Görkəmli siyasi xadim, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin “Avrasiyanın ürəyində” kitabı Azərbaycan dilində nəfis tərtibatla çap edilib.

Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən nəşr edilən kitabı dilimizə Elxan Zal və İbrahim İlyaslı çevirib.

Azərbaycan dilində nəşr olunan kitaba yazılmış “Ön söz”ün müəllifləri Qazaxıstanın ölkəmizdəki səfiri Amangəldi Jumabayev və Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardır.

Kitabın redaktorları Dilman Musayev, Səlim Babullaoğlu və Ramiz Məşədihəsənlidir.

Mahmud Kaşğari Fondunun rəhbəri, tanınmış şair və tərcüməçi Elxan Zal Qaraxanlı AzərTAc-a bildirib ki, “Avrasiyanın ürəyində” N.Nazarbayevin Azərbaycan dilində nəşr olunan ikinci kitabıdır. Onun “Qazaxıstan yolu” adlı kitabı fondumuz tərəfindən 2011-ci ildə nəşr edilib və oxucular tərəfindən rəğbətlə qarşılanıb.

“Avrasiyanın ürəyində” kitabı Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin quruculuğundan bəhs edir. Tərcüməçilər əsərin keyfiyyətli alınması üçün əllərindən gələni ediblər. Tanınmış jurnalist, “Bakinskiy Raboçi” qəzetinin əməkdaşı Dilman Musayev, AYB Bədii Tərcümə və Əlaqələr Mərkəzinin direktoru, tanınmış şair-tərcüməçi Səlim Babullaoğlu kimi peşəkar mütəxəssislərin bu işdə redaktor kimi iştirakı tərcümənin keyfiyyətini daha da artırıb. Hesab edirəm ki, bu kitab xalqlarımız arasında gündən - günə genişlənən siyasi, iqtisadi və mənəvi dostluq əlaqələrinin daha bir parlaq nümunəsidir.

O, kitabın işıq üzü gəlməsinə göstərdiyi köməyə görə Qazaxıstan Azərbaycandakı səfirinə təşəkkürünü bildirib.

Qeyd edilib ki, kitabın dekabrın 15-də Qazaxıstanın ölkəmizdəki səfirliyi tərəfindən təqdimatı keçiriləcək.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə