AYB.az saytı xəbər verir ki, dekabr ayının 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda jurnalist-şairə Azadə Talehin anadan olmasının 50 illiyi münasibətilə tədbir keçirilib.

 

    Azadə Taleh Abbasqızı  çoxlu sayda şeir kitabının, bir-birindən maraqlı publisistik yazıların müəllifi, “Borçalı” qəzetinin və eyni adlı jurnalın baş redaktoru, “Qafqaz-Media” İctimai Birliyinin sədridir.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca qonaqları salamladıqdan sonra yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

    Tədbirin aparıcısı şair Knyaz Aslan çıxışında Azadə Taleh Abbasqızının yaradıcılığı və ictimai fəaliyyəti haqqında danışıb, ixtisasca həkim olmasına rəğmən əsl vətəndaş, ziyalı olduğunu vurğulayıb, “Borçalı” qəzetindəki fəaliyyətini yada salıb.

     “Zirvə” ziyalılar təşkilatının sədri Minayə Dəyanət respublikanın ictimai işlərindəki müstəsna xidmətlərinə görə Azadə Talehə təşkilatın Diplomunu təqdim edib.

    Dağıstan Respublikasından təşrif buyuran Bikəxanım Əzizbəyova Dağıstan Jurnalistlər Birliyinin Fəxri Diplomunu Azadə Talehə təqdim edib.

    Azadə Talehə təqdim olunan hədiyyələr arasında Gürcüstanda fəaliyyət göstərən M.F.Axundovun ev muzeyinin təsis etdiyi “Xeyriyyəçi xanım” Diplomu və Gürcüstan-Azərbaycan dostluq əlaqələrinə verdiyi töhfəyə görə Fəxri Diplom da  var idi.

     Tədbir çərçivəsində Azadə Talehin 50 illik yubileyi münasibətilə nəşr olunan “Seçilmiş əsərləri”nin I cildi tədbir iştirakçılarına təqdim olunub.  

    Yubiley mərasimində çıxış edən xalq artisti Məleykə Abbasova, Gülxani Pənah, Oqtay Rza, Zərəngiz Qayalı, Eldost Bayram, Dilarə Nağıyeva, Dilşad Əliyeva və başqaları  tanınmış şairə, xeyriyyəçi, həkim, ziyalı xanım Azadə Talehin həyat və yaradıcılığından, ictimai fəaliyyətindən, gözəl insani keyfiyyətlərindən bəhs ediblər, onu yubileyi münasibətilə təbrik ediblər.

    Sonda çıxış edən Azadə Taleh 50 illik yubileyinin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib.

 

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə