dekabr ayının 26-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Qobustan” dərgisi redaksiya heyətinin müəllif və oxucularla görüşü keçirilib.

 

    Tədbiri giriş sözü ilə açan jurnalın baş redaktoru Vaqif Əlixanlı qonaqları salamladıqdan sonra dərginin yaranma tarixindən söz açıb: “45 ildir ki, “Qobustan” dərgisi həyatdadır. Dərgi ilk nömrələrindən ədəbi-ictimai mühitdə partlayış olub. Yarandığı illərdə dərgi haqsız hucumlara məruz qalıb”.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, “Qobustan” dərgisinin yaradıcısı və ilk baş redaktoru Anar çıxışında dərginin ilk yaradıcı heyətini yada salıb, rerdaksiya heyətinə uğurlar arzulayıb: ”Qobustan” dərgisi mənim cavanlığımdır, gəncliyimdir. Jurnal çox müqavimətlərə, təqiblərə rəğmən müəllif kollektivinin, redaksiya əməkdaşlarının birgə səyi ilə yaşadı”.`

    Rəssam Elçin Muxtar Elxan çıxışında “Qobustan” dərgisini keçmişi gələcəyə çatdıran bir işıq kimi xarakterizə edib, jurnalda açılmamış mövzuların ilk dəfə nəşr olunduğunu diqqətə çatdırıb.

    Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev “Qobustan” dərgisinin hər bir müəllifin öz üslubunu qoruyub saxladığını qeyd edib, dərginin xidmətlərini Azərbaycan ziyalısına verilən ən yüksək dəyər kimi səciyyələndirib.

    Fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel çıxışında “Qobustan” dərgisini xalqın içində olan bir dərgi kimi xatırlayıb,  onun Azərbaycan mədəniyyətinin, incəsənətinin müxtəlif  sahələrini əhatə etdiyini qeyd edib.

    Filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva “Qobustan” dərgisinin “ adı ilə özünü doğruldan” dərgi olduğunu diqqətə çatdırıb.

     Görüşdə Atababa İsmayıloğlu, Firuz Mustafa, İntiqam Qasımzadə, Sadıq Qarayev, Səhhət Veyisov, Vidadi Məmmədov, Tofiq Nurəli, Zakir Mirzəyev və başqaları çıxış edərək “Qobustan” jurnalının Azərbaycan ədəbiyyatı tarixindəki yerindən, nüfuzundan söz açıblar, belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıblar,  kollektivə yaradıcılıq uğurları arzulayıblar.

 

AYB.az.

Məlahət Qənbərova                    

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə