![]() |
![]() ![]() |
AYB.az saytı xəbər verir ki, dekabr ayının 18-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, dramaturq, publisist Teyyub Qurbanın anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib.
Teyyub Qurbanın “Koreyalı döyüşçüyə” adlı ilk şeiri 1950-ci ildə “Pioner” jurnalının 12-ci sayında çap olunmuşdur. Şeirləri ayrı-ayrı xalqların dilinə tərcümə olunmuşdur. Teyyub Qurban “Mənim gəncliyim”, “Dostluğun gücü”, “Unudulmayan”, “Yanğı”, “El yolu”, “Gözəllik yarışı”, “Ömrün gənclik yazı”, “Dönməzlik”, “Sara”, “Məcra”, “Düşmənlərindən güclü şəxsiyyət”, “Müqəddəs məkanda Qüdsümüz vardır” və s. kitabların müəllifidir.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra Teyyub Qurbanı yubileyi münasibətilə təbrik edib, onun qələmə aldığı tarixə aid əsərləri tədqiqat əsərləri kimi dəyərləndirib, yubilyara hədiyyə təqdim edib.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova çıxışında Teyyub Qurbanın yaradıcılığından söz açıb, onun bədii əsərlərlə yanaşı tarixi, ictimai-siyasi mövzulara da müraciət etdiyini diqqətə çatdırıb: “Teyyub Qurban Dövlət arxivində siyasi sənədlər əsasında fundamental əsərlər yazır. Onun əsərlərindən professional tarixşünaslıqda istifadə olunur. Azərbaycanın tarixi şəxsiyyətləri – H.Z.Tağıyev, N.Nərimanov, M.C.Bağırov, M.Ə.Rəsulzadə haqqqında qələmə aldığı əsərlər onun yaradıcılığının şah əsərləridir. Teyyub Qurban şərəfli və ləyaqətli ömür yaşayıb”.
Tədbirin aparıcısı, “Teyyub Qurban-80 Biblioqrafiya” kitabının müəllifi, M.F.Axundov adına Milli Kitabxananın əməkdaşı Mədinə Vəliyeva çıxışında tərtib etdiyi kitab haqqında, həmçinin Teyyub Qurbanın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbir çərçivəsində Teyyub Qurbanın “Bir kərə yüksələn bayraq” kitabı da iştirakçılara təqdim olunub. Kitaba müəllifin 1990-cı ildən bəri Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi şeirlər, “Bir kərə yüksələn bayraq” adlı dram əsəri və məqalələr daxil edilib.
Yubiley mərasimində çıxış edənlər fədakar ziyalı, tədqiqatçı, tanınmış şair və ictimai xadim Teyyub Qurbanın həyat və yaradıcılıq yolundan bəhs ediblər, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıblar.
Sonda çıxış edən Teyyub Qurban 80 illik yubileyinin keçirilməsində əməyi olanlara, iştirakçılara öz təşəkkürünü bildirib.
AYB.az
Məlahət Qənbərova