AYB.az saytı xəbər verir ki, noyabr ayının 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Altay Hüseynlinin “Slevin” kitabının imza günü keçirilib.

 

    Altay Hüseynli Heydər Əliyev adına litseyin X sinfində təhsil alır. “Mütərcim” nəşriyyatında işıq üzü görən “Slevin” kitabı müəllifin ilk qələm məhsuludur.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu qonaqları salamladıqdan sonra Altay Hüseynlinin təqdim olunan kitabı haqqında iştirakçılara məlumat verib, istedadlı bir yeniyetmənin ilk romanının araya-ərsəyə gəlməsindən şad olduğunu söyləyib: “Romanda təhkiyə və üslüb baxımından bəzi nöqsanlar, həmçinin müəllifin təcrübə nöqteyi-nəzərindən nəzərə almadığı məsələlər var”.

     İstənilən bir gənc haqqında deyilən sözləri avans kimi dəyərləndirən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında Altayın yaşına uyğun maraqlı təxəyyülü, süjet qurma bacarığı olduğunu qeyd edib, ona gələcək yaradıcılığında bəzi məsləhətləri verib: “Sən özün üçün bir konsepsiya yarat, hansı janrda yazmaq istədiyini ayırd elə. Mən hiss etdim ki, romantik məcaraçılıq janrı sənə daha yaxındır”.

    “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli çıxışında bugünkü tədbirin Altayın həyatında ciddi bir təkan olacağını qeyd edib. Roman haqqında fikirlərini bölüşərkən o, müəllifin nağıl janrından çıxa bilmədiyini, hadisələri nağıl şəklində qələmə aldığını söyləyib.   

    Professor Çingiz Abdullayev təqdimat mərasiminin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür edib, Altay Hüseynlini ilk kitabının nəşri münasibətilə təbrik edib, gələcəkdə bütün bunları xatirə kimi xatırlayacağını deyib.

    Kulturoloq-yazıçı Aydın Xan gənc müəllifə uğur diləyib, gələcəkdə Azərbaycan insanlarını düşündürə biləcək hadisələri ədəbiyyata gətirməyi tövsiyə edib.

    İmza günündə Elçin Hüseynbəyli, İntiqam Qasımzadə, Qulu Ağsəs, Nəcibə Bağırzadə, Xəyal Rza, Aytən Heydərova çıxış edərək gənc müəllifi ilk romanının işıq üzü görməsi münasibətilə təbrik ediblər, roman haqqında fikir və düşüncələrini iştirakçılar ilə bölüşüblər, gənc yazara məsləhətlərini veriblər.

    Sonda çıxış edən Altay Hüseynli ona göstərilən diqqət və qayğıya gərə hamıya öz təşəkkürünü bildirib.  

Məlahət Qənbərova
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə