Dmitro Drozdovski: " Səlim Babullaoğlu layihənin müəllifi və yaradıcı əlaqələndiricisi olub"

Ukraynada çıxan populyar “Vsesvit” (“Kainat”) jurnalının son nömrəsində Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidovun (Rəşad Məcid) “10 sentyabr” və ya “Taksist ponevole” (Zorən, yaxud biixtiyar taksi sürücüsü) hekayəsi Ukrayna dilində dərc edilib.

Taleyinə keçid dövründə, narahat vaxtda yaşamaq qisməti düşmüş adi insanın problemləri və sevincləri, insan, zaman və Azərbaycan haqqında bu hekayə ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə dərc edilib. Əsəri Azərbaycan dilindən Ukrayna dilinə M.Hüseynzadə və N.Xarçuk tərcümə ediblər.

Jurnalın növbəti, xüsusi buraxılışı müasir Azərbaycan ədəbiyyatına həsr ediləcək.

AzərTAc-ın xüsusi müxbiri bu nəşrin baş redaktoru, II və III Bakı beynəlxalq humanitar forumlarının nümayəndəsi Dmitri Drozdovski ilə görüşüb bir neçə suala cavab verməsini xahiş edib.

-Dmitri İqoreviç, xahiş edirəm deyin, sizin jurnalın xüsusi buraxılışına Azərbaycan yazıçı və şairlərinin hansı əsərləri daxil ediləcək?

-Zənnimcə, mətnlərin sayına görə Ukraynada indiyə qədər müasir Azərbaycan ədəbiyyatının belə antologiyası olmayıb. Bütün əsərlər Ukrayna dilinə yaxşı səviyyədə tərcümə olunub. Belə maraqlı əsərlərlə işləmək bizim üçün böyük məsuliyyət və eyni zamanda böyük sevinc deməkdir.

 

Biz bu layihədə İqor Pavlyuk və Lesya Mudrak kimi tanınmış Ukrayna şairlərini də iştiraka dəvət etdik, onlar tərcümələri bədii baxımdan daha da canlandırdılar.

 

“Poeziya” blokunda Azərbaycanın onlarca çox maraqlı şairləri, o cümlədən Əli Kərim, Vaqif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən, Oqtay Rza, Abbas Abdulla, Çingiz Əlioğlu, Hamlet İsaxanlı, Aydın Əfəndi, Adil Mirseyid, Səlim Babullaoğlu, Elxan Zal, Salam Sarvan, Qulu Ağsəs, Aqşin, Fərid Hüseyn və başqaları təmsil olunub. “Poetik vərəqlər” bölməsində ən gənc şairlərin yaradıcılığını təqdim edirik.

 

“Nəsr” blokunda Anarın “Dantenin yubileyi” və Elçinin “Stalinin ölümü” povestləri, Çingiz Abdullayev, Kamal Abdulla, Afaq Məsud, Əjdər Ol, Natiq Rəsulzadə, Elçin Hüseynbəylinin hekayələri, Məqsəd Nurun “Şəhər meri” kamera romanı, Rafiq Həşimovun, habelə müxtəlif ədəbi nəsrləri və estetik istiqamətləri təmsil edən digər çox maraqlı nasirlərin hekayələri dərc ediləcək. Ən başlıcası, bütün bu əsərlər Azərbaycan identikliyini, həyat fəlsəfəsini, gündəlik həyatın problemlərini adekvat şəkildə çatdıran keyfiyyətli ədəbi məhsullardır. Xüsusi buraxılışda Ukrayna oxucusunu Azərbaycan nəsri və poeziyası ilə tanış edən panoram xarakterli icmal materialları, o cümlədən Əsəd Cahangirin Azərbaycan nəsri haqqında, professor Cavanşir Yusiflinin Azərbaycan poeziyası haqqında məqalələri də yer alacaq.

 

-Siz azərbaycanlı həmkarlarınızdan kiminlə dostluq və yaradıcılıq əlaqələri saxlayırsınız?

 

-Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, istedadlı müasir şair və filosof-insan Səlim Babullaoğlu ilə çox səmimi münasibətlərimiz var. Jurnalımızın Azərbaycana həsr edilmiş xüsusi nömrəsinin hazırlanmasında göstərdiyi dəstəyə görə cənab Babullaoğluna minnətdaram. O, layihənin müəllifi və yaradıcı əlaqələndiricisi olub. Əvvəlcə mənə elə gəlirdi ki, biz bu cür geniş miqyaslı layihəni, üstəlik belə mürəkkəb şəraitdə reallaşdıra bilməyəcəyik. Lakin “Vsesvit” jurnalının 90 illiyi (15 yanvar 2015-ci il – AzərTAc) ərəfəsində biz müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışı çap edəcəyik. Jurnalın 90 illik tarixi ərzində biz ilk dəfə belə bir layihə həyata keçiririk.

 

Azərbaycan Yazıçılar Birliyi ilə səmimi münasibətlərimiz yaranıb. Zəmanəmizin heyrətamiz dərəcədə həssas və dərin ədibi Anara çox böyük hörmətim var. Məqsəd Nur və Rafiq Həşimova da hörmət bəsləyirəm. Onlarla Bakıda, beynəlxalq humanitar forumda tanış oldum. Azərbaycan yazıçılarının əksəriyyəti çox təmiz və işıqlı adamlardır.

 

-Xahiş edirəm, Azərbaycan səfirliyi ilə əməkdaşlığınız barədə danışın.

 

-Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi ilə bizim jurnalın dostluğu çoxdan, xüsusən cənab Eynulla Mədətli səfir olan vaxtdan başlanıb. O, Azərbaycan-Ukrayna dostluğunun möhkəmlənməsi, ölkəsinin ən yaxşı mədəni nailiyyətlərinin Ukraynada təmsil olunması üçün çox iş görür. Bu işi ürəkdən, sevə-sevə, keyfiyyətlə yerinə yetirir. O, heyrətamiz dərəcədə təmiz, xeyirxah insan, öz sahəsinin böyük peşəkarıdır. Yeri gəlmişkən, jurnalın xüsusi nömrəsi Azərbaycan səfirliyinin dəstəyi ilə nəşr ediləcək. Biz ölkənizin diplomatik nümayəndəliyinin dəstəyi ilə tanınmış Azərbaycan alimləri – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin və həmin institutun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinin müdiri, professor Vaqif Arzumanlının “Taras Şevçenko və Azərbaycan” adlı geniş məqaləsini Ukrayna dilində nəşr etmişik. Biz cənab səfirin məqaləsini də dərc etmişik.

 

Azərbaycanın diplomatik nümayəndəliyi bizim redaksiyanın əməkdaşlarını iki il Bakıda beynəlxalq humanitar forumda iştirak etməyə dəvət edib. Bu forum bütün dünya intellektuallarının diskussiya məkanıdır. Olduqca maraqlı bu yaradıcı-akademik məkanda aparıcı mütəfəkkirlər, alimlər, humanitar sahə mütəxəssisləri, təbabət, iqtisadiyyat, fizika sahəsində Nobel mükafatı laureatları iştirak edir.

 

-Bakı nə ilə yadınızda qalıb?

 

-Mən Bakı haqqında jurnalımızın səhifələrində dəfələrlə yazmışam. Azərbaycanın paytaxtı Avropa və dünya səviyyəli şəhərdir. Burada daim və sistemli şəkildə tikinti işləri aparılır. Gözəl memarlıq nümunələri, komfortabelli mehmanxanalar, səliqəli parklar və bağlar, tayı-bərabəri olmayan Bakı bulvarı göz oxşayır.

 

Bakı mənə bir tərəfdən Los-Ancelesi, bir tərəfdən Londonu, bir tərəfdən Sinqapuru xatırladır.

 

Azərbaycan özü regionda və postsovet məkanında şəksiz liderdir. Sizin ölkəniz neft ehtiyatlarından əldə edilən mənfəəti mədəniyyətə, sosial sahənin inkişafına və digər mühüm məsələlərə sərmayə qoymağa nail olub.

 

Bakıda olarkən mən özüm şahidi oldum ki, sizin xalqınızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın təbii sərvətlərini sabitlik mənbəyinə çevirməyə nail olub. Bu gün dövlətə müdrik rəhbərlik ənənələrini yüksək səviyyəli siyasətçi və yüksək mədəniyyətli insan olan Prezident İlham Əliyev inkişaf etdirir.


Müsahibəni qələmə aldı:

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə