![]() |
![]() ![]() |
AYB.az saytı xəbər verir ki, noyabr ayının 27-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Türkiyədən qonaq gələn şair Osman Başın “Xarı bülbül” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Vektor” Beynəlxalq Elm Mərkəzinin rəhbəri Elçin İsgəndərzadə Osman Başın yaradıcılığı haqqında iştirakçılara məlumat verib, şairin Orxan Şaik Gökyay şeir mükafatına layiq görüldüyünü diqqətə çatdırıb: “Qüdrətə bax, ilahi! Sən qələmə aldığın bu kitabla məni 20 ildən artıq həsrətini ürəyimdə, qoxusunu burnumda, gözəlliklərini gözümdə qovrula-qovrula daşıdığım və hər gün aramızda ayrılıq məsafəsinin uzandığı Qarabağımla, Şuşamla, Cıdır Düzümlə, Xarı bülbülümlə mənən qovuşdurdun, fiziki qovuşacağımıza inamımı sonsuzadək artırdın”.
Xalq şairi Sabir Rüstəmxanlı çıxışında Osman Başı özünəməxsus üslübü, dünyaya xüsusi baxışı olan, yaradıcılığında konkret faktlarla danışan, türk dünyasını sevən, onun gözəlliklərini görən bir şair kimi dəyərləndirib.
Təqdimat mərasimində Nayil Tan, Kəmaləddin Qədim, Dursun Əlmde, Yasəmən Meydan, Əsəd Cahangir, Əli Şamil, Fəridə Ləman, Abbas Abdulla, Bədrəddin Güləş və başqaları çıxış edərək təqdim olunan kitabı Türkiyədə Azərbaycana, Qarabağa duyulan sevginin, həsrətin göstəricisi kimi qiymətləndiriblər, müəllifin yaradıcılığından bəzi nümunələri səsləndiriblər.
Sonda çıxış edən Osman Baş tədbirin keçirilməsində xidməti olanlara, iştirakçılara təşəkkürünü bildirib, kitabını imzalayaraq oxuculara təqdim edib.
AYB.az
Məlahət Qənbərova